Elmar Məmmədyarov nümayəndə heyətini qəbul edib


03:32     29 Sentyabr 2016 mammadyarov_uruqvay_280916.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Nümayəndələr Palatasının sədri Xerardo Amarianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, X.Amaria 29-30 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək Beynəlxalq Humanitar Foruma dəvət olunduğu üçün təmsil etdiyi qurum adından təşəkkürünü bildirib. O, Azərbaycanı dünyada multikultural ənənə və dəyərlərin qorunub saxlanmasına mühüm töhfə verən ölkə kimi xarakterizə edərək, Forum təşəbbüsünün ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Nazir E.Məmmədyarov Azərbaycanın Uruqvay ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirərək, iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. İki ölkə arasında münasibətləri daha da gücləndirmək üçün siyasi məsləhətləşmələr mexanizminin davam etdirilməsinin vacibliyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verən E.Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüquq normalarına müvafiq olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğulayıb.

Görüşdə həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, humanitar, mədəniyyət və təhsil sahəsində əlaqələrin təşviqi kimi məsələlər də müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1040