“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə


14:30     14 Aprel 2016 lacinli%20sakir7.jpg

“Laçın təxribat nəticəsində işğal edildi”


Femida.az Qarabağ müharibəsində vuruşan və erməni cinayətlərinin birbaşa şahidi olmuş, həmin dövrü yaşamış şəxslərlə layihəsini davam etdirir. Müsahibimiz 54 gün Kəlbəcər və Laçında mühasirədə qalan və böyük əziyyətdən sonra xilas olan Qarabağ müharibəsinin canlı şahidi Şakir İsgəndərovdur.

Müsahibimizi öz dilinizdən tanıyaq.

- 1958-ci ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olmuşam. Əslimiz , kökümüz Laçındandır. 1975-ci ildə orta məktəbi bitirdikdən sonra Bakıya gəldim və burada fəhlə işlədim. 1977-1979-cu illərdə Rusiyanın Çita şəhərində hərbi xidmət keçdikdən sonra Bakıya qayıtdım. Həmin illərdə zavodda fəhlə işləyirdim. Ali məktəbə daxil olmaq istəsəm də alınmadı. Həm Laçına gediridim, həm də Bakıda işləyirdim. Günlərimiz yaxşı keçirdi. Ta ki, ermənilər bu təbliğatlara başlamayana qədər.






- Özünüz də qeyd etdiniz ki, dinc şəraitdə Laçında yaşayırdınız. Münasibətlər necə oldu ki, pisləşdi?

- Münaqişənin kökündə ermənilərin ərazi iddiaları dayanır. Bütün bu prosesləri görmüş adam kimi deyirəm. Əvvəlcə ermənilər Şuşanın Topxana meşəsini qırılmağa başladılar. Həmin vaxt eşitdik ki, erməni silahlıları bizim yaylaqlara soxulurlar. Bizim ərazimizdə erməni çox az idi. Demək olar ki, barmaqla sayılası qədər idi. Eşitdiyimə görə 1918- 1920- ci illdə ermənilər Dağlıq Qarabağda məskunlaşmaq və möhkəmlənmək üçün Laçın rayonu ərazisindən keçib gəlmək istəyiblər. Həmin vaxt Andranik bizimkilərdən xahiş edib ki, Laçından keçmək üçün onlara yol versinlər. Sultanbəyin qardaşı Xosrov bəy o zaman Şuşanın qubernatoru olub. Sultanbəy qardaşına deyib ki, ermənilər Zabux dərəsindən keçib, Qarabağda yerləşmək istəyirlər. Xosrov bəy başa düşüb ki, bu ermənilərin hiyləsidir. Həmin vaxt özbaşına ərazilərimizə soxulan erməniləri Zabux dərəsində qırmışdılar. Deyilənlərə görə, ermənilərin qanı bir neçə müddət Zabux dərəsində qalıb. Buna görə də ora “Qanlı dərə” deyirdilər. Ondan sonra ermənilərin gözü çox qorxmuşdu. Bu səbəbdən də bizim tərəflərdə erməni çox az idi.

- İstərdim, Laçının qara günlərinin başladığı vaxtı xatırlayaq. Həmin illərdə nə baş verirdi?

- 1991- ci ildə evləndim. Atamın mülkündə yaşayırdıq. Həyat yoldaşımla fikirləşdik ki, Bakıya gələk. Çünki mən Bakıda Polad Kanatlar zavodunda işləyirdim. Eşitdik ki, ermənilər Qarabağda işğalçı əməllərini həyata keçirir. Həmin vaxt Arif Paşayev könüllülərdən ibarət batalyon yaradırdı. Mənim 34 yaşım var idi. Yanvar ,ya da fevral ayı idi. Şamaxıdan olan Əjdər adlı dostumla birlikdə gəldik Laçına. Arif Paşayevin yaratdığı könüllülər batalyonuna qoşulduq. Bu artıq 1992- ci ilin fevral ayı idi. Biz Zabux dərəsi tərəfdə 29 və 30-cu postlara çıxırdıq. Həmin ərazi erməni ilə çox yaxın idi. Orada çoxu könüllü idi.


Laçın təxribatlar nəticəsində verildi...




