`Elçibəyin davamçılarında xalq sevgisi yoxdur` - Novella Cəfəroğlu (MÜSAHİBƏ)


17:25     30 Sentyabr 2016 735.jpg

“Xaricdən Azərbaycanı söyənlərə nifrət edirəm”;

“Onlar Azərbaycanı söymək üçün pul alırlar”;

“Gəlsinlər ölkəmizə, onlara hər cür şərait yaradaram”;

“Xədicə İsmayıl kimi, onlar da Azərbaycanda rahat fəaliyyət göstərə bilərlər”;

“Talıbov olmasaydı, Naxçıvan məhv olardı”;

“Polis Floranın saçından tutub sürümək istədi, parik polisin əlində qaldı”;

“Elçibəyə dedim ki, sənə görə hər şeyimi itirdim”;

“DİN-in polkovniki ilə rayonları gəzmişəm”;

“Parlamentdə canla-başla işləyən deputatlarımız var”;

“Mən Azərbaycanı, övladlarım isə öz vətənlərini seçdi”.


Femida.az “de-yure” layihəsini davam etdirir. Növbəti müsahibimiz Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri hüquq müdafiəçisi Novella Cəfəroğludur.

Müsahibəni oxuculara təqdim edirik:

Bir neçə gün bundan əvvəl ölkədə referendum keçirildi. Səsverməyə insan hüquq və azadlıqları ilə bağlı bir neçə əlavə və dəyişiklik təklif olunmuşdu. Hüquq müdafiəçisi kimi ilkin dəyərləndirmələrinizi bilmək istərdik...

Məni referendumdan sonra atılacaq addımlar maraqlandırır. Yəni islahatlar keçiriləcək, ya yox? Daha çox məni bu sual ətrafında düşünürəm. Maddələrə dəyişiklik və əlavələrin edilməsi qanuni əsasa söykənir. Azərbaycan qanunvericiliyində boşluqlar çoxdur. İstər məhkəmələr, istərsə də vəkillik fəaliyyəti ilə bağlı sistemli islahatlar həyata keçirilməlidir. Bu gün rayonlarımızda vəkil çatışmazlığı var. Bir sözlə, referendumun ardından kompleks tədbirlər həyata keçirilməlidir.

Ömrünüzü qadın hüquqları uğrunda mübarizəyə həsr etmisiniz. Bu sahədə hazırkı vəziyyət nə yerdədir?

Sevindirici məqam ondan ibarətdir ki, əgər əvvəllər qadın hüquqlarının pozuntusu ilə bağlı ərizələrin 25%-ni udurduqsa, indi bu rəqəm 75%-ə qalxıb. Bu, yüksək nəticədir. Lakin 90-cı illərlə müqayisədə qadın hüquqlarının pozuntusu faktları da çoxalıb. Əvvəllər qadınlar öz hüquqlarını müdafiə etməkdən utanırdı, qorxurdu. Amma hazırda qadınlar oyanıb. Zorakılığa məruz qalan qadınlar artıq ərizə ilə müvafiq qurumlara müraciət edirlər. Bizə də tez-tez müraciətlər daxil olur, qadınlar dərdlərini bizə danışırlar.



Əvvəlki dövrlərlə müqayisədə Azərbaycan qadınının cəmiyyətdə çəkisi artıbmı?

Bu gün Azərbaycan qadını daha özgürdür. Sovet hakimiyyətinin devrilməsi ilə cəmiyyətdə qadınların rolu artmağa başladı. Ailələrdə qadın hegemoniyası açıq-aşkar hiss olunmaqdadır. Qadınlarımız faktiki olaraq ailədə məsuliyyəti öz üzərlərinə götürüblər. Hazırda ailə dolandıran minlərlə qadınlarımız var. Azərbaycan qadını tarix boyu müstəqil olub. Bir neçə yüz il əvvəlki dövrə nəzər salsaq, görərik ki, qadınlarımız kişilərlə çiyin-çiyinə döyüşüblər, dövlət idarəçiliyində iştirak ediblər. Qadınlarımıza güvənmək lazımdır!

Qadın hüquqları uğrunda mübarizəyə qoşulan vaxtlar ətrafınızda xeyli qadın var idi. Lakin sonradan o qadınlar sizdən ayrılıb özləri cəmiyyət qurdular. Bu parçalanma nə ilə bağlı idi?

