• Ana səhifə / Manşet

Xəbər lenti

“Qız uşaqları şantaja görə intihar edir” – Hüquq müdafiəçisi (MÜSAHİBƏ)


Tarix 18.03.16, 9:27


“Uşaq valideyn üçün əşya, şəxsi mülkiyyət kimi istifadə predmetinə çevrilməməlidir”.


Femida.az “De-yure” layihəsini davam etdirir.

Bugünkü müsahibimiz Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyevdir.

Müsahibəni oxuculara təqdim edirik:

- Kimə uşaq deyilir?

- BMT-nin uşaq hüquqları konvensiyasının birinci maddəsində birmənalı olaraq göstərilir ki, 18 yaşına çatmamış hər kəs uşaq sayılır. Amma eyni zamanda müstəsna hal kimi qeyd olunur ki, dövlətlər daxili qanunvericiliklərinə uyğun olaraq fərqli uşaqlıq yaşı müəyyən edə bilərlər. Azərbayacnda 1998-ci ildə uşaq hüquqları ilə bağlı qanun qəbul edildi və həmin qanunda da göstərilir ki, 18 yaşına çatmamış şəxslər uşaq hesab edilir. Lakin nəzərə almaq lazımdır ki, uşaqlıq dövrünün özü də bir neçə dövrə bölünür. Bu dövrlərə körpəlik, yetkinlik, yeniyetməlik dövrlərini aid edə bilərik. Ümumilikdə, beynəlxalq təcrübədə uşaq anlayışından istifadə olunur”.



- Valideyn öz övladının tərbiyəsi ilə istədiyi kimi məşğul ola bilər?

- Bildiyimiz kimi, insanlar iki yolla hüquqlar əldə edir: Təbii anadangəlmə və sonradan qazanılmış hüquqlar. Valideynlərin uşaqlar üzərində həm valideynlik hüququ, həm də vəzifələri var. Uşaqlarla rəftar məsələsində beynəlxalq sənədlər valideynin hüquqlarını tanımaqla yanaşı, bir çox məhdudiyyətlər də önə çəkir. Belə ki, uşaq valideyn üçün əşya, şəxsi mülkiyyət kimi istifadə predmetinə çevrilməməlidir. Valideynlər valideynlik hüquqlarını həyata keçirərkən vəzifələrinin də unutmamalıdırlar”.

- Uşaqların valideynləri tərəfindən dini cərəyanlara cəlb edilməsi uşaq hüquqlarına ziddirmi?

- Valideynlərin düşüncəsi, cəmiyyətə yanaşması müxtəlif cür ola bilər. Amma bu məqamda valideynin düşüncəsindən, yanaşma tərzində çox həmin düşüncə və yanaşmanın uşaqların həyatına nə dərəcədə təsir edib-etməyəcəyinə diqqət yetirilməlidir. Bizim qanunvericiliyə görə, uşaqların öz sərbəst fikirlərini bildirmək hüququ 10 yaşından başlayır. 14 yaşından etibarən isə uşaqların məhkəmələrə müraciət etmək imkanları yaranır. Buna görə də hesab edirəm ki, 10 yaşından aşağı uşaqların iradəsinə zidd olaraq nəyəsə məcbur edilməsi yolverilməzdir. Bura həm dini, həm də digər zərərli vərdişlər nəzərdə tutulur. Din azad seçimdir. Hər kəsin dini etiqad azadlığı var. Heç kəs məcburi surətdə hansısa dinə etiqad etməyə sövq edilə bilməz. Kiçik yaşlarından uşaqların nəyəsə məcbur edilməsi yolverilməzdir. Belə bir fakt varsa, deməli zorakılıq faktı var və uşaq hüquqları kobud surətdə pozulur. Mən onun əleyhinə deyiləm ki, uşaqlarımıza kiçik yaşlarından yaşadığımız cəmiyyətin qaydalarını öyrətməyək. Biz uşaqlarımıza cəmiyyətin qaydalarını öyrətməliyik. Ancaq bu, uşaqların həyat tərzinə çevrilməməlidir. Bu, uşağın aqressiv ruhda böyüməsinə şərait yaratmamalıdır. Bu, uşaqların təhsil almasına mane olmamalıdır. Bir sözlə, müəyyən yaş həddinə çatana qədər uşaqların seçimlərinə müdaxilə etmək yolverilməz haldır”.



- Başörtülü formada qız uşaqlarının məktəbə getməsinə qanunla hər hansı qadağa var?

