• Ana səhifə / Manşet

Xəbər lenti

`Elçibəy Surəti məhv etməyi tapşırmışdı`- Gəncə hadisələrinin gizli məqamları


Tarix 12.07.16, 14:30


“4 iyundan əvvəl Surətin mərhum atasının qəbri üstünə bomba yerləşdirilibmiş…”


Qarabağ müharibəsinin fəal iştirakçılarından olan, 123 saylı alayın hüquq və mühafizə işləri üzrə baş təlimatçı baş-leytenant, Qarabağın Həcəri kimi tanınan Səbirə Mahmudova 4 iyun Gəncə hadisələri ilə bağlı gizli qalan bir sıra qaranlıq məqamlara aydınlıq gətirib. Femida.az-ın müxbiri ilə söhbəti zamanı o baş vermiş tarixi faktlardan danışıb.

-23 ildir ki, hər il iyun ayı gələndə həm iqtidar həm müxalifət mediası tərəfindən qulaqlarımız döyənək olur. Hələ də xalq olanların çoxundan bixəbərdir. Naxçıvandan Bakıya gəlib Qarabağda müharibəyə rəhbərlik edən
Surət Hüseynovu xəyanət damğası ilə möhürləyən Quliyev Fərəc televiziya vasitəsi ilə bəyənatı yayımlananda Elçibəy Gəncədə idi. Buyurun baxın.Elçibəyin silahdaşları onun həyatını hansı risklərlə üz-üzə qoymuşdur.

Fərəc Quliyevlərin özlərindən böyük iddiaları ucbatından illərlə cəbhədə qan tökən eyni səngərdə eyni taleyi paylaşan məkrdən bixəbər oğullar qarşı-qarşıya gətirildilər. Vətəndaş müharibəsinə qədər apardılar. Bu ambisiya üzərində qurulan oyunu o vaxtacan oynadılar ki, yüzlərlə oğul illərlə məhbus həyatı yaşadılar. Əksərinin də həyatı pozulub puç oldu.
İllərlə silahdaşlarımın məhbəs qapısına getdim. Bu gün məndən fərqli olaraq Fərəc Quliyev hörmətli adamdır. Nədən əziyyətimizi əlimizdə qoyub döyüşən oğullara xain damğası vurdun ay, Quliyev Fərəc.

O oğullarla çiyin-çiyinə Qarabağdan Fingəyədək addımlamışdım. Hər həftə neçə dəfə səhər saat 5 radələrində Yevlax çörək kombinatından götürdüyüm çörəkləri 3 diferli maşınlarla qarlı aşırımlarla ön səngərlərdəki əsgərlərimizə çatdırırdım.

Gecədən növbəyə durumuş insanlar çörəyin dağlardakı əsgərlərə gedəcəyini biləndə “əsgər ac qalmamamalıdır,biz dözərik”, deyərdilər.

Hər həftə Yevlaxdan Kəlbəcərə aparılan benzin maşınlarının üstündə nəzarətçi gedirdim ki, benzin yerinə çatsın.Təkcə tunelin ağzında Zeynəb arvadın boçkasını doldurardım ki, yolda qalmış maşınlara pulsuz versin.

Benzini Kəlbəcər aeroportunun gözətçisi və kassiri kimi tanıdığım Telmana təhvil verəndən sonra çox vaxt onun çörəyini kəsərdim. Bəzən də icra başçısı İlhamın atası Surxay kişinin qonaq evində çörək yeyərdik. O kişi də ərinmədən məndən pul alardı. Baxmayaraq ki, gətirdiyimiz o benzin ermənilərin başına kül ələmək üçün idi. Bəli! Fərəc bəy mən bu idim. Sonralar qondarma ittihamlarla içəri atılan silahdaşlarımsa illərlə içəridə aclıq, işgəncə çəkdilər. Ancaq çıxanda yollarını evlərinə saldılar…Dövlət Gömrük Komitəsinə yekunu tutmağa yox…