Şakir İsgəndərov 54 günlük mühasirədən sonra



1992-c i ilin may ayı idi. Həmin vaxt gözlənilmədən Arif Paşayevin səlahiyyətləri əlindən alındı. Ona dedilər ki, sən kənara çəkil. Elbrus Orucov gəldi ki, mən Rəhim Qazıyevin əmri ilə bura təyin olunmuşam. Bundan sonra bəzi narazılıq yarandı. Çünki camaat Arif Paşayevi tanıyırdı və ona inanırdı. O, həm də laçınlı idi. Elbrus Orucov gələndən sonra bizdən tələb etdi ki, postu təhvil verin. Bizi oradan geri çəkdilər. Arif Paşayev də dedi ki, əmrə tabe olmaq lazımdır. Bir söz deyim ki, Laçının işğalı təxribat nəticəsində oldu. 100 il olsa belə erməni Laçını ala bilməzdi. Bizim yerləşdiyimiz post alınmaz idi. Həmin vaxt təxribatçılar meşələrə girib, səs salırdılar ki, ermənilər gəlir, qaçın. Biz də gedib, baxırdıq ki, heç kim yoxdur. Rayonlardan avtobuslar gətirib, insanları Laçından çıxarırdılar. Onlar deyirdilər ki, Laçında da Xocalı kimi soyqırım ola bilər. Beləliklə dinc əhali Laçından çıxarıldı. Orada elə bir güclü döyüş də olmadı. Ermənin Laçına girmək fikri yox idi. Onlar buna cürət edə bilməzdi. Bizi Laçından çıxardılar. Qubadlının Muradxanlı kəndinə gəldik. Oradan da Kəlbəcərə . Kəlbəcərlə bizim kəndimiz yaxın idi.Ona görə Kəlbəcərdən öz kəndimizə getmək istəyirdik. Həmin vaxt erməni postları ancaq Laçının özündə idi. Kəndlərində erməni postu yox idi. Biz qərara gəldik ki, Kəlbəcərdən Laçının kəndlərinə girək. Elə də etdik. Sarıbaba deyilən postu və bir neçə yüksək postu tutduq. Orada məskunlaşdıq. Orada erməni ilə heç bir döyüş olmadı. Ərazidə erməni yox idi. Postu ələ keçirəndə erməni ilə döyüş oldu. Orada ermənilər itki verdi. Ancaq biz itki vermədik. Biz çox möhkəm postu tutmuşduq. Həmin vaxt dedilər ki, prezidentlər arasında danışıq gedir. Bizi geri çəkdilər. Bundan sonra da olanlar aydındır.

- Həmin vaxt sizin komandirlər kim idi?

- Hərbi hissənin komandiri Zaur Qənizadə, bizim batalyonun komandiri isə Qalib Abdullayev idi. Həmin vaxt Qalib Abdullayev gəldi ki, biz buranı boşaltmalıyıq. Etiraz etdik ki, niyə yerimizdən çıxmalıyıq ki? Ancaq bizi təcili olaraq oradan çıxardılar. Bizim orada böyük ordu və texnika var idi. Həmin texnika ilə İrəvanı almaq olardı. Bizə dedilər ki, geri çəkilib, böyük bir əməliyyatla hücuma keçəcəyik. Bu minvalla bizi geri çəkdilər. Biz öz batalyonumuzla Pçanik kəndinə gəldik. Orada gördük ki, kəndin aşağı hissəsindən BRDM gəlir. Komandir şübhələndi ki, bu ermənidir. Həmin vaxt bizim tankçımız erməninin birini də sağ buraxmadı. Artıq erməni duyuq düşmüşdü. Onlar bizim arxamızca gəlirdilər. Orada bizim dəstə ayrı düşdü. Komandirimə dedim ki, mən kəndimizə gedim. Orada qohumlarımdan xəbər tutum. Bizim orada qohumlarımızdan qalan olmuşdu. Bu hadisələr 1993-cü ilin martın axırlarında baş verirdi. Gəldim kəndimizə gördüm ki, heç kim yoxdur. Onlar çıxıblar. Aprelin 1- i Kəlbəcərə qayıtdım. Gördük ki, artıq kəndlər boşalıb. Kəlbəcərin Çaykənd ərazisində bir BMP dayanmışdı. Onlar ermənilər idi və Azərbaycan dilində danışırdılar. Artıq bildik ki, vəziyyət pisdir. Gizlənməyə başladıq. Artıq aprelin 1- idi. Hava da qarlı idi. Bacım oğlu da yanımda idi. Güllə onun başından sürtüb keçmişdi. Gizli yolla Kəlbəcərin Qüzeyçirkin kəndinə gəldik. Əlimizdə bir radio var idi. Oradan eşitdik ki, Kəlbəcər artıq işğal olunub. Biz qaldıq çıxılmaz vəziyyətdə. Orada Kəlbəcərdən olan bir neçə nəfər də var idi. Onlar bizə təklif etdilər ki, Kəlbəcərin hündür dağlıq ərazisinə çəkilək. Müəyyən vaxt orada gözləyək. Amma biz onlarla getməyə razı olmadıq. Onlar İstisu dağlarından gedib, Murovdan o tərəfə aşmaq istəyirdilər. Biz artıq geri - Laçına tərəf qayıtdıq. Gecələr yol gəlirdik. Gündüzlər isə kolluqda gizlənirdik. Artıq çıxış yolumuz yox idi.