Mən hər bir qadına təmənnasız kömək etmişəm. Rəhbərlik etdiyim cəmiyyətdən 10-15 lider qadın yetişib. Onların hərəsi bir cəmiyyət qurub. Daha dəqiq desək, müstəqil pul qazanmağı üstün tutdular. İndiyə qədər də həmin qadınlara köməklik göstərirəm. Elə olur ki, birgə seminarlar təşkil edirik, qarşılıqlı fikir mübadiləsi aparırıq və s.

Vaxtilə birgə çalışdığınız insanlardan sizdən inciyəni olubmu?

Bəli, olub...

Hansı səbəbə görə?

Siyasi baxışlarımızda olan fərqlərə görə.

Milli azadlıq hərəkatımızın öncüllərindən olmusunuz. Həmin dövrləri necə xatırlayırsınız?

Ailəmiz türkçü olsa da, mən Azərbaycanla bağlı heç nə bilmirdim. Hətta Elçibəylə tanış olana qədər Məhəmməd Əmin Rəsulzadənin kim olduğunu bilməmişəm. Elçibəylə tanış olandan etibarən Azərbaycanı tanımağa, tariximizi öyrənməyə və nəhayət, Azərbaycan uğrunda mübarizəyə başladım. 1969-cu il idi. Kələkidə laboratoriyada işləyirdim. Elçibəylə ilk dəfə həmin il çalışdığım laboratoriyada görüşdüm. O, mənə bayrağımızı göstərdi, Rəsulzadə və Atatürk barədə danışdı. Həmin görüşdə mən XX əsrin əvvəllərində demokratik dövlət qurduğumuzu anlamışam.

Meydanlarda döyülmüsünüzmü?

Əlbəttə ki, döyülmüşəm. Saçımı da yolublar. Bir epizod danışım. Deməli, Axundov kitabxanasının qarşısında idik. Tənzilə Rüstəmxanlı və Sabir Rüstəmxanlı da orada idi. Polislər var idi. Mən Tənziləni qucaqladım. Polis belimdən elə vurdu ki, şaqqıltı səssi gəldi. Elə hiss etdim ki, belim yerinə düşdü və rahatlaşdım. Polisə dedim ki, çox sağ ol, oğlum, 4 gün idi ki, bel ağrısından ölürdüm. Polis dedi ki, bunların hamısı dəlidir. Saçım o qədər yolunub ki, başımın ortası keçəl qalıb. Bir dəfə Flora Kərimova da aksiyada iştirak edirdi. Polis Flora xanımın saçından tutub uzaqlaşdırmaq istədi, onun saçı polisin əlində gəldi.



Elçibəyin AXCP-si niyə dağıldı?

Davamçılarının liiderlik eşqi. Hərəsi öz partiyasını yaratmaq istədi.

Bu gün siyasət meydanlarında olanlar özlərini Elçibəyin davaçıları adlandırır. Sizcə, onlar Elçibəyin davamçısı olmağa layiqdir?

İndikilərdə Elçibəy ürəyi yoxdur. Elçibəyin yanında cılızdırlar. Elçibəy heç vaxt liderlik arxasınca qaçmayıb. Onun bir şüarı var idi: Birləşmək! İndikilər isə parçalanmağı üstün tuturlar. Hazırkı müxalifət adlandırdığımız kəsimlər liderlik uğrunda bir-biriləri ilə mübarizə aparır. Bir sözlə, Elçibəyin davamçılarında xalq sevgisi yoxdur. Amma onu da deyim ki, bu gün müxalif partiyaların rəhbərlərinə böyük hörmətim var.

Bəs, xaricdən Azərbaycana qarşı kampaniya aparanlara münasibətiniz necədir?

Mən Azərbaycan dövlətini sevən insanları sevirəm. İqtidar da, müxalifət də nə vaxtsa dəyişəcək. Amma dövlətimiz qalacaq. Kənardan Azərbaycanı təhqir edənlərə, söyüş söyənlərə nifrət edirəm. Unutmasınlar ki, onlar Avropadan Azərbaycan iqtidarını yox, Azərbaycan dövlətini söyürlər. Belələri Azərbaycana layiq insanlar deyil. Gəlsinlər, otursunlar Azərbaycanda və burdan istədiklərini desinlər. Biz necə fəaliyyət göstəririk? Bütün nöqsanları yeri gələndə deyirik. Gəlin, hamımız birləşək, bir yerdə fikrimizi deyək. Azərbaycana gəlsələr, onları sinəmizlə qoruyarıq. Həmişə də qorumuşuq. Söymək istəyirlərsə, gəlib Azərbaycandan söysünlər. Onlar söymək üçün pul alırlar. Xədicə həbsxanadan çıxıb və fəaliyyətini davam etdirir. Siz də Xədicə kimi oturun Azərbaycanda ürəyinizdən keçənləri deyin.