Keçən yazımda iyunun 7-də Pənahov Nemətin Gəncədə Surət Hüseynovun düşərgəsində olduğunu açıqlamışdım. Əslində Nemət aprel ayından Gəncədə dost tanışının evində gizlənməkdən bezib mayda Surət Hüseynovun mühafizəçilərinə yalvar-yaxar edib, Surət bəyin yanına gətirilmişdi. Söhbət əsnasında İsgəndər Həmidovun Boz qurtlarının Kubinka ərazisində onun maşınını gülləyə tutmasından qorxub, Gəncəyə pənah gətirməsindən və burdakı tanışlarının artıq onu saxlamaq iqtidarında olmamasını söyləyib kömək istəmişdir. Elə onda da onu Surət bəy onu “Vtoroy çastdaki” tamamlanmamış evinin həyətindəki mühafizəçi üçün tikilmiş bir otaqlı mənzilində yerləşdirilməsinə göstəriş vermişdi. Hərdən bir gedib yaxın adamlarıyla evin təmirinə baxanda orda Nemətin milli hərəkatdaki olaylarla bağlı söylədiklərinə qulaq asırdı. Hadisələrin başlandığı günlər Nemət gizlənirmiş...

Hadisələr qurtarandan sonra ortaya çıxıb və girov götürülən yüksək ranqlılara qarşı əxlaqsız hərəkətlər törədib bunu video vasitəsiylə yaymağı təklif edəndə Surətin göstərişiylə ordan qovulmuşdu. Yalnız mərhum Heydər Əliyevlə geriyə Gəncəyə qayıtmışdı. Burdan Mətləb bəyə təşəkkürümü bildirirəm ki, Aslan İsmayılovu haqqı danışmağa çağırdı. Bu o Mətləb bəy idi ki, 92-nin yayında baş prokuroru əvəzləyəndə Ağdamın Uzundərə hərbi hissəsində yerləşən qərərgahda kombriq Elxan Orucovun və Qərərgah rəisi olan Altay Mehdiyevin gözləri qabağında bir neçə silahlıyla bərabər mərhum Yaqub Rzayevin təpkisiylə üzləşmişdisə də, qanunun aliliyini axıracan - ölümü bahasına olsa belə qoruyacağını yüksək səslə bəyan etmişdi. Mənsə həmin saat KQB işçisindən Yaqubun qərərgaha basqısını eşidib ora gələndə bunun şahidi olmuşdum. Hadisənin pik həddinə çatacağını görəndə Yaqubun qoluna girib birtəhər çıxarmışdım. Məsələnin məğzi ondan ibarət idi ki, Yaqubun kiçik oğlu Müşfiq Qəbələ bölgəsində mübahisə zəminində silaha əl atıb adam öldürmüşdü. Buna görə də həbs olunmuşdu. Yaqubsa Mətləb bəydən oğlunu və dostlarını buraxdırmasını tələb edirdi...

Hadisələrin araşdırılması üçün Gəncəyə komissiya sədri kimi gəlişini görəndə onun obyektivliyini bildiyimdən şübhə etmədim. Vəkil Aslan İsmayılov mərhum ağsaqqalımız İman Mustafayevin hərəkətlərindən razı qalmadığını yazır. Vəkilimiz bilsin ki, mərhum İman Mustafayev bir vaxtlar katib işləyəndə Surət Hüseynovun anası o rayonda qabaqcıl manqa başçısı olub, dəfələrlə təltif olunmuşdu. Bir də onu deməyi özumə borc bilirəm ki, 54 il idarə rəhbəri işləmiş, illərlə ətraf rayonların əkin sahələrini Sərsəngdən təmin edən mərhum atam Kristal tipli vəzifə sahiblərindən - nazir Saleh Hacıyev , Nadir Rüstəmovdan, İmam Mustafayevdən mənə danışardı. Hətta demişdir ki, İman müəllim rəhmətə gedəndə hörmətli nazirimiz Əhməd müəllim cənazə namazı üçün təzə xalça gətizdirib. Belə bir insan heç nəyin müqabilində xalqa xəyanət etməzdi.




Səbirə Mahmudova müharibə illərində

Yadınıza salıram ki, 26 may günü fövqalədə vəziyyət götürülməyi 709-u arxayın salmaq məqsədilə edilmişdi. Elə həmin gün də mərhum Elçibəydən 709-u Surət qarışıq məhv etməyə fətva alınmışdı.

Mən bu yazımda bildiyim gördüyüm həqiqətlərə istinad edirəm. 23 ildən bəri səriştəsizlikdə suçlanan AXC hakimiyyətini vurmaqdan iqtidarın dəyirmanına da su tökmək fikrindən uzağam. Amma elə o dövrdən bəri də qiyamda günahlandırılan silahdaşlarıma qarşı haqsız ittihamların əlehinəyəm.

