Ata həsrəti – 2


14:42     16 Avqust 2016 mehriban%20kose6.jpg

(Bütün atasız qızlara ithaf edirəm)


ATA! İnsan övladı ücün ən dəyərli iki varlıqdan biri, ən çox da qızlar üçün… Ümid yeridir qızların ata… Gələcək həyat yoldaşlarını atasının timsalında axtarar qızlariın əksəriyyəti. İşi çətinə düşəndə atasının yanına gələr, ondan məsləhət istəyər qızlar… Ata! Nə qədər möhtəşəm bir kəlimə!

Amma heç zaman ümid yeri olmadı atam mənim… Heç zaman həyat yoldaşım nümunəsi kimi atamı görmədim, görə bilmədim… İşim çətinə düşəndə heç atamı tapa bilmədim mən…

Özləmirəm atamı, heç zaman da özləmədim... “Atamı çox sevirəm”, “Atam üçün çox darıxıram”, “Atam mənə belə məsləhət verdi” cümlələrini heç zaman anlamamışam, daha doğrusu anlamağa çalişmamışam, anlamayacağımı bildiyim üçün… Atasızılgı “dadan”, onun ağrı-acısını bilən qızlar anlayar məni ancaq… Çox duydum atasızlıgın agrısını zamanında. Agrıdım, sızladım, agladım… Çox uzun müddət… Və keçdi getdi, dərindən yanmiş bir yara kimi “sağaldı” yaram, amma yeri həmişəlik qəlbimdə yer saldı özünə… Dərindən yanmış yanıq yarasının izi kimi iz qoydu qəlbimin ən dərin guşəsində atasızlığım…

Ata qaygısının, ata sevgisinin nə olduğunu bilmədim heç bir zaman… İçim sızım-sızım sızıldadı illərlə… Hərdən qələm götürüb ona yazmaq istədim: “Sən necə bir insansan? Sən necə bir Atasan axı?! Niyə heç bir dəfə də olsa axtarmırsan, aramırsan? Nədən “Mənim axı başqa övladlarım, həm də qız övladlarım da var” demədin? Nədən “mənim iki körpə, köməksiz, atalı ikən atasız böyüyən iki qız övladım da var” demədin?! Niyə, ata, niyə? Niyə bizi – məni və bacımı - dünyaya gəlməyimizə səbəb oldun, əgər qız övladı sevmirdinsə… Məgər insan cinsini özümü seçir, ata?! Məgər qız da oğlan kimi övlad deyilmi, ata?! Bizə o dəyəri, o qayğını və ən ümdəsi ATA SEVGİSİNİ verə bilməyəcəkdinsə, niyə bizi elə ana bətnində məhv eləmədin, ata?! Mən və kiçik bacım nələrdən keçdik, bilmirsən. Sən bilməsən də çoxları bilir, çox insanlar şahiddir bizim həyatımıza. Amma ən böyük şahidimiz Böyük Yaradan oldu. O, gördü, şahidi oldu əzabımızın, göz yaşlarımızın… O gördü atasızlıq üzündən çəkdiyimiz əzabları, O gördü içimizə axan səssiz göz yaşlarını… Axı, göz yaşları da fərqlidir, çöldən görünən göz yaşları və görünməyən, sakitcə daxilə axan göz yaşları… İkinci növ göz yaşları çox acıdır, Ata, hər kəs qaldıra bilməz o göz yaşlarını… Həm də axı, kimsə görməz onları, yalnız ağlayan özü bilər, bir də Böyük Yaradan. Güclü edər bu daxilə axan yaşları səni, tam fərli bir insan olarsan… Heç istəmədiyin… Güclü qadın edər bu göz yaşları səni… İstəmədiyin güclü qadın…

Bilirsən, mən heç istəməzdim güclü qadın olum, Ata, həm də heç istəməzdim… Zərif, ata-ana, qardaş-bacı qayğısı ilə böyüyən, sonra isə ər evində nazı çəkilən zərif bir qadın olmaq istərdim, Ata! Hər zaman həsrətini çəkdiyim bir həyat tərzi… Ancaq heyhat! Arzu olaraq da qaldı bu… Qayğı əvəzinə göz yaşları böyütdü bizi, Ata! Göz yaşları ilə boy atdıq bacımla, böyüdük biz… Sənsiz də böyüdük, ona “böyümək” demək olarsa əgər… “Qızlar bulağından su içdik”, gənc, yaraşıqlı qızlar olduq. Amma qəlbimizdəki nisgil, agrı azalmadı, Ata, əksinə, gün-gündən daha da böyüdü, artdı… O qədər böyüdü ki, qəlbimizdə kiçik bacımla bir-birimizdən gizlətdiyimiz, bölüşə bilmədiyimiz qara bir yara oldu… Səndən söz düşəndə hisslərimizi gizlətdik bir-birimizdən, Ata! Yalandan gülümsədik bir-birimizə və yalandan bir-birmizə və ətrafdakılara “biz atasız da xoşbəxtik!” dedik. Bir-birimizin yalançı və acı gülüşünü gördük, ikimiz də yalançı olduğumuzu yaxşı bilirdik, amma heç birimiz bir-birimizin üzünə vurmadıq yalanşı oldğumuzu… Birimiz atadan danışanda digərimizi anlamasın deyə baxişlarımızı yana çevirdik, söhbəti başqa səmtə cevirdik… Bunun üçün nə qədər gücü bir qız olmaq lazım olduğunu təsəvvür edirsənmi, Ata?!

