• Ana səhifə / Manşet

Xəbər lenti

`Bethovenə `mama uşaqları` qulaq asır` – Meyxanaçı


Tarix 10.12.16, 13:09


“Belələrinin ancaq cinsi oğlandır”


Femida.az “Dəxlisiz” lahiyəsində növbəti müsahibəni oxuculara təqdim edir.

Tanınmış meyxanaçı Mehman Əhmədli ilə müsahibə:

Meyxana-bədihə "qarşıdurması"nın sonu nə yerdə qaldı?


Bu mövzunu kim isə özünü reklam etmək üçün ortalığa atmışdı. Meyxana olub, var və olacaq. O söhbətə qayıtmırıq.

Meyxana həyat tərzidir, yoxsa sənət?

İnsanın sənəti onun həyat tərzidir. Mənim işim meyxana deməkdir, dolanışığım meyxanadan çıxır, həyatım da bunun üzərində qurulub.

Sənət hesab edirsinizsə, musiqi məktəblərinin tərkibində “meyxana” bölməsi də açılmalıdır axı...

Bu mövzu bizim yaralı yerimizdir. Bir neçə il öncə çalışdım ki, məsələni gündəmə gətirim. Bizim sənətin inkişaf edəcək daimi yeri, dayanacağı yoxdur. Yersiz-yurdsuz Azərbaycana məxsus sənətdir. Məkanımız bir müddət çayxana, klublar, mədəniyyət evləri olub. Elə bir məkan yaradılmır ki, biz orada yığılaq, meyxananı oradan idarə edək və onu qoruyaq. Aşıqlara, muğama yiyəlik edən çıxdı, onlara bir gün ağladılar. Ümid edirik ki, bizi də sahiblənəcəklər. Meyxana birliyi, yaxud cəmiyyəti yaradıla bilər. Bundan sonra meyxanaya sənət deyəcəklər.

Niyə meyxana deyənlərə münasibət birmənalı deyil?

Doğrudur, əvvəlki qədər də olmasa da, yenə də meyxana deyənlərə narkoman, avara, sərxoş kimi baxırlar. Amma bu yalnışdır, meyxana deyənlərin adı çıxıb. İncəsənətin başqa sahələrində bu cür insanlar yoxdur ki?!. Sadəcə olaraq meyxana deyənlərin bir neçəsinin adı kriminal aləmdə çəkildiyinə görə, yaddaşda da o cür qalıb. Ancaq bu o demək deyil ki, meyxana deyən insan narkomandır. Siqaret çəkmirəm qaldı ki, narkotik qəbul edəm.

Bəlkə bu, meyxananı sənət yox, həyat tərzi kimi görməkdən irəli gəlir...

Nə qədər ki, meyxanaçılar çay evində, klublarda, tinlərdə yığışıb məşq edəcək, narkoman adı meyxana deyənlərin üstündən götürülməyəcək.

Bədahətən deyilən meyxana üçün müəllim nəyə gərəkdir?

Bu istedad insana Allah tərəfindən verilir, hər adama da meyxana demək bacarığı qismət olmur. Amma istedadı artırmaq, onu bədahətən gələn sözləri şəkilləndirmək üçün müəllim lazımdır. Müəllim şagirdinə meyxana deməyin yollarını - qafiyəni, bəhrləri, vəznləri öyrədir. Daha sonra toylara, məclislərə özü ilə aparır və oradakı deyişmələrlə özünü təkmilləşdirirsən.

Meyxana deyənlərin çoxu Bakı kəndlərindən çıxır...

Azərbaycana səyahət edən bir yazar kitabında qeyd edir ki, Xəzər dənizinin sahillərinə gedəndə əl çalıb biri-birinə nə isə deyən insanları gördüm. Çox güman ki, bu da meyxana sənəti olub. Məkəbin əsası burada qoyulub. Ümumiyyətlə Bakı məktəbi keçməyən meyxanaçı peşəkar mexanaçı ola bilməz.

Meyxananın bir çox məktəbi var. İndi hansı məktəblər yaranır?

Meyxana əvvəl yalnız kəndlərdə idi. Şəhər mühitində olsa da, gənclər nadir hallarda toplaşıb meyxana deyərdilər. Mən Əhmədlidə böyümüşəm. O zaman mənə gülüb deyiridlər ki, “zdaniyadan meyxana deyən çıxa bilməz”. Amma sübüt etdim ki, şəhərdən meyxana deyə bilən insan çıxar, hətta bir neçəsini də yetişdirdim. Bizim tələbəmiz sayılmayıb, amma köməkliyimizlə də o məktəbdən çıxanlar var. İndi 10 nəfər meyxana deyən bir yerə yığılıb deyir ki, bura məktəbdir. Ancaq o məktəbin nə nəticəsi var, nə də ordan çıxan meyxanaçıları xalq qəbul edir.