Bildiyiniz kimi motoatıcı diviziyanın 123 saylı alayının işçisi olmuşam -maaşsız. Həmin alayın üzərində qurulmuş 709 saylı briqadayla sıx əlaqəm olub, döyüşlərində iştirak etmişəm. Baxmayaraq ki, orda rəsmi qeydiyyatdan keçməmişdim. Çünki müharibənin tez bitəcəyinə şübhəm yox idi. Mayın 29 -da Surət Hüseynovun yanında olarkən xəbər tutdum ki, hökumət qoşunları Gəncədə “Tufan” əməliyyati keçirməyə , 709 -u məhv etməyə göndərilir. Eşitdimki əməliyyata eyni zamanda Daxili Qoşunların komandanı Fəhmin Hacıyev də başçılıq edənlərdən olacaq. Mən Fəhmin Hacıyevlə zaman - zaman bölgədə görüşdüyümdən onunla danışmağa Elçibəyə həqiqəti çatdırmaqda köməkçi ola biləcəyimi Surət bəyə söyləyəndə etiraz etmədi. Bakıya yollanıb mayın 30-u günü DQ-nin binasına gəldim. Eşitdim iclas keçirilir. DQ-nin hərbi jurnalisti “Ocaq” verilişinin aparıcısı Fatma xanımın vasitəsilə iclas arası Fəhmin Hacıyevlə görüşdüm. Bütün həqiqətləri ona çatdırıb Gəncənin üstünə gələrlərsə, məqlub ediləcəklərini vətəndaş müharibəsi olacağını söyləndə o “məni Surətlə qorxutmağamı gəlmisən”, dedi. Ən nəhayət mənə məcburiyyət olmasa Gəncəyə qoşun yeritməyəcəyinə söz verdisə də, vədinə əməl etmədi. Fəhminin Gəncənin üstünə gəlməsi məğlubiyyətinə səbəb olmuş və Gəncədən qaçarkən tanınmamaq üçün çayın kənarında kitelini soyunub atıb qaçmışdı.
Mən də Gəncəyə qayıdıb söhbət haqqında Surət bəyə çatdırdım. Onu da deyim ki, həmin vaxtlar Surət bəyin atası rəhmətə getmişdi. Yas yerinə gələnlər Bakıdan Gəncənin üstünə bomba töküləcəyindən danışırdı. Həmin günlərdə Surət bəy təkid etdi ki, mən ölkədən gedim. “Onlar bizim üstümüzə gələndə baxmayacaqlar qadınsan. Səni də tutarlar”- dedi.

Oğlumu da götürüb vətəndaş müharibəsindən qaçdım. Ukraynada yaşayan qardaşımın yanına getdim.

MTN-çi əsgər hazırlanıbmış ki, mənim üzümə dursunlar..

Kiyevdə Moskva xəbərlərində Gəncə hadisələri haqqında məlumat öyrəndim. Bütün qadağalara baxmayaraq Bakıya uçdum. Hava limanının rəisi Ədalət bəyin otağına girib məni Gəncəyə göndərməsini istədim. Gəncə aeraportu ilə alınmadığı üçün məni Yevlax reysiylə göndərdilər . Oradan birbaşa Surət bəyin ata evinə gedəndə orda qadınlar məni vayşüvənlə qarşıladılar ki, bizi qırırdılar və güllə yerlərini göstərdilər. Mən ayın 7-də Gəncəyə çatmışdım. Çünki o vaxtlar Kiyev-Bakı reysi həftədə bir dəfə uçurdu. Burda bir haşiyə çıxım ki, hadisələrdən bir müddət keçəndən sonra qurulmuş məhkəmə proseslərinə məni çağırırdılarsa da getmədim.Təbii ki bu məhkəmədə iştirak etmədim yuxarı instansiyaların razılığı ilə. Belə ki, bir neçə MTN-çi əsgər hazırlanıbmış ki, mənim üzümə dursunlar. Guya mən hadisə günü Surətin ata evindən küçəni mühasirəyə alan əsgərlərimizə güllə atırmışam və sonra da küçəyə çıxıb çığırmışam ki, mən Həcərəm atmayın. Həmin məhkəmə prosesində iştirak etmiş Müxalifət qəzetinin yazarı Rövşən Mahmudov məhkəmə dindirmələrində bu epizodu izləmiş və sonraki illərdə Fəhmin Hacəyevin məhkəməsi günlərində bunu qələmə almışdı .Həmin yazı “Fəhmin Hacıyev dardadır. Qalanları hardadır?” başlığı ilə getmişdi.