- Əvvəlcə qeyd edim ki, insanların sərbəst surətdə geyim azadlığı var. Lakin nəzərə almaq lazımdır ki, bu ifrat formaya çevrilməməlidir. Məsələn, mən baş örtüsündən çox, açıq-saçıq geyinən qızlara rast gəlirəm. Nəinki şagirdlər, hətta müəllimələr də belə geyimlərə üstünlük verirlər. Fikirləşirəm ki, ortaq yanaşma olmalıdır. Baş örtüsü müzakirə predmetinə çevrilməməlidir. Hesab etmirəm ki, hansısa birinci sinif şagirdi öz fikri ilə qapalı geyinib məktəbə gəlsin”.

- Yəni qadağa yoxdur?

- Əlbəttə ki, başörtülü məktəbə gəlməklə bağlı hansısa qadağa yoxdur. Lakin məktəblərin xüsusi geyim formaları olur. Azərbaycan dünyəvi dövlətdir. Bu, bizim konstuitusiyamızda öz təsbitini tapıb. Biz geyim üzərində fokuslanmamalıyıq. Biz təbliğ edirik ki, qızlarımız təhsil alsın, gələcəyin anaları təhsilli olsun. Bir daha qeyd edirəm geyim formaları ilə bağlı qanunvericilikdə hansısa məhdudiyyət yoxdur. Qeyd etmək lazımdır ki, xüsusi ixtisaslaşmış məktəblər ola bilər ki, xüsusi geyim forması tələb olunsun”.

- Bakı kəndlərindəki uşaqların vəziyyəti ilə maraqlanırsınız?

- Bəli, imkan daxilində..

- Nardaranda uşaqların məktəbdən yayınmalarından xəbərdarsınızmı?

- Nardarandakı uşaqların vəziyyətini əks etdirən videoları mən də izləmişəm. Bu, məndə çox böyük təəssüf hissi doğurdu. Görünür ki, həmin kənddə dünyəvilikdən daha çox dini məsələlərə önəm verilir. Bu, yanlış yanaşmadır. Uşaqların məktəbdən uzaqlaşdırılmasına haqq qazandırmaq olmaz. Bu kimi hallar sözsüz ki, uşaq hüquqlarının pozulması faktıdır. Düşünürəm ki, uşaqlarımız öz hüquqları ilə bağlı doğru və düzgün məlumatlandırılmalıdır. Öz hüquqlarını bilən başqasının da hüquqlarına hörmətlə yanaşır. Öz hüquqlarını bilən şəxs öz vəzifələrini də dərk edir. Ölkəmizdə valideyn bacarıq mərkəzləri yaradılmalıdır. Avropada belə mərkəzlər var. Məsələn, Avstriyada olan belə mərkəzlərdə valideynlərə uşaqlarla davranış formaları aşılanır. Maraqlı məqam ondan ibarətdir ki, bu təlimdə iştirak edən valideynlərə aylıq qanorar da verilir. Yəni dövlət valideynləri uşaqların tərbiyəsi ilə bağlı bir növ həvəsləndirir.



- İnternet klublarda gecələyən uşaqlardan yəqin ki xəbərdarsınız...

- Uşaqların hüquqlarının, mənafeyinin qorunmasında ikinci rol dövlətə məxsusdur. Uşaq hüquqlarının müdafiəsində dövlət mexanizmləri mövcuddur. Dövlət uşaqların mənafeyinin qoruyucusudur. Yəni bunu belə başa düşmək olar ki, valideyn öz övladlarının hüquq və mənafelərini təmin edə bilmirsə, dövlət məsələyə müdaxilə edir. Uşaqlar heç vaxt öz taleləri ilə baş-başa buraxılmamalıdır. Çox təəssüf ki, bəzi hallarda uşaqların çətin həyat şəraiti ilə üz-üzə qaldığının şahidi oluruq. Bu, təbii ki, yolverilməz haldır. Uşaqların ağır şəraitdə yaşaması bir növ onların cəmiyyətdən küsməsinə gətirib çıxarır. Həmin uşaqları cəmiyyətimiz üçün yararlı vətəndaşa çevirə bilərik. Uşaqların valideyn himayəsindən məhrum olaraq çətin və ağır vəziyyətdə yaşaması heç də onların öz günahı deyil. Uşaq hüquqları konvensiyası birmənalı olaraq vurğulayır ki, uşaq üçün ən əlverişli mühit ailə mühitidir. Heç bir dövlət müəssisəsi uşaqlar üçün ailə mühitini əvəz edə bilməz. Bu məqamda dövlət qurumları həmin uşaqlar üçün əlverişli bir mexanizm formalaşdırmalıdır. Biz ağır şəraitdə yaşayan uşaqları qorumaqla həm də öz cəmiyyətimizi qorumuş oluruq.

