• Ana səhifə / Manşet

Xəbər lenti

Liviyanı yenidən Qəddafilər idarə edəcək? – TƏHLİL


Tarix 24.09.16, 12:05


Düz 42 il Liviyaya rəhbərlik etmiş Müəmmar Qəddafi 2011-ci ildə devriləndən sonra ölkə xaosa sürükləndi və daxildə düzənsizlik, özbaşınalıq hökm sürməyə başladı. İŞİD və Əl-Qaidə kimi terror təşkilatları üçün münbit ölkə halını alan Liviyada yenidən Qəddafi rejiminin bərpa ediləcəyinə dair mülahizələr irəli sürülür.


Qərb mediasında dolaşan fikirlərə görə, Müəmmar Qəddafinin yeganə qızı Aişə Qəddafi Liviyada Qəddafi ailəsinin hakimiyyətini bərpa etməklə bağlı gizli plan qurur. 2011-ci ildə Liviyadan Əlcəzairə qaçmağa müvəffəq olan, ancaq 2012-ci ildə məcbur qalaraq İordaniyaya sığınan Aişə Qəddafi intellektual səviyyəsinə və Qərbdə aldığı yüksək hüquq təhsilinə görə də seçilir. O, vaxtilə BMT-nin inkişaf proqramı çərçivəsində səfir kimi çalışıb, QİÇS-ə qarşı mübarizədə, həmçinin qadınların hüquqlarının müdafiəsi sahəsində böyük işlər görüb. O, 2003-cü ildə ABŞ qarşısında Səddam Hüseyni açıq şəkildə müdafiə etməsilə də yaddaşlarda qalıb.

2016-cı ilin fevralın ortalarında Qəddafinin qızı Aişənin Liviyada idarəçiliyi ələ almaqla bağlı plan qurduğu xəbəri yayılmağa başladı. Qeyd etmək lazımdır ki, Liviyanın ən böyük qəbilələri Müəmmar Qəddafiyə sadiq qalacaqlarına and içiblər. Qəddafinin qızı bu fürsətdən faydalanaraq, özünün rəhbərlik edəcəyi gizli birlik qurub, Liviyada NATO-ya qarşı mübarizə hərəkatı formalaşdırmaq istəyir. Bu işdə Qəddafiyə sadiq Liviya ordusundakı general və zabitlərin ona dəstək verə biləcəyi güman olunur. Təbii ki, Aişənin dəstək almasının səbəblərindən biri də onun əhali tərəfindən batmaqda, məhv olmaqda olan Liviyanı yenidən toparlaya biləcək yeganə şəxs kimi qəbul edilməsidir.

Maraq doğuran başqa bir məqam isə 2011-ci ildə Qəddafinin qızı Aişə Qəddafinin sığınacaq üçün İsrailə müraciət etməsidir. "Intelligence Online" kəşfiyyat saytının yazdığına görə, bu işdə ona İsrailin keçmiş prokuroru Nik Kaufman köməklik göstərib.

Birləşmiş Ştatların prezidenti Barak Obamanın avqustun 8-də verdiyi bir açıqlama diqqət çəkir: "Liviyada əməliyyata başladıq, hədəfimiz İŞİD-i məhv etmək, ən əsası isə Liviyada sabitliyi bərpa etmək və tərəfləri bir araya gətirmək olacaq". ABŞ-ın gözlənilmədən Liviyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlamaq niyyəti suallar doğurur. Bunun Aişə Qəddafinin planı ilə bağlı gizli məlumatların yavaş-yavaş üzə çıxması fonunda baş verməsi şübhələri daha da artırır.

Rusiya Prezidenti Vladimir Putinin 2012-ci ildə söylədiyi fikirlər də diqqəti çəkir. O, bildirmişdi ki, Suriyanın parçalanması əleyhinə olan Rusiya Liviya xətasını Suriyada təkrarlamayacaq. Buradan açıq-aşkar görmək olur ki, Rusiya vaxtilə Liviyaya müdaxilə etmədiyinə görə peşmançılıq keçirir. Qəddafinin oğlu Hanibal Qəddafi çevrilişdən sonra Suriyanın paytaxtı Dəməşq şəhərində rusların nəzarəti altında gizlənib. Buradan aydın görünür ki, Rusiya Liviya məsələsində gec də olsa, aktiv çıxış etmək istəyir.

2016-cı ilin 2 sentiyabr tarixində Qəddafinin digər oğlu Seyfülislam Qəddafinin hərbi təyyarə ilə Moskvaya uçduğu informasiyası yayıldı. Fransız dilli xəbər portalı "Mondafrique" yazır ki, atasının ölümündən sonra düz 5 il həbsdə olan Seyfülislam Qəddafi azadlığa çıxan kimi gizli şəkildə Rusiyaya gedib.

Hələ, 2016-cı ilin iyun ayında Rusiya Liviyada qurulacaq yeni hökumətin tərkibinə general Xəlifə Hafterin də daxil edilməsini tələb edirdi. General Liviyanın keçid hökumətini dəstəkləmir, səbəb kimi isə İŞİD-ə qarşı uğursuz mübarizə aparılmasını göstərir. Güman edilir ki, o, yeni qurulacaq ordu və hökumətdə təmsil olunmaq istəyir. Bu yolda ona ən böyük dəstəyi məhz Rusiya verir. SSRİ-də hərbi təhsil almış general Hafterin Rusiya ilə sıx əlaqələri var. O, dəfələrlə açıqlamalarında Rusiyanın terrorizmə qarşı mübarizəsinə dəstək verib.

HazırdaLiviyada yaranan vəziyyət Rusiyaya imkan verir ki, Liviyadakı siyasi proseslərdə birbaşa olmasa da, Kremlə meyilli qüvvələri dəstəkləməklə iştirak etsin. Seyfülislam Qəddafinin Rusiyaya getməsi, general Xəlifə Hafterin Rusiyadan təlimatlar alması, həmçinin Aişə Qəddafinin Liviya rəhbəri seçilmək planı ilə bağlı versiyalar deməyə əsas verir ki, Vaşinqton-Moskva maraqları fonunda Liviya səhnəsində yeni siyasi-hərbi olaylar yaşana bilər.

Fərrux Həsənov
Femida.az

Xəbərin oxunma sayı : 6862










Təhlil
img

`Ermənilər onun dişini özünə çəkdirdilər` - Xocalının canlı şahidi danışır (VİDEO)

img

Sorğu

Tutduğunuz vəkildən razı qalmısınız?

Səs ver
Nəticəyə bax
img
img