Uduzmuş insanlar


22:46     23 Aprel 2016 12711145_959675830795342_8639525390170423688_o79.jpg

İnsan lovğa məxluqdur. Daima özünü yüksək tutur, özünü sevir, özünü güclü göstərmək istəyir. Amma hamısı yalan...


Əslində insan çox zəifdir – saysız-hesabsız döyüş meydanlarından çıxan igid sərkərdə, çəlimsiz bir qızın sevgisindən mum kimi əriyir, çökür, havalanır. Həyat mübarizəsində əyilməyən, sınmayan nə qədər insan pula olan ehtirasının qarşısında zəif düşür. İndi beş-üç manat borca görə gecəni yuxusuz keçirənlər var. “Xalxın arvadı”nın, “xalxın kişisi”nin yanında işsizliyindən utanıb əsəbdən titrəyənlər var. Budurmu sizin gücünüz?! Bəs hanı o “ən ali varlığa” mənsub olan mənəvi məziyyətlər?!

Bəzi insanlar o qədər saxta və sünidirlər ki... Bəzən bu saxtalıqlara dözdüyüm, hətta bəzən onun bir hissəsinə çevrildiyim üçün özümdən utanıram. Elə bilirəm içimdəki “mən”ə xəyanət edirəm. Aydındı ki hər kəs hər yerdə eyni cür davrana, danışa, gülə bilməz. Başqa sözlə, insan müxtəlif sosial rollar oynamaq zorundadır. Bu psixologiyada da var. Ancaq kiminsə gözündən düşmək qorxusuna görə, ya da nə bilim, vəzifəsini itirmək qorxusuna görə rol dəyişənlər bu sinfə aid edilmir. Onları bu sinfə daxil etmək saxtakarlıqlarına haqq qazandırmaq kimi çıxar.

Təəccüblüsü odur ki, onlar özləri də, ətrafındakılar da bu süniliyin fərqində oduqları halda heç nə olmamış kimi “üç meymun”u oynayırlar. Yəni, kütləvi şəkildə hər kəs bir-birini aldatmaqla məşğuldur. Çünki insan özü özü ilə üzləşməkdən çəkinəcək qədər qorxaqdır, cılızdır, cəsarətsizdir. Yer bir balaca titrəyən kimi aciz duruma düşürlər, kiminsə həsrətindən solurlar. Pah, nə yaman şey olub, bu gün sevgilisi ilə görüşə bilməyib, nə bilim, sağollaşanda sevdiyi insan ənənəvi şablon sözləri, əttökən vidalaşmanı icra etməyib. İlahi, belə şeylərə görə göz yaşı axıdanlar var ey...Halbuki bir az cəsarətli olsaq, içimizdəki gücün fərqinə vararıq.

Bir dönüb ətrafınıza baxın: yüzlərlə uduzmuş insan görəcəksiniz. Onlar uduzurlar, çünki cəsarətsizdirlər. Çünki danışılacaq yerdə susublar, gediləcək yolda dayanıblar, tələb edəcəkləri yerdə boyun əyiblər, ağlanacaq vəziyyətlərinə gülüblər. Gülmək... İndi o qədər çətindir ki, ürəkdən gülmək. Axırıncı dəfə nə vaxt ürəkdən güldüyümü xatırlamıram heç. Düşünürəm ki, dünyaya əşrəf olan insan, bu qədərmi düşür ki, bir təbəssüm üçün səbəb axtarır? Halbuki gülümsəmək üçün səbəbə ehtiyac yoxdu. O bir uşağın qığıltısında, bir ocağın çırtıltısında, yağışın şırıltısında, sevgilinin gözlərində, sevdiyin musiqinin notlarında, ananın nəvazişindədir...

Bəzən bəhanə edirik ki “əşi, işlər yolunda getmir”. Axı haradan bilirik yolunda getmir? Bəlkə elə yolu budur? Belə getməlidir. Bəlkə də günah “alın yazı”mızda, “taley”imizdə, “qismət”imizdə deyil, sadəcə biz normal yaşamağı seçmirik?!

İnsan olmanın verdiyi lovğalıq bizi azdırır. Son olaraq, əgər insan vicdan aynasının üstünü örtən qalın toz qatını təmizləyə bilsə, ürəyinin içində bahar təmizliyi edib yaltaqlığı, süniliyi, saxtakarlığı, qorxaqlığı süpürüb atsa, zəncirlənmiş cəsarətini əsarətdən azad edib imanın nurunu və biliyin zənginliyini ona əlavə etsə, aça bilməyəcəyi qapı qalmaz...

Türkan Məmmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3421


Oxşar xəbərlər