Qonşu qızlarına elçi gəldi, masa başında ataları oturdu… Bizim masamızın başında oturacaq atamız olmadi, Ata! Yadlar oturdu masa başında…Zamanla qazandığımız “yetim qızlar” ləqəbi əbədi yoldaşımız oldu, Ata! Sənin kimi bir Atanın qızlarına “yetim” demək olardımı?! Sənə yaraşardımı bu?! Uşaqlıqda layiq olmadıgımız, haqq etmədiyimiz sözləri belə eşitdik bacimla oğlanlardan, kişilərdən... Səbəbini soruşanda “yiyəsiz qızlardır, qarşımızı kim kəsəcək?!” dedilər. İllərlə gücümüz ancaq göz yaşlarımıza çatdı kiçik bacımla, anamla… Göz yaşları ilə boy atdıq uşaqlıqdan, böyüdük, yetişdik və gücləndik… Göz yaşları bizi yetişdirdi, gücləndirdi, Ata!

Çox güclü insanam indi… Çox güclü! Qəribə də olsa bir etiraf etməliyəm sənə, Ata! Bu gün sənə borcluyam güclü bir insan olduğumu görə. Bir də sənə görə, sənin yoxluğundan istifadə edib bizi ağladan o pis adamlara və onların yaşatdıqları nəticəsində axıtdığım göz yaşlarına borcluyam. Kiçik bir qəlbi böyüdən göz yaşları həm də… Sən demə, göz yaşları insanı çox güclü edərmiş, Ata! Qəribədir, deyilmi?!

Bir Atanın bir qızın həyatında bu qədər önəmli olduğunu bilmirdim, Ata! Zamanla öyrəndim bunu… Öyrəndim ki, bir qızın həyatında ana qədər önəmli varlıqmış ata əslində… Yaxşı Atası olan qızlara nə qədədr qibtə etdiyimi kaş ki, biləydin! Kaşki mən də övladına sevgi verən atalı qızlardan olsaydim… Kaşki mən də ata sevgisi ilə böyüsəydim… Kaşki imtahana girəndə məni sinənə sıxıb: “qızım, sənə inanıram!” desəydin… Kaşki universitetə girəndə əksər qızların atasi kimi alnımdan öpsəydin… Kaşki universiteti Qırmızı Diplomla bitirəndə “Canım qızım, səninlə qürur duyuram!” desəydin… Kaşki qapıma elçi gələndə masa basında otursaydın və “qızım mənim hər şeyimdir, ona yaxşı baxın” desəydin… Kaşki uğurlarımı, sevinclərimi səninlə paylaşa bilsədim… Kaşki kədərli günlərimdə başımı sinənə qoyub göz yaşlarımı axıda bilsəydim, Ata! Kaşki…

Səni o qədər gözlədim ki, həyatımda… Uşaqlıgımda, yeniyetməliyimdə, gəncliyimdə, hər zaman gözlədim… Gözlərim hər yerdə “Ata” aradı, ata həsrəti ilə yandım yaxıldım… Səni özlədim hər zaman… Zaman tapmadın bizə… Hər zaman ata həsrəti yanıb-qovrulan, səni həsrətlə gözləyən o iki yetim qıza… Zamanın yox idi sənin! Başın qarışmısdı eyş-işrətə…


Uzun illər həyata, dünyaya nifrət edərək yaşadım, Ata! Əgər ona yaşamaq demək mümkünsə… Məni zamanla “güclü” bir insan elədin. Və mən zamanla itirməyi də öyrəndim… Səm mənə itirməyi də öyrətdin, Ata!

İndi həyatı anlayacaq və ona nifrət yox, onu olduğu kimi qəbul edib sevəcək qədər kamilliyə doğru addımlayan bir insanam… Bilirsən, Ata, nifrət hissini öyrəndiyim üçün utanıram bu gün… Bu hissi qəlbində daşımaq nə qədər geri salırmış insanı… İnsanlar nifrət hissi olan insanlardan çox qorxurlar, onları sevmirlər, onlardan yan qaçırlar… Bu hissi bilməyi mən də heç istəməzdim… Sən öyrətdin mənə nifrət hissini… Bunu da sənə borcluyam, Ata!

