Ayaqlarım yerdən üzüləndə...


19:57     04 Oktyabr 2016 12711145_959675830795342_8639525390170423688_o2.jpg


Sözsüz mahnıları dinləməyi daha çox sevirəm. Çünki o zaman melodiyanın tək ssenari müəllifi, tək rejissoru özümü zənn edirəm. Bir nəfərlik böyük bir kinoteatr yaradıram o musiqi ilə. Sanki oradakı duyğuları, hissləri mən yönləndirir, baş rolları mən seçir, xoşbəxt sonluğu mən yazıram. Sevincləri ən birinci mən yaşayıb sevinmək, kədərləri ən birinci mən yaşayıb ələmə bürünmək istəyirəm. Elə bil son damlasına kimi o musiqiyə aid hər şeyə mən sahib olmaq istəyirəm. Hətta bəzən özüm də girirəm oyuna. Yanımda sevdiyim aktyorları, xəyalımda tanımadığım özümü görürəm.

Yavaş-yavaş ayaqlarım yerdən üzülür, uçuram... Sanki cismani hər şeyi - əzablarımı, sıxıntılarımı, ağrılarımı, çiynimdəki yükləri – yerdə qoyub göylərə pərvazlanıram. Üzümdə çətinliklərdən arınmışlığın verdiyi təbəssüm, dərimdə çirkli bataqlıqlardan uzaqlaşmanın verdiyi mərmər bəyazlıq, saçlarımda buludların qoxusu var...

Çox adam var burda. Mən, bu filmin yeganə tamaşaçısı deyiləmmiş. Bu adamlarla danışıram, söhbətləşirəm. İnsan kimi yaşamağın insan olmaqdan daha çətin olduğunu izah etməyə çalışıram. Yer qayğılarının ağırlığı altında əzilmiş, lakin qamətini dik tutub gözlərinin altındakı kədər qırışlarını aralayıb gülümsəməyə çalışan – başqa sözlə, xoşbəxtliyi təqlid edən bədbəxtlərdən danışıram... Ancaq burda heç kim ağlamır, heç kim xəstə deyil, ayrılıqlar yoxdur, məcburi ayrılıqlar isə heç yoxdur, saxtakarlar, yaltaqlar yoxdur.

Sonra... sonra yavaş-yavaş mahnı bitməyə başlayır. Çalınan hər son not məni bir az da yaxınlaşdırır Yerə. Bayaq yerdə qoyduqlarım qucaq açıb məni gözləyirlər, yenə həbsxanaya salacaqlar məni. Üzümdəki təbəssüm də itir, saçlarımdan da xoşum gəlmir. Sevimli aktyorlarım, tanımadığım özüm də yox olur. Budur, yenə aktyorlarla, tanıdığım özümlə və minlərlə tamaşaçıyla bir yerdəyəm. Bu dəfə təəssüf ki onlar mənim xəyalımda yox, həqiqətən oynayırlar.

Alqışlar... Heç susmayan alqışlar....

Türkan Məmmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3294


Oxşar xəbərlər