- Hardasa 6 gün yol gəldikdən sonra Şəkərəm kəndinə çatdıq. Bir az dincəlmişdik ki, gördük ermənilər atır. Erməni bizə yaxınlaşırdı. Biz çayı keçib, meşəyə girdik. 2-3 saat meşədə gizləndikdən sonra çıxdıq.Artıq gecə düşürdü. Kəndlərdən götürdüyümüz atlara ərzaları yığıb, kəndimizə tərəf yola düşdük. Bizim kəndin ən hündür zirvəsində Seyid Məmmədin qalası deyilən ərazidə məskunlaşdıq. O ərazidən baxanda bizim kəndlər görünürdü. Ora elə bir yer idi ki, erməni ora qalxa bilməzdi. Artıq 1993-cü ilin aprelin ortaları idi. Laçın da işğal olunub, Kəlbəcər də. Biz də qalmışıq mühasirədə.

- Bəs bu müddətdə nə ilə qidalanırdız?

Həmin vaxt kəndlər boşaldığından evlərdə mal-qara da qalmışdı. Axşamlar mən kəndimizə düşüb, oradan yemək tapıb, gizləndiymiz yerə gətiridim. Gecələr evimizə gəlirdim. Uzanırdım orada. Mühasirədə 19 nəfər idik. Mən demişdim ki, evimizi yandırsalar Laçından çıxmayacam. Hər gecə gəlib evimizə baxırdım. Hər şey olduğu kimi idi. Gecələr kəndlərdən yemək toplayıb, gündüzlər çəkiliridik rəhmətlik Seyid Məhəmməd deyilən yerə. Ora çox təhlükəsiz yer idi. Həm də vahiməli yer idi. Gecələr oradan düşüb anamın və atamın məzarını da ziyarət ediridim. O müddətdə kəndə erməni hərbçiləri yalnız qarət üçün gəlirdi. Orada hərbçilər qalmırdı. Ona görə biz kəndə girə bilirdik.

- Həmin ərazidə neçə müddət qaldınız?


Ermənilər gizləndiyimiz yerə gəldilər...