Heç bir zaman “xoşbəxtəm!” demədim, Ata, deyə bilmədim! Sevərək yaşamadım: nə insanları, nə də həyatı… Hər zaman, ətrafdakılardan qorxdum, çəkindim, əsas da əks cinsdən olan insanlardan… Çox vaxt sözümü zamansız dedim: bəzən vaxtından əvvəl, bəzən vaxtından sonra, bəzən də yersiz dedim. Bəzən də danışmaq lazım olduğunda susdum, bəzən danışmaq lazım olmadığında danışdım… Buna görə çox vaxt itirdim, Ata! Ta ki, yaşamağı öyrənənə qədər…

Bir gün… Bir gün yaşamağı öyrəndim – sənin gəlməyəcəyini dərk etdiyim zaman, Ata! Atasız bir qız olduğumu dərk etdiyim zaman… Zaman hər dərdin dərmanıdır deyirlər. Zaman dərman deyil, Ata, deyil, inan mənə… Pislikələri unutmaq ya d aunutmağa çalışmaq, həyatında yaxşı insanlarla qarşılaşmaq, onların dostluğunu qazanmaq, onların yanında olmaq, öz üzərində çalışmaq, uğur qazanmaq, insanlara lazım olan biri olmaq, onların dərdinə yanmaq, yaxşı və pis gündə yanlarında olmaq, onların da yaxşı və öis günündə sənin yanında olması – bax, budur dərman. Çalışqanlığım, zəhmətkeşliyimlə, doğru-düzgün, mərd biri olduğum üçün gözəl bir ətrafım formalaşdı, Ata!

Zamanla xoşbəxt olmaq üçün nə etmək lazım olduğunu da anladım və qarşıma məqsədlər qoydum… Və o arzulara, amallara, məqsədlərimə tərəf addımlamağa başladım… Lap əvvəldən başladım, Ata, sıfırdan. Məqsədlərim məndən uzaqlaşdılar, mən onlara tərəf getdim… Onlar daha çox uzaqlaşdılar, mən dayanmadım, daha əzmlə yoluma davam etdim… Və zamanla o maneələri bir-bir dəf eləməyə və məqsədlərimə nail olmağa başladım, Ata! Məni tanıyanlar mənə “məqsədyönlü insansan!” dedilər. Bilmirəm, bəlkə də onlar dediyi kimi məqsədyönlü olduğum üçün də yetişdim bir çox arzularıma, məqsədlərimə, Ata, amma məqsədlərimə çatanadək nələr itirdim, bir bilsən… Axı, hər şeyi sənə deyə bilmirəm… Bir onu deyim ki, itirdiklərim tapdıqlarımdan daha çoxdur, Ata!

Bacımla həyatımız zamanla dəyişməyə başladı. “Yetim qızlar” zamanla “xanımlar” oldular, Ata! Bunun mənim üçün nə demək olduğunu anlayırsan?! Ağlamağı tərkitdim və gülümsəməyi öyrəndim yavaş-yavaş… İnsanlara gülümsəməyi, onların üzünə sevinc gətirməyi öyrəndim zamanla, bir çoxlarının həyatına gülüş gətirdim, məna verdim ömürlərinə, sevindirməyi öyrəndim insanları... Bax, onda həyat gözəlləşdi gözümdə, həyatın nə qədər dəyərli olduğumu anladım. Zamanla özümü insanlara yaxşılıq etməyə, həyatlarını dəyişdirməyə həsr elədim və bu, mənim bütün həyatımı dəyişdirdi. İnsanlara xöşbəxtlik gətirmək insanı nə qədər xoşbəxt edirmiş sən demə, Ata!
Ancaq sən bunu çətin ki, biləsən, çünki həyatında yaxşılıq gətirdiyin insan, haqqında yaxşı söz deyən biri hələ rastıma gəlməyib mənim…

Çox şeyə nail oldum, Ata, çox şeyə. Hətta bəzən mənə yuxu kimi gələn şeylərə belə nail oldum həyatımda. Ancaq içimdəki Ata həsrəti, Ata nisgili heç bir zaman bitmədi, Ata! O həsrəti bitirə bilmədim… İçimdəki ata həsrəti ilə yaşayıram… Qəlbimin dərinliyində yurd salmış əbədi bir nisgil, əbədi bir həsrətlə...

Qeyd: Yazının birinci hissəsi başqa saytda yayımlanıb.

Mehriban Nəsib
Femida.az üçün

Açar sözlər:

Oxunub: 16927