Komada olan xəstənin qızıl dişlərini sökdülər: `3 gün sonra xəbər tutduq`


20:16     12 Avqust 2016 sumqayit%20tecili.jpg


Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında komada olan zaman dişləri oğurlandığı deyilən xəstənin həyat yoldaşı Qəmər Qasımova Femida.az-a açıqlama verib.

O bildirib ki, həyat yoldaşı İsmayıl Qasımovun dişləri Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında reanimasiya şöbəsində olduğu zaman oğurlanıb:

“Biz xəstəni Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasından Mərkəzi Klinik Xəstəxanaya gətirəndə ağzında diş yox idi. Hadisədən 3 gün sonra xəbər tutduq. Yoldaşımın dişlərini Sumqayıtda reanimasiya şöbəsində olan zaman oğurlayıblar. Mən xəstəxanaya müraciət edib deyəndə ki, yoldaşımın ağzında 6 qızıl dişi vardı, indi isə yoxdur, onlar cavab verdi ki, biz bilmirik. Xəstəyə tibb bacıları baxırdı. Mən də xəstəyə 10 dəqiqəlik baş çəkə bilirdim. Hazırda yoldaşım reanimasiyadadır”.

Qeyd edək ki, yaxınlarının Femida.az-a verdiyi xəbərə görə, Sumqayıt şəhərində insult keçirən Suraxanı rayon sakini, 1959-cu il təvəllüdlü İsmayıl Qasımov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstə bir neçə gün koma vəziyətində olub. Xəstənin vəziyyətinin pisləşdiyini görən yaxınları dərhal onu Bakıya Mərkəzi Klinik Xəstəxanaya köçürüblər.

MKX-da reanimasiya şöbəsinə köçürülən xəstə komadan ayıldığı zaman, həyat yoldaşı Qəmər Qasımova xəstənin yanına buraxılıb. Xanımı həyat yoldaşının ağzında qızıl dişlərinin olmadığını gördükdə, məlum olub ki, xəstənin qızıldan olan dişləri oğurlanıb.

Xəstənin həyat yoldaşı bu hadisə ilə aidiyyatı qurumlara müraciət edəcəyini qeyd edib.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 6727