54 günlük mühasirədən sonra xilas olan qadın



- Deməli, orada qaldığımız vaxt çıxıb kəndimizi müşahidə ediridik. Saat 11 olardı. Gördük ki, kəndə maşın gəlir. Maşından 7 nəfər erməni düşdü və Ağaları deyilən məhəlləyə girdilər. Oradan da Yazyurdu deyilən yerə gəldilər. Yüksəklikdən onları izləyirdik. Qəfildən onlardan ikisi bizim gizləndiyimiz yerə tərəf irəliləməyə başladı. Bizim də dəstənin içərisində 4 nəfər rus da var idi. Onlar Valeriy, Saşa, Mişa və Slavik idi.Onlar da siqaret çəkən idi. Ona görə atları götürüb, kənddən siqaret tapmağa getmişdilər. Geri qayıdanda atın birini bağlamağı unutmuşdular. At açıq qalıb və otlaya-otlaya açıqlığa çıxıb. Erməni də bunu uzaqdan görüb, bizə tərəf gəldilər. Atı tutmaq istəyəndə at bağlandığı yerə qaçdı. Yanımda olan Valehə dedim ki, hamınız qaçıb gizlənin daşların arasında. Həmin vaxt 70 yaşlı Bahadur kişi və qızı gizlənə bilmədilər. Həyəcandan ortalıqda qalmışdılar. Ermənilər onları görüb, aşağı qaçmağa başladılar. Onlar da qorxuya düşmüşdü. Ağıllarına belə gəlməzdi ki, burada adam ola bilər. Artıq 1993-cü ilin mayın 14-ü idi. Ermənilər bizim yerimizi bildikləri üçün oradan qaçmağı qərara aldıq. 19 nəfər piyada düşdük yola. Yolda başımıza zülmlər gəldi. Hərəmizə 4 dənə çörək böldük. Artıq yemək də tükənmişdi. Gündüzlər gizlənib, gecələr də yol gediridik. Artıq səhər açılırdı. Fikirləşdik ki, gizlənməyə yer tapmasaq ermənilər bizi güllələyəcək. Orada böyük bir itburnu kolluğu var idi. Kolu qaldırıb, altına girdik. Səhər üzü idi. Gördük ki, bir erməni UAZ-ı gəlib dayandı düz bizim gizləndiyimiz kolun qarşısında. Başladılar axtarmağa. Onlar nədənsə şübhələnmişdilər. Üzü meşəyə tərəf baxırdılar. Həmin vaxt düşündüm ki, artıq sonumuzdur. Erməni bizi güllələcəyək. Biz də əvvəlcədən demişdik ki, əsir düşmək söhbəti olmayacaq. Hərəmizdə avtomat və qranatlar var idi. Əgər ələ keçəriksə özümüzü partladacağıq. Dediyim kimi içərimizdə 70 yaşlı Bahadır kişi və qızı da aramızda idi. Dedik ki, erməniyə əsir düşsək birinci qızı güllələyək. Qardaşı da buna razı oldu. Təxminən, 1993-cü ilin may ayının iyirmisi idi. Bir xeyli kolluqda gizləndikdən sonra ermənilər çıxıb getdilər. Bizi tapa bilmədilər. Bundan sonra çıxıb yolumuza davam etdik. Qarşıda başımıza daha bir dəhşətli hadisə gəldi.

Güləbird çayının qırağı ilə üzü Güləbird kəndi istiqamətinə gedirdik. Çayı o biri tərəfə keçmək lazım idi. Hava da qaranlıq idi. Ancaq ayın işığı bir az yolumuza aydınlıq salırdı. Fikirləşdik ki, bir-birimizdən aralı çayı keçə bilmərik. Çünki su güclü axırdı. Ona görə də bir-birimizin belindən tutub, sıra ilə çayı keçmək istəyəndə güclü su bizi apardı. Həmin vaxt hamımız bərk islandıq. Hava da soyuq idi. Yoldaşlardan birinin avtomatını və qumbaralarını su apardı. Ancaq özümüzə heç nə olmadı. Çətinliklə də olsa çayı o biri tərəfə keçə bildik.


Məni müdafiə nazirinin yanına gətirdilər. O, mənə dedi ki,...


