Qəzeti tualetdə oxuyanlar


16:01     22 İyul 2016 IMG_1207-Recoveredhjkhjk.jpg

(Qəzetin sonrakı taleyi bizi maraqlandırmır)


Bəri başdan deyək ki, məramımız heç də ölkəmizdə niyə qəzeti adam balası kimi yox, tualetdə oxuyurlar, niyə qəzet oxumayanların çoxu indi qəzet buraxır, kimi məsələlərdən söz açmaq deyil. Heç kimə qəzet oxutdurmaq da fikrimiz yoxdu. Sadəcə, ildə bir dəfə ellilikə toplanıb qeyd etdiyimiz bu gün haqqında kiçik bir yazı yazmaq istədim. O da bizim qəzet alan təbəqədən.

Açığı, Azərbaycanda müxtəlif yaş qrupundan olan insanların əlinə qəzet dəydiyini biləndə, iki ayağımı əlimə alıb Azərbaycan Nəşriyyatına kimi qaçmaq istəyirəm. Lakin bir qəzetin oxunmasından öncə onun nə məqsədlə alındığı mənim üçün çox önəmlidir. Ona görə sevinməyimi yarıyolda saxlamaq fikrindəyəm.

Əslində, Azərbaycanda qəzetlər oxunmaqdan başqa bir çox alayı funksiyaları yerinə yetirir. İlahi, bizdə qəzet nəyə istifadə edilmir ki? Başqa ölkələrdə insanların ayıbını açıb ortaya qoyan qəzet, bizdə ayıblarımızı örtür.

Məsələn, evdə balıq təmizləyənlər bilir ki, qəzet balığın suyunu çəkmək üçün ən gözəl vasitədir. Vallah elə ailə tanıyıram ki, uşağına 40 qəpik verir ki, “qaç bir qəzet al gətir, balıq təmizləyəcəm”.

Qəzetlə yaxşı toz almaq, pəncərələri silib, yerə tökülmüş suyu qurulamaq olur.
Çörəksatanlar da qəzet alır. Amma çörəyi qəzetdən çıxanlar bilmir ki, qəzeti çörək bükmək üçün alırlar.

Görəsən, ölənlərin günahını bağışlayan Allah, bu dirilərin qəzetə münasibətini bağışlayacaqmı?

Hamının oxumadan hər şeyi bildiyi Azərbaycanda, qəzetdən torba yerinə də istifadə edirlər. Ürəyinizə xal düşməsin, kiminsə torbasını tikməyi demirəm. Marketlərdə istifadə olunur.

Ev quşları saxlayanlar da qəfəsə qəzet sərməyə üstünlük verir. Qəfəsə salınmış qəzeti qəfəsə salsan nə olar, salmasan nə olar.

Qəzet araq almağa gedən kişilərin vazkeçilməzidir desək yəqin ki, yanılmarıq. Qəzetə bükülmüş arağın verəcəyi həzzin təsiri ilə evə qaçanların kənardan görüntüsü isə ayrı bir hadisədi. Qəzetin verəcəyi həzz bu xalqa yaddır.

Hələ qəzetlə ilkin tanışlığı olan məktəblilər onu oxumazdan öncə cırılmış kitablarının üzünə çəkməyi öyrənirlər.

Hərdən xəlvətcə düşünmək istəyirəm ki, bizdə məmurlarda qəzet alırsa bu xalqa ölüm yoxdu. Amma onu da düşünürəm ki, oxumaq üçün yox, məxfi sənədləri bir yerdən başqa yerə göndərmək üçün qəzetin arasında yollayırlar.

Digər ölkələrdə qəzet aydınlanmaq, hansısa bir qaranlıq məqama işıq salmaq üçündür. Bizdə isə işığın qarşısını almaq üçün. (Pəncərələrə tutduğunuz qəzetləri gün saraltmamış çıxarın!)

Boyadan istifadə edən ustalar da təmir işlərində qəzetə biganə qala bilmir. Ustalıqla yazılmış qəzetlərin – fərqi yoxdu tərəfli-tərəfsiz, yaradıcı bir usta əlində sona çatması kimi acınacaqlı hal yoxdu.

Bu siyahını sadalasaq bitməz. Sözümüz odur ki, ölkəmizdə hər yaş qrupunda olan insanlar qəzetdən müxtəlif cür istifadə edir. Ancaq heç kim qəzet oxumur.

***

Niyə Təəccüblənirsiniz? Yoxsa yalan deyirəm?!

Heç, elə bil, səliqə ilə parçalara böldüyünüz qəzetləri müəyyən ehtiyaclarınızı ödəmək üçün ayaqyoluna qoyan siz deyilsiniz.

Qısa bir haşiyəyə çıxım. Yeni öyrənmişəm ki, Qərb ölkələrində insanlar tualetdə qəzet oxumağa daha çox üstünlük verir. Allaha şükürlər olsun ki, “üzü Qərbə, arxası Şərqə” deyə biləcəyimiz bir addım atmışıq. Qəzeti tualetdə oxuyurmuşuq. Necə də ürəkaçan mənzərədi! Amma Qərb insanından fərqli cəhətimiz də var. Onlar tualetdə qəzeti oxuyub davamını sonraya saxlasalar da, bizdə bu prosedur, uzağı, 15 dəqiqlik olur. Çünki bizimkilər tualetə qəzetin dörddəbir hissəsi ilə daxil olurlar. Yazının əvvəlində də dediyim kimi, ayaqyolundakı qəzetin sonrakı taleyi haqqında heç bir məlumata sahib deyilik.

Dünən eşitmişəm ki, bəs ölkəmizdə mətbu orqanlarından biri bağlanıb. Guya, bağlansa nə olar? – Heç nə! Qələmi karandaşdan, karandaşı qələmdən seçməyənlərin vətənində qəzetin sonu ayaqyolunda bitirsə, heç nəyə təəccüblənmirəm, heç siz də təəccüblənməyin!

P. S Azərbaycan nəşriyyatı ilə Yasamal qəbristanlığını sadəcə, bir yol ayırır, daha doğrusu, bir yoxuş!

Oğuz Altay

Femida.az

Açar sözlər:

Oxunub: 10021


Oxşar xəbərlər