Nədənki mən Fəhminin məhkəməsində ifadə verərkən onun yanına gəlib Gəncənin üstünə gəlməməsi xahişimdən danışmışdım. Xocalı faciəsində günahın tək Fəhmində olmamasını yüksək səslə demişdim. Hansı ki, dediyim kimi mən hadisə günləri iyunun 1-dən Kiyevdə olmuşdum. Hətta həmin günlər Göyçayda icra başçısının müavinin də mənim tərəfimdən vurulduğunu söyləyənlər varmış. Ona görə də Rövşən bəy yazırdı:

“Qarabağda neçə Həcərin olduğunu bilməsəm də Fəhmin bəyin məhkəmə prosesinə çox əhəmiyyətli bir şahidin qatılacağı söylənirdi ki, bu da Səbirə Mahmudovaymış...”

Fəhminin prosesində şahid kimi ifadə verməyimə müttəhim özü də maraqlıymış. Belə ki, mən Xocalı faciəsiylə bağlı tək Fəhminin günahkar kimi sırınmasının əlehinəydim və faciənin ilk günlərində respublikanın Baş prokuroru - mərhum Murad Babayevin yanına gedib ilk ifadə verəcəyimi demişdim və bunun üçün müavin Cəfər Vəliyevə tapşırıq verilmişdi. Orda da izahat yazmışdım. Təəssüflər olsun ki , uzun müddət Bərdədə outran istintaq komissiyasi nədənsə məni dəvət etməmişdilər. Ancaq məhkəmə başlayandan 54 gün ərzində dəfələrlə dəvət olunub axırda getmişdim. Proses başlamazdan əvvəl məni dövlət ittihamçısı Əlixan Əlizadə və mərhum hakim Qüdrət Paşayev otağa dəvət edəndə hakim demişdir ki, Fəhmin tutulmalıdır. Bu işdə bizə kömək etməlisən. Onda da mən buna etiraz edərək demişdim ki, buna məcbur edə bilmərsiniz məni. Elə etməyin ki, mətbuata çıxarım bu təklifinizi. İfadələrimlə Fəhmin razılaş sa, da hökm oxunan günü çıxan qəzetlərdə yazılmışdı ki, Səbirə Mahmudovanın ifadəsinə əsasən Fəhmin Hacıyevə 15 il cəza kəsildi. Onun vəkilləri Osman Kazımov və Yavər Hüseynov bunun həqiqət olmadığını demişdilər.

Qayıdıram Gəncə söhbətinə . Gəncənin qonaq evində kimlər yox idi... Mən Tofik Qasımovu da kənardan gördüm orda. Onu da deyim ki, həmin günlər ora gələnlərin hamısı Surət Hüseynova haqq vermək məqsədini güdmürdülər. Ölkədə vətəndaş müharibəsi baş vermişdi və bunun səbəblərini yerində araşdırılması lazım idi...

Mən Nemətin orda olmasına etiraz edəndə də Surət bəyə demişdim ki ,siz heç bir vəzifəyə getməyəcəksiniz.Belə olanda bizləri itirəcəksiniz. Oturun Gəncədə müharibəni başa vurun. O da cavabında dedi: “Mən heç bir vəzifəyə gedəsi deyiləm. Söz verdiyim kimi Xankəndini də alıb, səni orda icra başçısı təyin edəcəm.”Təəssüflər...




Qonaq evini tərk edəndə Surət bəy dayıya - Nüsrət Budaqova tapşırdı ki, Həcəri tək buraxmasınlar. Gəncədə qarışıqlıqdır. Mən mitinqə gedəcəyimi söyləyib, mühafizədən imtina edib,qapıya yaxınlaşanda mərhum Aypara Əliyevlə birgə kəlbəcərli Saday Nəzərov (Əvəz Şükürovun nümayəndəsi) qarşımı kəsdilər. Məni təqsirləndirib dedilər : “Sən bizim əziyyətimizi yerə vurammarsan. Necə yəni Surət vəzifəyə getməməlidir. Qurbanı biz kəsək özgələrimi bölsün eləmi…?”