Bu bəladan qurtulduqdan sonra yolumuza davam etdik. Artıq yemək də qurtarıb. Özümüzün də taqətimiz qalmayıb. Heç sağ qalmaq ümidi də artıq yoxdur. Erməni hərbçilərinin yaxınlıqda səsləri eşidilirdi. Güclü yağış yağırdı. Özümüz suyun içində, ayaqlarımız da artıq tutulur. Arabir şimşək çaxır. Biz də onun işığına yolu görüb, gedirik. Birdən uşaqlardan biri dedi ki, Bahadır kişi, qızı və oğlu yoxdur. Dayandım və soruşdum : “ Necə yəni yoxdur”? Uşaqlardan biri dedi ki, onu axırıncı dəfə çayın ətəyində görmüşəm. Biz getdiyimiz yerdə dayandıq. Onlar geri qayıtdılar. Bahadur kişinin 70 yaşı var idi. Qoca kişi idi, gözü də yaxşı görmürdü. Onlar sən demə yolu azıb, başqa istiqamətə gediblər.Çətinliklə onları tapdıq və hamıya belə şərt qoyduq ki, bir-birimizdən əlimizi buraxmayaq. Ölsək də, qalsaq da bir yerdə olaq. Bahadur kişi artıq əldən düşmüşdü. Danışmağa belə taqəti yox idi. İndi onu apara bilmirik. Deyirdi ki, getmək istəmirəm. Məni burada qoyun, gedin. Güc-bəla ilə kişini razı saldıq. Yolumuza davam etdik. Artıq hava da işıqlaşırdı. Gizlənmək lazım idi. Erməni bizi görə bilərdi. Bizim aramızda mənim tarix müəllimim olan Əli müəllim də var idi. Mənə dedi ki, Şakir, sən çayın bu tərəfi ilə get. Onsuz da ora qumluqdu. Aramızda Tovuzdan olan bir oğlan var idi. Başladı qışqırmağa ki, bizə kömək edin, biz azərbaycanlıyıq. Həmin vaxt artıq Güləbird körpüsünə çatmışdıq. Orada bizim postumuz yerləşirdi. Qışqırığa postdan cavab verdilər. Dedilər, gəlin, bizim tərəfə. Onlar bizə inanmayıblar. Gözləyirlərmiş ki, biz yaxınlaşaq, bizi qırsınlar. Elə biliblər ermənilərdir. Sonradan yaxınlaşanda başladıq danışmağa. Bildilər ki, həqiqətən azərbaycanlıyıq. Postda bizi əsgərlərimiz qarşıladı və otağa girdik. Orada ağlaşma, səs-küy aləmi bürüdü. Çünki bizim üz-gözümüz dəhşətli vəziyyətdə idi. Saqqallı və üst-başımız cırıq-cırıq idi. Əsgərlər batalyon komandiri olan Vaqif Cabbarova xəbər verdilər. Bizi apardı hərbi hissəyə. Bizə yemək, çay verəndən sonra zəng etdilər o zamankı, müdafiə naziri Dadaş Rzayevə ki, belə insanlar var burada. Dadaş Rzayev həmin vaxt Beyləqanda müşavirədə idi. Dedi ki, onlardan birini götürüb, gətir Beyləqana. Məni Beyləqana müdafiə naziri Dadaş Rzayevin yanına apardılar. Orada Dadaş Rzayev və generalları məni sorğun-sual etdi. Onlar da məəttəl qalmışdılar ki, 54 gündən sonra biz necə xilas olmuşuq. General Dadaş Rzayev mənə dedi ki, siz bir az dincəlin. Bizə sizin kimi yerli bələdçilər lazım olacaq. Deyəsən onlar əməliyyat keçirmək istəyirdilər. Mən də buna razılaşdım. Oradan çıxandan sonra oturub, gözləyiridim. Həmin vaxt gördüm ki, dayımın arvadı və oğlu yanımdan keçdilər. Saqqalım uzandığı üçün məni tanımadılar. Uşaq geri dönüb dedi : “Ay ana, o adam Şakir dayıya oxşayır” . Arvad mənə yaxınlaşdı və ağlamağa başladı. Dedim ki, ailəmə xəbər verərəsən. Ondan sonra mən yenidən Güləbirdə qayıtdım. Həmin vaxt bizi təhlükədən son anda qurtardığı üçün Vaqif Cabbarova kapitan rütbəsi verdilər. Oradan biz 19 nəfəri maşına mindirib, Qubadlıya göndərdilər. Orada 4 gün qaldıq. KQB işçiləri deyilən adamlar sorğu-sual etdilər. Hamımızı ayrılıqda sual-cavab etdilər və bunu videoya çəkdilər. Artıq mayın 25-i idi. Ancaq sonradan həmin videonun harada olduğunu biz bilmədik. Ondan sonra da hərə öz qohumlarının yanına getdi.








Məni hər il MTN-də dindirirdilər...

- Qeyd etdiniz ki, sizi təhlükəsizlik orqanlarının əməkdaşları dindirdi. Bu sonralar da davam etdimi? Ümumiyyətlə sizdən nə haqqında soruşurdular?