- Uşaqların övladlığa götürülməsi zamanı uşaq hüquqlarına əməl olunurmu?

- Hazırda övladlığa götürmə proseduru ilə bağlı məni narahat edən məqamlar var. Düşünürəm ki, övladlığa götürmə ilə bağlı vahid məlumat bazası sistemi olmalıdır. Mən bunu müxtəlif tədbirlərdə təklif kimi də irəli sürmüşəm. Bu gün Azərbaycanda 3 yaşadək uşaqların övladlığa götürülməsi Səhiyyə Nazirliyi, 3-18 yaş arası uşaqların övladlığa götürülməsini Təhsil Nazirliyi, əcnəbilər üçün isə Ailə, Qadın və Uşaq məsələləri üzrə Komitəsi tərəfindən həyata keçirilir. Düşünürəm ki, uşaqların övladlığa götürülməsi onlayn formada həyata keçirilsə, bu sahədə ciddi bir irəliləyiş əldə oluna bilər. Bu prosesi ASAN xidmət mərkəzləri vasitəsilə həyata keçirmək daha uğurlu addım olar. Bəzən övladlığa götürmə məsələləri ilə məşğul olan komissiya uşağın övladlığa götürülməsi müqabilində əlavə nə isə tələb edir. Düşünürəm ki, övladlığa uşaq götürmək istəyən bir şəxsdən əlavə nəsə tələb olunmamalıdır. Övladlığa götürmə ilə bağlı təkcə valideynin maraqlarını yox, həmçinin uşağın da maraqlarını ön plana çəkmək lazımdır. Uşağın da seçim hüququ var. Ola bilər ki, uşağın hansısa idman növünı xüsusi maraq var, lakin onun gəldiyi ailədə həmin idman növünə nifrət var. Deməli, uşağın maraqları pozulur. Bir sözlə, övladlığa götürmə prosesində uşaqların maraqlarına hörmətlə yanaşılmalıdır.

- Uşaqların məcburi əməyə cəlb olunması halları artmaqdadır. Bu sahədə hansı qabaqlayıcı tədbirlər görülməlidir?

- Bəzi biznes qurumları uşaqları əməyə cəlb edir. Konstitusiyamıza əsasən, 15 yaşına çatmamış uşaq əməyə cəlb oluna bilməz. Həmin biznes qurumları bildirirlər ki, onlar bunu uşağa dəstək olmaq üçün edirlər. Lakin bu, birmənalı qəbul oluna bilməz. Əgər həmin biznes qurumu ailəyə kömək etmək istəyirsə, bu köməyi başqa cür etməlidir. Kiçik yaşlı uşağın əməyə cəlb edilməsi onun ailəsinə dəstək yox, həmin uşağın gələcəyinin məhvi üçün atılmış addımdır.



- Ölkəmizdəki məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətini qənaətbəxş hesab etmək olar?

- Ölkədə ən aktual problemlərdin biri də uşaqların məktəbəqədər təhsili ilə bağlıdır. 2006-cı ildə dövlət məktəbəqədər uşaq müəssisələrinin özəlləşdirilməsi ilə bağlı sərəncam verildi. Bununla da Bakı və regionlarda yerləşən bir çox məktəbəqədər uşaq müəssisələri özəlləşdirilməyə başladı. Əslində özəlləşmə müsbət haldır və bazar iqtisadiyyatının əsas tələblərindəndir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu addım uşaq hüquqlarının pozulmasına gətirib çıxardı. Özəlləşdirilən həmin məktəbəqədər təhsil müəssisələri öz təyinatı üzrə işləmədi. Sərəncamda birmənalı olaraq göstərilirdi ki, özəlləşdirilən məktəbəqədər təhsil müəssisələri heç bir halda öz təyinatını dəyişə bilməz. Bizim qanunvericilikdə belə bir müddəa var ki, özəlləşdirilmiş müəssisələr 3 ildən sonra təyinatını dəyişə bilər. Özəlləşdirilən məktəbəqədər təhsil müəssisələri 3 il fəaliyyətsiz qaldı, sonra isə başqa məqsədlər üçün istifadə edilməyə başladı. Çox təəssüf ki, özəlləşdirilən uşaq bağçaları sonrada öz təyinatı üzrə işləmədi. Bəzi uşaq bağçalarının ödənişləri isə bir çoxları üçün əlçatmaz oldu. Bu isə həmin ərazidə yaşayan ailələr üçün ciddi problemlər yaratdı. Nəzərə almaq lazımdır ki, kiçik yaşlardan məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuş uşaqlar cəmiyyət üçün daha yararlı olur. Bu gün təhsilimizdə mövcud olan kurrikulum sistemi şagirdlərdən böyük çeviklik tələb edir. Bu sistemə ayaq uydurmaq üçün uşaqların məktəbəqədər təhsil müəssisələrinə getməsi labüddür. Hazırda ödənişsiz dövlət məktəbəqədər təhsil müəssisələr mövcuddur. Lakin həmin müəssisələrdə sıxlığın müşahidə olunduğunu deyə bilərik. Bütövlükdə ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətini qənaətbəxş hesab etmək olmaz.



