24 aprel həqiqətləri: erməni, yoxsa türk qətliamı? (MÜSAHİBƏ)


16:00     24 Aprel 2017 ermeni_yalanlari%20femida67.jpg

1915-ci ilin aprel ayında əslində nələr baş verib? Soyqırıma türklər, yoxsa ermənilər məruz qalıb? Tarix necə saxtalaşdırılıb?


Bütün bu sualları Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova təqdim edəcəyimiz video müsahibədə cavablandırıb.

- Tarixən Osmanlı dövləti ərazisində ermənilərə münasibət necə olub?

- Ermənilər həmişə Osmanlı İmperiyası ərazisində yüksək imtiyaza sahib olub. Onlar dövlət tərəfindən himayə olunan millətə çevrilmişdilər. Faktiki olaraq, Osmanlı dövləti ərazisində ticarət və maliyyə məsələləri ermənilərin monopoliyasına keçmişdi. Üstəlik yüksək dövlət postlarında xeyli sayda erməni təmsil olunmuşdu. Bir sözlə, XX əsrin əvvəllərində ermənilər Osmanlı imperiyası ərazisində “sadiqi-millət” kimi tanınırdı. Lakin elə oldu ki, dövlət səviyyəsində himayə olunan, əsas strateji postlara nəzarət edən bir millət vətəndaşı olduğu Osmanlı dövlətinə qarşı qiyama qalxdı. Bu baxımdan birinci dünya müharibəsinin başlanması ermənilər üçün çox gözəl fürsət idi. Bilindiyi kimi Osmanlı və Rusiya dövlətləri birinci dünya müharibəsi zamanı əks cəbhələrdə mübarizə aparırdılar. Belə bir situasiyada dünyanın müxtəlif ərazilərində yaşayan ermənilər Rusiyaya müraciət edərək Osmanlı dövlətinə qarşı vuruşmağa hazır olduqlarını bildirdilər. Nəticədə ermənilər ölkə daxilində qiyam qaldırdılar. Onlar faktiki olaraq vətəndaşı olduqları dövlətə qarşı silah çevirmişdilər. Göründüyü kimi “sadiqi-millət” kimi tanınan və Osmanlı dövlətində yüksək imtiyazlara sahib olan ermənilər müharibə başlayan kimi tamamilə fərqli mövqe nümayiş etdirməyə başladılar. Bu zaman isə əslində ermənilər türkləri soyqırımına məruz qoydular. Təkcə türklər yox, kürdlər və digər qeyri-millətlər də ermənilərin soyqırımına məruz qaldılar. Xüsusilə Van şəhəri ermənilər tərəfindən viran edildi. Osmanlı dövləti faktiki olaraq iki cəbhədə vuruşmaq məcburiyyətində qalmışdı ...

- 24 aprel 1915-ci il tarixində nə baş verib?

- 1915-ci ildə Osmanlı dövləti həm bu qırğınların qarşısın almaq, həm də öz təhlükəsizliyini təmin etmək üçün köçürmə siyasətinə əl atdı. 24 aprel 1915-ci il tarixində Osmanlı dövlətində qiyamçı ermənilərə rəhbərlik edən şəxslərin həbs olunması ilə bağlı qərar qəbul edildi. Bu qərarın verildiyi günü ermənilər onlara qarşı “soyqırım” - ın başlandığı gün kimi qəbul etdilər. Köçürmə siyasəti tarixən tez-tez rast gəlinən bir haldır. Dünya dövlətləri dəfələrlə bu təcrübədən istifadə ediblər. Köçürmə ilə bağlı qərar isə 1915-ci ilin may ayında Osmanlı Parlamentində qəbul edildi. Yəni 1915-ci ilin mayın 30-da Osmanlı Parlamentinin qəbul etdiyi qərar faktiki olaraq 24 apreldən bir ay sonra verilmişdi. Bunu da diqqətdə saxlamaq lazımdır. Çünki məhz 24 apreli ermənilər “soyqırım”ın başlanğıcı kimi qəbul edirlər. Halbuki həmin gün köçürülmə ilə bağlı hər hansı qərar qəbul edilməmişdi.

- Köçürülmə prosesində nə qədər erməni həlak olub?

- Ermənilər bəyan edir ki, 1 milyon yarım və daha çox erməni köçürülmə prosesi zamanı “soyqırımı”na məruz qalıb. Bu, erməni kilsəsinin ortaya qoyduğu uydurma rəqəmdir. Maraqlısı ondan ibarətdir ki, illər keçdikcə bu rəqəm daha da şişirdilir. Axı XX əsrin əvvələrində Osmanlı dövləti ərazisində bu qədər erməni yaşamırdı. Rəsmi statistikaya görə, XIX əsrin sonu XX əsrin əvvəllərində Osmanlı dövlətinin ərazisində 1 milyon 2 yüz minə qədər erməni yaşayıb. Bu statistikanı tərtib olunmasına nəzarət edən şəxsin özü də erməni olub. Yəni bu, ermənilərin özlərinin səsləndirdiyi statistik rəqəmdir. 1918-ci ilin dekabrında məşhur erməni ictimai xadim Poqos Nübar paşanın Fransa xarici işlər nazirinə yazdığı məktubda göstərilir ki, köçürülmə prosesində 600-700 min erməni iştirak edib. 1915-ci ildə ermənilər öldürülüb. Bu, danılmaz faktdır. Lakin bu kimin günahı səbəbindən baş verib? Bu məqamda əsas məsuliyyət həmin dövrdə ermənilərə rəhbərlik edən siyasi xadimlər və ziyalıların üzərinə düşür. Digər tərəfdən isə onları bu əməlləri törətməyə etməyə sövq edən böyük dövlətlər də bu məsələlərdə məsuliyyət daşıyırlar. Konkret olaraq Rusiya imperiyası həmin dövrdə ermənilərdən öz məqsədləri üçün istifadə edirdilər. Bir sözlə, tələf olan ermənilər üçün mənəvi və tarixi məsuliyyət bu şəxslərin üzərinə düşür ...

Daha ətraflı təqdim edəcəyimiz videoda:



Ceyhun Əhmədli
Video: Elvin Abdulla

Femida.az

Açar sözlər:

Oxunub: 6347