- 1993-cü ilin mayın 26-da Qubadlıda bizi geniş sorğun-sual etdilər. Onlar bizdən soruşurdular ki, siz necə oldu mühasirədə qaldız və ermənilər orada nə edirlər. Ən çox bu haqda soruşurdular. Biz də hər şeyi olduğu kimi danışdıq. Bundan sonra hər il may ayında məni MTN-nə çağırırdılar. Hər dəfə Səlimə adlı bir MTN əməkdaşı məni dindirirdi. Bu günün özündə belə mənim üçün qaranlıq qalan bir məqam var. Hər dəfə məndən bir nəfər adamı soruşurdular. O adam Laçından olan Vüqar idi. Kamran bəyin dəstəsindən olan Vüqar haqqında hər il məni MTN-nə çağırıb soruşurdular. Mən bir dəfə onların dəstəsini Laçında görmüşdüm. Ancaq sonradan onlardan xəbərim olmadı. Mənim özümə də qaranlıq qaldı ki, niyə məhz MTN-ni Vüqar maraqlandırır. Vüqar hardasa 18-19 yaşlı bir oğlan idi. Mən onlarla bir dəfə Kəlbəcərdə rastlaşmışdım. Onlara təklif etmişdim ki, bizə qoşulun. Amma razı olmamışdılar. Vüqara həmin görüşümüz zamanı dedim ki, sənin bir qohumun Şakir mənimlə bir yerdədir. Onu görmək istəsən filan yerə gələrsən. Sonradan mən bu yaxınlarda onlarla döyüşən bir kəlbəcərli İnqilabla görüşdüm. O, mənə bütün qaranlıqları danışdı. Həmin vaxt bunların başçısı Kamran bəy Kəlbəcər tuneli deyilən yerdə atışmada yaralanıb. Onu ancaq atın üstündə aparırlarmış.Yarası da onu incidirmiş. Həmin vaxt Kamran bəy deyib ki, biz birlikdə hərəkət edəndə çətin olur. Ermənidən gizlənmək də çətinləşir. Ona görə onlar bir-birlərindən ayrılıb. Həmin vaxt da Kamranla onların əlaqəsi kəsilib. İndi həmin adamların sonu necə olub heç kimə məlum deyil. Bəlkə də onları ermənilər orada öldürüb.

Mənə bu mövzuda qaranlıq qalan məqamlar çoxdur. Onunla bir yerdə olan İnqilab da mənimlə görüşündə dedi ki, Vüqar haqqında məndən də MTN-də sorğun sual ediblər. Mənə elə gəlir ki, onlar Vüqarın ermənilərə işləməyindən şübhələniblər.

Gecələr kəndlərdən yemək gətirməyə gedəndə Mişanı da özümlə aparırdım. Gecəni öz evimizdə qaldıq. Evlərədən yemək yığandan sonra geri qayıdırdıq. Dambulaq kəndində gördük ki, evin qabağında xeyli arı yeşikləri var. İstəyirdik, arılara su verək. Əynimdə də uzun plaş var. Avtomatım da onun altındadır. Görünmürdü. Birdən arxadan kimsə qışqırdı ki, “Dayan! Tərpənmə”! Geri dönəndə gördüm ki, qara bir oğlan, əlində də tüfəng dayanıb. Bizə dedi ki, dayanın, yoxsa atacam. Dedim ki, görürsən ki, bizdə silah yoxdur. Özümüz də azərbaycanlıyıq. Ondan sonra tanışlıq verdik. Bizi yaxına buraxdı. Həmin bu adam Vüqar idi. Onlar sonradan bizə kömək etdi ki, oradan at tutub, özümüzlə yuxarı aparaq. Bu adamları sonradan görmədim. O, qardaşını çox axtarsa da tapa bilmədi. Onun nə ölüsündən, nə də dirisindən xəbər olmadı.






Anamı gecə ilə aparıb Laçında dəfn etdik...

- Müsahibənizdə qeyd etdiniz ki, valideynlərinizin məzarı Laçındadır. Siz sonradan valideynlərinizi Laçında necə dəfn edə bildiniz?

Anam Laçının işğalından 7 ay sonra rəhmətə getdi. O, Laçının dərdini həzm edə bilmirdi. Həmin vaxt mən döyüşlərdə idim. Xəbər göndərdilər ki, anamın vəziyyəti pisdir. Ona görə, gəldim Bakıya. 1992-ci ilin dekabrın 14- də anam rəhmətə getdi. Dekabrın 16- da onu Laçına dəfn etməyə apardıq. Dostlarımın köməkliyi ilə onu vəsiyyətinə uyğun Laçına-öz kəndimizə apardım. Gecə ilə onu atamın yanında dəfn etdik. Onu çox çətinliklə Kəlbəcər dağlarından keçirib, Oğuldərə kəndində dəfn etdik. Ancaq indi ürəyim rahatdır ki, anam öz kəndimizdə uyuyur.

- Bayaq qeyd etdiniz ki, sizinlə birlikdə mühasirədə 4 nəfər rus da olub. Onlar Qarabağa haradan gəlib çıxmışdı və sonları necə oldu?

