Tövlədə saxlanılan qızlar: Kimlər həbs olunacaq? - Hüquqi şərh


15:02     07 Oktyabr 2016 imisdl%20(1).jpg

İmişli rayonunda atanın öz qızını zəncirləmiş vəziyyətdə neçə illərdir tövlədə saxlaması ölkədə geniş rezonansa səbəb olub. Qızlardan birinin işgəncələrə dözməyib ölməsi, digərinin isə ayaqlarının tutulması onların çəkdiyi əzab-əziyyəti gözlər önündə canlandırır.

Ata törətdiyi əməli onunla əsaslandırdı ki, guya qızlarının ruhi-nevroloji xəstəliyi var imiş və buna görə də onları zəncirlənmiş vəziyyətdə saxlayırmış. Hadisədən xəbərdar olduğunu deyən icra nümayəndəsinin müvafiq qurumlara xəbər verməməsi isə əlavə müzakirə mövzusuna çevrildi.

Femida.az məsələnin hüquqi tərəflərini araşdırıb.

Vəkil Sadiq Əfəndiyev Femida.az-a açıqlamasında bildirdi ki, hazırda qüvvədə olan cinayət prosessual qanunvericiliyinin tələblərinə görə, törədilmiş və ya hazırlanan cinayətlər haqqında kütləvi informasiya vasitələrinin məlumatları cinayət təqibinin başlanması üçün əsasdır:

“Cinayət Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq kütləvi informasiya vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən kütləvi informasiya vasitələrinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir. Ümumiyyətlə hər hansı bir cinayət əməlinin hüquqi cəhətdən düzgün qiymətləndirilməsi üçün əməl tam, hərətərəfli və obyektiv araşdırılmalı, istintaq çərçivəsində arşdırmanın aparılması üçün isə ilkin olaraq Cinayət Məcəlləsinin uyğun maddələri ilə fakta görə cinayət işi başlanmalıdır”.

Vəkilin sözlərinə görə, valideyn ömürlük azadlıqdan məhrum edilə bilər:

“Televiziyada verilmiş məlumatlardan görünür ki, valideyn öz yetkinlik yaşına çatmayan övladlarını tövlədə saxlamaqla onları uzun müddət qanunsuz olaraq azadlıqdan məhrum etmiş, nəticədə həmin uşaqlardan biri ölmüşdür. Qanunsuz azadlıqdan məhrum etmə əməli Cinayət Məcəlləsinin 145-ci maddəsində nəzərdə tutulmuşdur. Lakin valideynə istinad olunan əməl adam öldürmə hərəkətlərinə dəlalət etdiyi və digər uşağın meyiti aşkar olunduğu, yaxud onun ölməsini ehtimal etməyə kifayət qədər əsas verən sübutlar olduğu halda ən azından adam öldürmə cinayətini nəzərdə tutan Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə prokurorluq orqanları tərəfindən fakta görə cinayət işi başlanmalı və istintaq aparılmalıdır. İstintaq zamanı toplanmış sübutlar əsasında gəlinmiş qənaətdən asılı olaraq valideynin əməli Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə qiymətləndirilərə bilər. Məsələn, istintaq zamanı sübut olunsa ki, valideynin məqsədi uşaqlarını öldürmək olmuş və o, bu məqsədini həyata keçirmək üçün onları tövlədə saxlayaraq əzab və işgəncə vermişdir, bu zaman ona verilən ittihamlardan biri də CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş və on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılan “xüsusi amansızlıqla adam öldürmə” ilə bağlı olacaqdır. Yox əgər, valideynin öldürmək məqsədi sübut olunmasa və onun məqsədinin yalnız uşaqlarının qanunsuz azadlıqdan məhrum edilməsi ilə bağlı olduğu sübut olunarsa, bu halda ona verilən ittiham CM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası cəzalandırılan “ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan qanunsuz azadlıqdan məhrum etmə” ilə bağlı olacaqdır”.

Sadiq Əfəndiyev vurğuladı ki, uşaqlarda ruhi-nevroloji xəstəliyin olması onlara qarşı hər hansı bir cinayətin törədilməsinə əsas verə bilməz:

“Verilən ittihamlardan asılı olmayaraq cinayət əməlinin iki şəxsə, eləcə də yetkinlik yaşına çatmayan şəxslərə qarşı yönəlməsi hər bir halda ağırlaşdırıcı hallardır və istintaq zamanı əməl həmin hallara uyğun tövsif ediləcəkdir. Efirə verilmiş süjetdən göründüyü kimi, valideyn öz əməlinə uşaqlarının özünü idarə edə bilməməsi, əsəbi olmalarını əsas gətirməklə haqq qazandırır. Lakin nəzərə almaq lazımdır ki, uşaqlarda hər hansı bir nevrotik, yaxud ruhi xəstələyin olması heç də onlara qarşı hər hansı bir cinayətin törədilməsinə əsas verə bilməzdi. Əgər doğurdan da uşaqların ruhi-əsəb sistemində problemlər vardırsa, bu halda valideyn onları tövləyə yox, tibb müəssisəsinə yerləşdirməklə qanunauyğun hərəkət etmiş olardı”.



Hadisədən xəbərdar olan icra nümayəndəsinin müvafiq qurumlara xəbər verməməsi məsələsinə toxunan vəkil bildirdi ki, icra nümayəndəsi cinayət barədə hüquqmühafizə orqanlarına, ən azından tabe olduğu yerli icra hakimiyyətinin başçısına məlumat verməli idi. Məlumat verilmədiyi halda onun barəsində cinayət işi açıla və o, beş ilədək azadlıqdan məhrum edilə bilər:

“O ki qaldı cinayəti bilib lazımi orqanlara xəbər verməyən icra nümayəndəsinin məsuliyyətinə, nəzərə almaq lazımdır ki, cinayət barədə xəbər vermək vəzifəsi icra nümayəndəsinin xidməti vəzifələrindən irəli gələn məsələdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və həyata keçirilməsi üçün tədbirlər görmək yerli icra başçısının əsas vəzifələrindən biri kimi nəzərdə tutulmuşdur. Təbii ki, inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə yerli icra başçısı öz səlahiyyətlərini həmin dairələrdə olan nümayəndələri vasitəsilə həyata keçirir. Belə olduğu halda icra nümayəndəsi bildiyi cinayət barədə hüquqmühafizə orqanlarına, ən azından tabe olduğu yerli icra hakimiyyətinin başçısına məlumat verməli idi. Bu cür məlumat verilmədiyi halda onun əməli CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan səhlənkarlıq kimi qiymətləndirilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər”.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı artıq cinayət işi açılıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 9913