Avropa Şurasında keçirilən görüşlərə gedirsinizmi?

Əvvəllər gedirdim. Lakin bir hadisə oldu və mən o gündən etibarən Avropa Şurası ilə əməkdaşlığı dayandırdım. Deməli, səhv etmirəmsə, 2008-ci il idi. Prezident İlham Əliyev Avropa Şurasında görüşlərə qatılmışdı. Bu vaxt xaricdə yaşayan azərbaycanlı fəallar tərəfindən prezidentimiz əleyhinə xoşagəlməz şüarlar səsləndirildi. Mən özümü təhqir olunmuş hesab etdim. Dövlətimiz, xalqımız təhqir olundu. Nə ermənilər, nə də gürcülər həmin görüşdə öz liderlərinə qarşı o cür nalayiq şüarlar səsləndirmədi. Halbuki, həm Ermənistanda, həm də Gürcüstanda yüzlərlə siyasi məhbus var. O gündən Avropa Şurasında keçirilən toplantılara qatılmıram.



Vaxtilə Azərbaycana külli miqdarda qrantlar daxil olardı. Bu gün necə?

Azərbaycana yenə də qrantlar daxil olur, sadəcə olaraq biz almırıq. Bu gün qeyri-hökumət təşkilatları başqa ölkələrdə hesab açıb qrantları məhz həmin hesablardan götürürlər. Ən böyük zərbəni bizim kimi şəffaf işləyən QHT-lər aldı. Biz heç vaxt vergidən yayınmırdıq. Fəaliyyətimizi tamamilə qanuni əsaslar üzərində qurmuşduq. Daxili İşlər Nazirliyinin polkovniki ilə bütün rayonları gəzmişəm. Məktəblərdə komitələr qurmuşuq. İşin ən pis tərəfi isə vaxtilə bizə verilən həmin pullar hazırda Ermənistan və Gürcüstana göndərilir. İş o yerə çatıb ki, biz də Gürcüstanda hesab açıb pul almaq istəyirik. (gülür – red.)

Vaxtilə ölkəyə axan qrantların nəticəsi nə oldu? Vətəndaş qazandı, yoxsa QHT-lər?

Vətəndaşlar qazandı deyə bilərik. Çünki bu gün vətəndaşlarımız ən azından öz hüquqlarını tələb edə bilirlər.

Bu gün dövlətin ayırdığı qrantlar kifayət edirmi?

12-13 min manatlıq qrantlarla nə etmək olar axı?! Bu məbləğlı iki regiona gedib hansısa işi görmək olar. Təbii ki, kifayət etmir.

Novella Cəfəroğlu niyə deputat seçilmək istəmir, yüksək dövlət vəzifəsinə can atmır?

Çünki heç vaxt vəzifə arzusunda olmamışam. Mənim işim elədir ki, həm millət vəkiliyəm, həm də yüksək vəzifədə çalışıram. Milli Məclisdə çoxlu dostlarım var. Regionlarla bağlı işimiz olan kimi deputatlarla əlaqə saxlayırıq. Sağ olsunlar, heç vaxt köməklərini əsirgəməyiblər. Parlamentdə canla-başla işləyən deputatlarımız var. Təkcə deputatlarımız yox, digər dövlət qurumlarımızın da həmişə dəstəyini görürük. Əsas odur ki, dialoq işini yaxşı qurasan. İndiyə kimi elə hal olmayıb ki, bizi hansısa məmur qəbul etməsin. Rahatlıqla ya nazir, ya da nazir müavininin qəbulunda ola bilirik. İndiyə qədər bütün ərizələrimizə, müraciətlərimizə vaxtında münasibət bildirilib.

Ən yüksək dövlət vəzifələrində çalışanlar içərisində dostluq münasibətləriniz olan varmı?

Əlbəttə ki, var. Çoxunun uşaqlığı mənim yanımda keçib.

Kimlərdi həmin vəzifəlilər?

Deyə bilmərəm.

Rəhbərlik etdiyiniz qurumda neçə nəfər işləyir?

Bizim cəmiyyətimizdə 20 nəfərə yaxın işçi var.

Hamısının dolanışığı təmin olunurmu?