Toyda, yoxsa efirdə deyilən meyxana səmimi olur?

Efirdə meyxana deyənlər üçün sərhəd qoyulur ki, onu keçmək olmur. Ona görə də sərbəst olmursan. Efirdə mövzu qoyulur və onun ətrafında meyxana deyilir. Amma toylarda istədiyini deyə bilərsən.

Sizcə, meyxanının bu qədər təbliğinə ehtiyac var?

Meyxana deyənlərin hamısı avaradır, narkomandır, sərxoşdur deyənlərin fikirlərini dəyişmək üçün efirlərə çıxmaq lazım idi. Əgər biz özümüzü tanıtmasaydıq xalqın böyük əksəriyyəti o düşüncədə olacaqdı. Biz prezidentlə, nazirlərlə görüşmüşük, dövlət tədbirlərində olmuşuq. Artıq insanlar gördülər ki, biz mədəni adamlarıq, onlar da meyxanaçıları ailə məclislərinə dəvət etdilər. Meyxanın efir vasitəsi ilə təbliğatına ehtiyac var idi, indi də var və olmalıdır da.

Kitab oxuyursunuz?

Əvvəllər oxuyurdum. Amma son illər vaxtım yoxdur.

Bir meyxanaçı üçün hansı ədəbiyyatı oxumaq səmərəlidir?

Nə qədər çox kitab oxusan bu sənin qazancındır, dünyagörüşünün artmasına kömək edir. Amma meyxana deyənlər üçün dünya ədəbiyyatından daha çox, klassiklərin şeirləri vacibdir. Əruz vəznində yazanları daha çox oxunmalıdır. Onların fəlsəfələri güclü olur.



Meyxana ilə böyüyən uşaqlar uçuruma, Bethovenlə böyüyən uşaqlar isə zirvəyə doğru qalxa bilir.

Deməzdim ki, uçuruma gedir. Baxır o gənc hansı meyxanaçını dinləyir və yaxud kimin fanatıdır. Həmişə insanlar öz kumirlərinə bənzəmək istəyərlər. O necə bir insandırsa, sevənləri də o cür tərbiyələnir. Doğrudur, bəzilərinin meyxanaları onları uçuruma aparır. Lakin meyxana tək uçuruma aparmır, həm də yola gətirir. Meyxana ilə nə qədər insan dinə gəlib. Meyxana ilə namaza gələnlər olub. Şəxsən mən meyxana ilə dinə gəlmişəm.

Meyxanaların böyük əksəriyyəti söyüşlərlə doludur, insanları necə yola gətirə bilər ki?

Bu cür ifadələri ona görə deyirlər ki, insanlara ləzzət eləsin, onları şənləndirsinlər. Niyə o meyxananı dinləyən gənc uçuruma getməlidir ki?!

Təhsilli bir gəncin meyxana həvəsində olduğunu nadir hallarda görürəm...

Oğlan uşağı iki cür böyüyür. Ya “mama uşağı” olur, ya da aralıqda böyüyür. “Mama uşaqları” hər hansı söhbətə, dava olanda davalara qoşulmur, ancaq Bethovenə qulaq asa-asa çantasını götürüb məktəbə gedir, hava qaralmamış evə qaçır, gecə aşağı düşməyə qorxur. Bu uşaqlar meyxanaya yaxın gələ də bilməz. Amma hansı uşaq ki, məhləyə düşür, qaynayıb-qarışır, lazımi uşaqlarla oturub-durur, gözü açılır, hər şeydən məlumatı olur.


Sizcə, bu yaxşıdır?

Məncə oğlan uşağı arada olmalıdır.

"Ara" deyəndə nəyi nəzərdə tutursunuz?

Yəni dostları, ətrafı olmalıdır, başqalarına qayanyıb-qarışmalıdır. Evdə oturub Betxovenə, Şopenə qulaq asdım, qapını bağlayıb içəridə oturdum. Mən belə oğlan uşağını görəndə fikirləşirəm ki, onun cinsi oğlandır, qalan həyatı qız həyatıdır. Oğlan uşağı həyətə düşməlidir, dostları olmalıdır. Kişidir, başına min cür əhvalat gələ bilər. Onun əsgərliyi var, oğlanların içərisinə düşəcək. Heç kim heç nəyə zəmanət verə biməz. Oğlan uşağını “mama uşağı” kimi böyüdüb bədbəxt edirlər. Onlar ancaq kiminsə əlinin altında ola bilər. Amma saydıqlarımla bərabər bu o da demək deyil ki, oğan uşaqları hər dəfə dava etməlidir, cinayətkarlarla təmasda olamlı, oturub-durmalıdır. Yox, təhsil də alması vacibdir.

