Şəmkirdə şəkər emalı zavodu açılacaq


17:47     29 Sentyabr 2016 seker%20emali.jpg

"Azərsun Holdinq" mütəxəssisləri tərəfindən qışlıq şəkər çuğundurunun əkinləri istiqamətində aparılmış elmi-tədqiqat işləri və təcrübələri uğurla nəticələnib.


Femida.az xəbər verir ki, həyata keçirilmiş bu yeniliyin hesabına artıq qış mövsümündə də şəkər çuğunduru yetişdiriləcək, nəticədə İmişli Şəkər Zavodunun xammal ilə təmin edilməsində yerli məhsulun nisbətində artım qeydə alınacaq. Əgər əvvəllər adıçəkilən müəssisəyə istehsal üçün ildə bir dəfə şəkər çuğunduru verilirdisə, indi bu say ikiyə çatdırılacaq.

Eyni zamanda şirkətlər qrupu Şəmkir rayonu ərazisində şəkər çuğunduru əkinlərini həyata keçirib ki, bu addım da uğurla nəticələnib, gələn ildən isə bu sahələr genişləndiriləcək və yeni şəkər emalı zavodu inşa ediləcək. Nəticədə isə ətraf bölgələrdə də şəkər çuğunduru əkinləri geniş vüsət alacaq. Beləliklə Şəmkir və digər rayonlarda yaşayan insanların sosial-rifah halının yüksəlməsinə və işlə təmin olunmasına mühüm töhfə verilmiş olacaq.

Şəkər çuğunduru əkini ilə məşğul olan fermerlər isə məhsullarını daha yaxın ərazidə yerləşən müəssisəyə təhvil verə biləcəklər ki, nəticədə daha az zaman itirərək daha çox gəlir əldə edə biləcəklər. Bu yeniliklər barədə məlumat şəkər çuğunduru qəbulu mövsümünün başlanılması ilə əlaqədar olaraq “Azərsun Holdinq” və İmişli rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyd olunmuş Şəkər bayramında verilib.

Tədbir çərçivəsində millət vəkilləri, rayon icra hakimiyyətinin nümayəndələri və şirkətlər qrupunun rəhbər şəxsləri iştirak ediblər. İmişli Mədəniyyət evində konsert proqramı təşkil edilib.

İmişli rayonu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək, son illər ərzində əldə edilən uğurlar, yaradılan yeni iş yerləri barədə ətraflı məlumat verib, sakinləri bu bayram münasibəti ilə təbrik edib.

“Azərsun Holdinq”in baş direktoru Savaş Uzan isə şəkər çuğunduru sahələrinin ildən ilə genişləndirildiyini, bununla da İmişli və ətraf rayonlarda yaşayan insanların sosial-rifah halının yüksəldilməsinə mühüm töhfə veriləcəyini bildirib. Tədbirdə ölkənin 29 rayonunda 3 000-ə yaxın fermer təsərrüfatları tərəfindən yetişdirilən şəkər çuğundurunun qəbuluna start verildiyi bildirilib.

Qeyd edək ki, “Azərsun Holdinq” əkin ərazilərini mövcud 7 500 hektardan 10 000 hektara yüksəltməyi nəzərdə tutub ki, ki, burada da təxminən 400 min ton çuğundurun yetişdirilməsi planlaşdırılır. Daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, sahələrin genişləndirilməsi nəticəsində çoxlu sayda insanın işlə təmin olunması həyata keçiriləcək, hazırda 100 min nəfər qədər olan bu rəqəmin daha da artırılması mümkün olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1441