- Son günlərin ən aktual məsələlərindən biri yetkinlik yaşına çatmayan qız uşaqlarının intihara cəhd etmələri ilə bağlıdır. Yetkinlik yaşına çatmayan şəxslər niyə intihara cəhd edir?

- Təəssüflə qeyd etməliyik ki, sözügedən məsələ ilə bağlı faktların ciddi şəkildə artdığını müşahidə edirik. Uşaqların intihar etməsində çox fərqli yanaşmalar var.Bir çox hallarda görürük ki, intihar edən uşaqların maddi durumu, təhsil səviyyəsi çox yaxşıdır. Bu zaman artıq iki əsas nüans ortaya çıxır: uşaqların psixoloji vəziyyəti və valideynlərin uşaqlara olan münasibəti. Hazırda uşaqların internetə çıxışı çox asanlaşıb. Uşaq internetə qoşulmaqla intihar videolarına baxır və bu, onlar üçün adi bir şey kimi görünür. Düşünürəm ki, uşaqların internetdən istifadə etmələri ilə bağlı zəruri addımlar atılmalıdır. Bu gün uşaqların əksəriyyətində internetə girişi olan telefonlar var. Bu, qəti olaraq yolverilməz haldır. Valideynlərin bir çoxu bunu onunla əlaqələndirir ki, onlar öz övladları ilə əlaqə saxlamaq istəyirlər. Əgər valideynlər övladları ilə əlaqə saxlamaq istəyirsə, övladları üçün sadə və internetə girişi olmayan telefonlar alsınlar. Biz demirik ki, internetə giriş qadağan olsun. Biz bildirmək istəyirik ki, uşaqlarımız internetin zərərli təsirlərindən uzaq dursunlar. Dünya praktikasında gənc qızların intiharının əsas səbəbi şantaj amili ilə əlaqələndirilir. Yəni qız uşaqlarının xoşagəlməz videosu, açıq-saçıq şəkilləri çəkilir və bu kadrlardan həmin qız uşaqlarına qarşı istifadə edilir. Nəticədə, qız uşaqları intihar yolunu tuturlar.

- Uşaqların məktəbdənkənar istirahət və asudə vaxtların keçirmələri üçün ölkəmizdə əlverişli şərait varmı?

- Asudə vaxtın təşkili uşaqların inkişafında vacib amillərdən biridir. Bununla bağlı müəyyən uğurlarımz olsa da, müəyyən çətinliklərimiz də var. Təəssüf ki, bəzi hallarda uşaqların asudə vaxtlarının keçirilməsi üçün nəzərdə tutulmuş yerlər kommersiya məqsədilə istifadə edilir. Burada ilk növbədə uşaqların hüququ pozulur. Digər tərəfdən isə həmin ərazilərdə çayxana, və digər əyləncə mərkəzlərinin açılması uşaqları zərərli vərdişlərə cəlb edir. Uşaqların asudə vaxtlarını keçirmək üçün yerləri olmadıqda onlar evə qapanaraq internetdə vaxt keçirməyə üstünlük verirlər. Bununla da uşaqlar digər zərərli vərdişlərə sövq edilir.



- Valideynlərə nələri tövsiyə edərdiniz?

- Valideyn olmaq böyük məsuliyyətdir. Mən özüm də bir valideynəm. Bəzən biz çox asanlıqla məsləhət verə bilərik. Lakin bunu praktikada tətbiq etmək bəzə çox çətin olur. Valideynlərdən tələb olunan ən mühüm keyfiyyət dözüm və səbrdir. Valideynlər uşaqlarla mümkün qədər çox ünsiyyətdə olmalıdırlar, uşaqların fikirlərini, maraqlarını nəzərə almalıdırlar. Və nəhayət, təklif edərdim ki, valideynlərimiz vaxtında psixoloqlara, mütəxəssislərə müraciət etsinlər. Uşaqlar bizim həm bugünümüz, həm də gələcəyimizdir...Hər bir valideyni bu amal uğrunda yaşamağa səsləyirəm.

Ceyhun Əhmədli

Xəbərin oxunma sayı : 6553










img

Nəbatat Bağında böyüyən `Nazpəri` – VİDEOREPORTAJ

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img