Oğlunuz var?

İki oğlum var.

İstəyərsiniz onlar da bu sənətə gəlsinlər?

Yox. Heç bir ata istəməz ki, özü çəkdiyi əziyyəti övladı da çəksin.

Özünüzü ustad hesab edirsiniz?

Bəli. Ustad o insandır ki, sənətdə əziyyəti, zəhməti olsun, sözünü deyə bilsin, xalq tərəfindən qəbul olunsun, müəllimlik edə bilsin. Şükür Allaha, saydıqlarımın hamısı məndə var.



Siyasətlə maraqlanırsınız?

Sadəcə izləyiciyəm. Amma bəzi hallarda sosial-siyasi məsələlərə toxunuruq. bir müddət əvvəl “De, gəlsin” adlı klubumuz vardı. Orada həkim-xəstə, polis-müqəssir, məmur-şikayətçi kimi rollarda meyxanalar deyərək, obrazların dili ilə bəzi qüsurları açıb ortaya qoyurduq.


Deyirsiniz ki, xalq sizi sevir. Əgər deputatalığa namizədliyinizi versəniz, nə qədər səs toplayarsınız?

Yaşadığım ərazidə kifayət qədər sevilirəm. Tutduğum mövqeyə görə bilirlər ki, həyatda etibarlı insanam. Qazandığım güvənə görə də məni dəstəkləyərlər. Sonra etibarımı nə dərəcədə doğrultmağımı zaman göstərər. Namizədliyimi versəm, seçilərəm.

Sonuncu dəfə yaşadığınız ərazidən seçilən millət vəkilini nə vaxt görmüsünüz?

Yadıma da gəlmir. Görməmişəm.

Heç olmasa, adını bilirsiniz?

Bu yaxınlarda məhləmizi qazırdılar. Fikirləşdim ki, nə əcəb neçə vaxtdan sonra bizim məhləni qazırlar. Dedilər ki, deputat yol çəkdirir. Adını ilk dəfə orada eşitdim.

Dindarsınız?

Bu, ağır sözdür. Amma namaz qılıram.

Qaydalara əməl etməklə 4 arvad almağa necə baxırsınız?

Bura Azərbaycandır. Onun üçün sənin maddi durumun imkan verməlidir. Qadın gözünün açıb kişinin dörd arvad ala biləcəyi cəmiyyəti görməlidir. Dini qaydalarla böyüyən qadın buna adi baxacaq. Ərəbistanda bir kişi öndə gedir, arxasınca isə dörd arvadı gəlir. Allah deyirsə, kim qəbul etməyə bilər ki?! Amma o demək deyil ki, dörd arvad almalısan. Qayda-qanunla edə bilirsənsə evlənə bilərsən.

İndi Məhərrəmlik ayıdır, toylar da olmayacaq. Nə ilə dolanacaqsınız?

Nə yalan deyim, məhərrəmlik ayı olanda çətinliyimiz olur. Bəzən olur ki, toylara gedəndə öncədən ehtiyat pulumu yığıb saxlayıram. İnsanıq, yaşayırıq, pulum yoxdursa, dosta-tanışa müraicət edə bilərəm.

Şəxsi biznesiniz də yoxdur?


Bir ara dükan aldım, mənlik deyildi deyə sonra satdım. Toya alışmışam. Qəpik-qəpik gələn pulu tənzimləyə bilmirəm.

Pul sizə nə üçün lazımdır?

Yaşamaq üçün.

Son vaxtlar meyxanada baba-nənə zarafatları artıb...

Gənc meyxanaçılar bu sənəti cılızlaşdırır. Ümumiyyətlə, meyxanaya yaxınlarını daxil etmək və yaxud narkotikanı təbliğ etmək kimi sərhəddi aşan şeylərə pis baxıram. Onların çoxu meyxanını kökündən çıxırlar.

Aygün Kazımova demişdi ki, Namiq mənimlə oxuyandan sonra meyxana Kremlə qədər gedib çıxdı.

Aygün xanım bizim xalq artistimizdir, dostumuzdur. Doğrudur, bizim sənət Kremlə gedib çıxdı, amma bu sırf Aygün Kazımovanın zəhməti olmadı, Namiqlə birgə gediblər. Aygün xanımla Namiq tanış olanda biz bir məclisdə idik. Onda Aygün xanım özü səhnədən uzaqlaşmışdı, heç oxumurdu.