- Həmin ruslar Saşa, Mişa, Valeriy və Vladik idi. Mişa dedi ki, Oddesadan gəlmişəm. Yaxşı hərbçi idi. Kartla fala da baxırdı. Bir dəfə biz mühasirəyə düşəndə dedi ki, qarşıda bizi çətin və uzun yol gözləyir. Hətta deyirdi ki, qarşıda nə olacaq. Eşitdiyimə görə o işləmək üçün Odessadan bura gəlmişdi. Elə o vaxtlar mənimlə yaşıd olardı. Sonradan onun hara getdiyini bilmədik. Günlərin birində qəfildən yoxa çıxdı. Bayaq danışdığım Vüqarla görüşümüz zamanı Mişa da yanımda idi. Görüşüb, ayrıldıqdan sonra mənə dedi ki, bu oğlan erməniyə işləyir və özü də erməniyə oxşayır. Bununla əlaqəni kəs. Mən də ona acıqla dedim ki, nə erməni. Bu oğlan Kəlbəcərdəndir. Həmin vaxt aramızda mübahisə də oldu. Mişa sonradan bizə dedi ki, arvadım gürcüdür. Atam-anam isə yəhudidir. Onlar da Amerikada yaşayır. Arvadı gürcü olduğu üçün onu Amerikaya buraxmayıblar. Ona görə də Mamed adlı tanışının köməyi ilə bura döyüşməyə gəlib. Bunları özü bizə danışmışdı. Valeriy isə sonradan Uzaq Şərqə getdi. Ondan sonra qayıtmadı. Vladik isə lal idi. Yaxşı danışa bilmirdi. Onun arvadı və anası erməni idi. Ondan da xəbər olmadı. Saşa isə oğru idi. Balacaboy bir kişi idi. Ondan da sonradan xəbər olmadı.







- Sizinlə bir yerdə 54 gün mühasirədə qalanlar kimlər idi? Onlarla bu gün əlaqəniz varmı?

- Dediyim kimi biz mühasirədə 19 nəfər idik. Onlardan 4-ü rus, qalanları azərbaycanlı idi. Onlardan müəllimim Əli müəllim, Arif, Təvəkkül, Əşrəf, Muxtar, Ədalət və Qorçu kəndindən olanlar Bahadur kişi, qızı Sərmayə ,oğlu Sahib və yeznəsi Adıgözəl və Laçının Alqulu kəndindən Seyid Şakir, Valeh, Dəvəçidən Ağamalı, Tovuzdan Saleh. Hər il mayın 23-ü biz Xırdalanda Şakirin kafesinə yığışırıq. Orada həmin azad olduğumuz günü qeyd edirik. Biz heç birimiz ad günü qeyd etmirik. Ancaq həmin günü qeyd edirik. Bu ilki yığıncağa sizi də dəvət edirəm.Təəssüf edirəm ki, bizimlə mühasirədə olan Əli müəllimi maşın vurub. İndi də komadadır. Allah köməyi olsun.

- Şakir müəllim, sizin mühasirədən sonra 1993-cü ildə çəkilmiş bayraqlı bir fotonuz var. Bizdə olan məlumata görə siz onu 54 gün mühasirə zamanı özünüzlə qorumusunuz. İstərdim, həmin epizodu bizə danışasıınız.

- 1992- ci ilin martında könüllü kimi döyüşlərə gedəndə bir bayraq da götürdüm. Onu götürəndə dedim ki, qələbənin şərəfinə bu bayrağı asacağam. Əhd etmişdim ki, Laçın alınanda onu bacımgilin qapısından asım. Biz mühasirəyə düşən zaman mənim üzərimdə balaca Quran və həmin bayraq var idi. Həmin vaxt mən ibadətə də başladım. Çətin anlarda bayrağa və Qurana sarıldım. Bəlkə də mənim sağ qalmağım Allahın rəhmidir. Həmin bayraq və Quran bu gün də məndə qalır. Onlar mənim ömür-gün yoldaşımdır. Yaşadığım o acılı günləri bayraq və Quran da mənimlə birgə yaşayıb. Mən onu düşmənə təslim etməmişəm.


Miri Məcidli
Foto: Elvin Abdulla
Femida.az

Açar sözlər:

Oxunub: 97432


Oxşar xəbərlər