Bəziləri təcrübə keçir. Təqribən 10 nəfər işçi məvacib alır.

Məvacibin məbləği yüksək olur?

Qrant olanda yüksək olur, olmayanda isə az. Biz artıq bu həyata öyrəşmişik. 300 manata da işləmişik, 200 manata da, 100 manata da.

Bildiyimiz qədərilə, Turqut Özalla bağlı maraqlı xatirələriniz olub...

Onunla bağlı çox xatirəm olub. Ən maraqlısını danışım. Bir dəfə Turqut Özal iqamətgahında bizi qarşılayırdı. Əbülfəz Elçibəy və nazirlər də orada idi. Protkola əsasən, əvvəlcə Elçibəy, sonra nazirlər, daha sonra isə biz içəri daxil olmalı idik. Elə oldu ki, birinci biz Turqut Özalla görüşəsi olduq. Bu zaman Turqut Özal çox təəccübləndi və məni işarə edərək dedi ki, baş nazir budur? Qadınlardan ibarət bir dəstə Turqut Özalın qarşısına çıxmışdı. Çox gülməli vəziyyət yaranmışdı.

Bir az da ailənizdən danışaq. Biriniz naxçıvanlı, o biriniz isə yəhudi. Necə oldu ki, yəhudi ilə ailə həyatı qurmağa qərara aldınız?

Hesab edin ki, mənim ailə həyatı qurduğum yəhudi Əbülfəz Elçibəyin ən yaxın dostlarından idi. Türk millətçisi Elçibəy yəhudi ilə yaxın dost idi. Yoldaşım ixtisasca geoloqdur. Hazırda İsraildə yaşayır.

Övladlarınız nə işlə məşğuldur?

3 övladım var. Hər üçü İsraildə yaşayır. İkisi professordur: geofizik və riyaziyyatçı. Biri isə həkimdir. Onlar öz vətənlərini seçdilər, mən də öz vətənimi. Mən sona qədər Azərbaycanda oturub ölkəmiz üçün çalışacam. Riyaziyyatçı oğlum tez-tez Bakıya gəlir və ixtisası üzrə mühazirələr deyir. Kiçik oğlum Azərbaycanda tibbi klinika açmaq istəyir. İkisinin arvadı azərbaycanlıdır, birininki isə yəhudidir. Övladlarım Azərbaycanı çox sevir. İldə 2-3 dəfə Azərbaycana gəlirlər.

İsraildə yaşayan oğlu


Bu günə qədər olan uğurlarına görə Novella Cəfəroğlu kimə minnətdardır?

Əbulfəz Elçibəyə.

Elçibəylə mübahisə etdiyiniz məqamlar olub?

Bir dəfə Elçibəyə dedim ki, sənin üzündən hər şeyimi itirdim. Mənə dedi: “Səni universitetdə 3-4 nəfər tələbə, bir də fəhlələr tanıyırdı. İndi isə dünyada tanınırsan. Sən mənə borclusan, mən sənə yox. Milli hərəkata qoşulmağınla dünyada tanındın”. Zarafatla desə də, bu sözləri mənə dedi.

Elçibəyin ailəsi ilə əlaqə saxlayırsınız?

Elçibəyi tanıyandan bu günə qədər onun ailəsi ilə mütəmadi olaraq əlaqə saxlayıram. Elçibəyin oğlu və arvadı hazırda Koroğlu küçəsində (“Varovski”) yaşayır. Qızı isə övladları ilə birlikdə Türkiyədə yaşayır. Dövlət Elçibəyin ailəsini hər şeylə təmin edib. Oğlu Fövqəladə Hallar Nazirliyində çalışır, amma çox tənbəldir. Ailəliklə türkçüdürlər.

Naxçıvanda vəziyyət necədir?

Vasif Talıbov Naxçıvanı cənnətə çevirib. O olmasaydı, Naxçıvan məhv olub getmişdi. Naxçıvan bir tərəfdən Ermənistan, digər tərəfdən isə İranla həmsərhəddir. Talıbov İran radikallarının Naxçıvana girişinə icazə vermədi. Naxçıvana Talıbov kimi insan lazım idi. Hazırda Naxçıvanın ən ucqar nöqtələrinə belə qaz çəkilib. Abadlıq işləri ən yüksək səviyyədədir.

Ceyhun Əhmədli
Fotolar: Elvin Abdulla

Femida.az

Açar sözlər:

Oxunub: 7559


Oxşar xəbərlər