Onlara cavab verdim ki, burda bir qurban var o da Surət Hüseynovdur. Gedirəm mitinqdə çıxış edib, sizi biabır edəcəyəm ki, Surət Hüseynovun stolunun altına dinləyici qurğu bağladıb, bütün danışıqları dinləyir bunlar…
Aypara orda sosial demokrat nümayəndəsindən çox Surətin küçəlisi və dostu qismində iştirak edirdi. Hamının da ona rəqbəti vardı . Sonrakı vaxtlar o da Saday Nəzərov da Surət Hüseynova müşavir vəzifəsinə getdilər. Surətdən sonrasa Aypara və Nüsrət həbsdə işgəncələrə dözməyib dünyalarını dəyişdilər. Sadaysa nədənsə ələ keçmədi...

Mən mitinqdə çıxış edib Əli Kərimlidən tutmuş İsa Qəmbərədək müdafiə etmişdim. Çünki tökülən qanlarda onların əlinin olmasına inanmırdım. Sonralar mənə çox mətləblər aydın olacaqdı...

Pənah Hüseynin cızdığı planların vahim sonuncu öz hakimiyyətlərini Heydər Əliyevə ötürəcəkdi və Pənah da məsuliyyətdən qaçıb gizlənəcəkdi. Əliyev hakimiyyətinin ilk vaxtlarındasa təcili onun qəbuluna çağrılan bəndəniz də mərhum Ələmşahın döyüşçüləri olmuş Feyruz və Elgizlə onların maşınında bu qəbula gələrkən Qarasu kəndində Seyidin yeməkxanasında bir stəkan çay üçün əylənəndə Seyid bu uşaqların dostu kimi onlara danışacaqdı keçən gecə yatmayıb yorqundur. Çünki Pənah Huseynin ailəsini Pənahın gizləndiyi fermaya görüşə aparıbmış…
Bəndəniz də bu xəbərin önəmliyini bildiyindən qəbuldan öncə xəbəri onu qəbula çağıranara deyəndə qəbul sonraya saxlanılmışsa da Pənahın tutulmasını eşitmədim həmin günlər...

4 iyundan əvvəl Surətin mərhum atasının qəbri üstünə bomba yerləşdirilibmiş…

Onu da deyim ki, 4 iyundan əvvəl Surətin mərhum atasının qəbri üstünə bomba yerləşdirilibmiş. Bunun haqqında Etibar bəyə bombanı pul müqabilində ora yerləşdirən adamdan informasiya daxil olur və o da məlumatı Surətə öturur. Bomba “Qarabala” ləqəbli Bərdə döyüşçüsü tərəfindən zərərsizləşdirilir. Və həmin Qarabala sonralar Füzuli cəbhəsində erməni tankının tırtılı altına atır özünü. Onun Bərdədə qoyulası baş daşından ötrü dəfələrlə Nazirlər Kabinetinə qəbula gedən qardaşını qəbula buraxmırlar Surətin harın mühafizəçiləri.
Sonralar Qarabalanın Bərdədə pambıq zavodunda işləyən qardaşı mənim yanıma gəlib dedi ki, Kamaz markalı maşınımı satıb hüzrü də yola verdim. Başdaşını da qoydurdum...

İyunun 3-ü cümə axşamına Surət bəyə başsağlığına gəlmiş Qazaxlı Alik Surətə hazırlanan plan haqqında deyir. Surətsə ondan xahiş edir ki, Elçibəyə çatdırın ki, imkan versinlər ayın 13-ü günü atamın 40 mərasimini başa vurum. Ayın 14-cü günü harda istəyirlər görüşək, nə deyirlər eliyək. Müsəlmançılıqdı.Məni nəzərə alsınlar. Alikin əmioğlusu Qabil Məmmədov DİN-in müavini idi o vaxt. Və sonraki gün Gəncədə girov götürülmüşdü…
Hələ çoxlarına gizli qalan mətləbləri növbəti yazımda açacam.

Ardı var.

Miri Məcidli
Femida.az

Xəbərin oxunma sayı : 24808










Müsahibə
img

`Ermənistanı yox, Azərbaycanı seçdik` – Turistlər arasında sorğu

img

Sorğu

Tutduğunuz vəkildən razı qalmısınız?

Səs ver
Nəticəyə bax
img
img