Axı Aygün Kazımova Namiqə qədər yaradıcılığının pik nöqtəsini yaşayırdı. Daha sonra vəziyyət dəyişdi.

Xeyr, Aygün xanım o zaman restoranda oxuyub pulunu alırdı. Namiqlə tanış olandan sonra həvəsə düşdü, yenidən efirlərə, səhnəyə qayıtdı. Birlikdə oxuduqları mahnılarda uğurlu oldu və Kremlə qədər gedib çıxdılar.

Son illər qadınlar arasında da meyxana deyənlər çıxır...

Azərbaycanda meyxana deyən qadın bir nəfərdir. O da Samirə Yusifqızı. Zarina xanım isə bədahətən demir, sadəcə əvvəlcədən sözləri əzbərləyir. Səmimi danışsaq, qadın xanım işi ilə məşğul olsa, yaxşı olar. Qadın kişi məclisində meyxana deyəndə onu məhv edə bilərəm, Biabır edə bilərəm. Amma biz onu etmirik. Çünki Samirəyə istedad kimi baxıram, onun qeyri-adi istedadı var. Onu qoruyuruq.

Yazdıqlarınızı kitab halında çap etməyi düşünmüsünüz?

Əvəllər bu barədə fikirləşirdim, sonra kitab nəşr etməyin adi bir şey olduğunu gördüm. Ağzına və ağlına gələn şeyləri yazan insanlar da kitab çap edə bilər. Bundan sonra marağım azaldı. Düzü, şeirlərim də çox deyil. Yazmağa vaxtım olmur, bəzən bir şeiri 2 aya yazıram.



Bayram Kürdəxanılı ilə dostsunuz. Həbsdə olanda yanına getdiniz?

Yox, getmədim. Amma evlərində oldum, köməklik etdim.

Prodüseriniz var?

Təkliflər çox olub. Mənimlə çalışmaq istəyənin biri deyirdi ki, prodüserin olum, səviyyən artar, toyların çoxalar, məclislərə tez-tez çağırılarsan. “Çayxanada oturma, ayıbdır”, “insanalarla çox təmasda olma”, belə şeylərə fikir vermirəm, ürəyim istədiyi kimi yaşayıram. Prodüserim yoxdur.

Özünüz qulaq asırsınız?

Yaxşı ifanı dinləyirəm, ən çox muğamı sevirəm.

Mərsiyə demisiniz?

Yox, amma dini meyxanalarım olub. Mərsiyə deyib insanları ağlatmaq fikrim olmayıb.

Mərsiyə deməyi düzgün hesab edirsiniz?

İmamlarımız haqqında olan hadisləri danışırlarsa, fantastikadan uzaqdırsa, buna normal baxıram. Bəzi insanlar çalışır ki, mərsiyə deyəndə, insanları ağlatsın. Bu onların işidir. Ancaq bəzən elə danışırlar ki, mən o adamların yerinə utanıram. İmamlarla bağlı hadisələri çox şişirdib, birinin üstünə beşin qoyub mərsiyə deyirlər.

Bir çox meyxanaçıların müğənnilərlə uğurlu dueti olub. Bəs, sizə belə təkliflər gəlib?

Bir dəfə xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova ilə Şəki haqqında mahnı oxumuşam. Təkliflər gəlir, ancaq oxumuram. Daha çox müğənnilərin mahnılarına sözlər yazıram. Nazpəri Dostalıyeva, Xatirə İslam, Natəvan Həbibi, Tunar, Emil Bədəlov, Rəqsanə, Nazənin xanım mənim sözlərimə yazılmış mahnıları ifa ediblər.

Qonarar veriblər?

Əvvəllər onlara su qiymətinə yazırdım. Demək olar ki, hədiyyə olurdu.

Amma müğənnilər sizin adınızı hallandırmırlar.

Bir vaxtlar “Nömrə 1” verlişində Xatirə və Natəvan xanım yarışırdı. Hər ikisi mahnılarımı oxusa da, adımı çəkmədilər, halbuki bəstəkarın adını söylədilər. Çox incimişdim.

Müsahibə üçün təşəkkür edirik.

Oğuz Altay
Fotolar: Elvin Abdulla

Femida.az

Xəbərin oxunma sayı : 25084











Müsahibə
img

Bakıda olay: Qardaşının yasına getdi, qayıdanda evinin satıldığını gördü - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img