• Ana səhifə / Manşet

Xəbər lenti

Uşakovun verdiyi mesajlar


Tarix 14.10.16, 9:55


Rusiya prezidentinin köməkçisi Yuri Uşakov dünən verdiyi sensasion açıqlamalarla gündəmə gəldi. O, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbinlik üçün heç bir əsas olmadığını deyərək əslində şimal qonşumuza xas olmayan mövqe sərgiləyib. Uşakovun sözlərindən belə çıxdı ki, Rusiya münaqişənin indiki reallıqlar çərçivəsində həllinə inanmır.


Əslində biz münaqişənin nizamlanması prosesi ilə bağlı bədbin proqnozları adətən qərbdən eşitmişdik. Qeyd etmək yerinə düşər ki, bir müddət əvvəl ABŞ-ın dövlət katibi Con Kerri də buna bənzər açıqlamalarla gündəmə gəlmişdi. Təbii olaraq, ölkə mediası, politoloq və millət vəkillərimiz, hətta prezident İlham Əliyev Kerrinin açıqlamalarını sərt formada tənqid etmişdi. Hər halda ABŞ kimi fövqəldövlətin baş diplomatının bu cür fikirlər səsləndirməsi müsbət qarşılana bilməzdi.

Con Kerri Qarabağla bağlı bizi narahat edən açıqlama verəndə məsələni Rusiya amilinə bağladıq və düşündük ki, Ağ Ev Moskvaya eyham vurur. Məsələyə bir növ “soyuq müharibə”nin müasir dövrdəki təzahürü kimi yanaşdıq. Lakin Uşakov dünən verdiyi açıqlamalarla heç də hər şeyin düşündüyümüz kimi olmadığını bizə çatdırdı. Bəs, Putinin köməkçisi əslində hansı mesajları vermək istədi?

- Təbii ki, ilk ağla gələn Rusiyanın əlində sülh variantının olmamasıdır. Rəsmi Moskva bildirmək istəyir ki, hələlik onların münaqişənin nizamlanması ilə bağlı təklifi yoxdur. Elə isə sual olunur, əgər alternativ həll variantı olmayacaqdısa, Rusiya niyə sülh çağırışları edərək aprel əməliyyatlarını yarımçıq saxladı. Sankt-Peterburqda keçirilən sonuncu görüşdə Rusiya əsas vasitəçi rolunda çıxış edərək münaqişənin yaxın vaxtlarda dinc yolla öz həllini tapacağına inandığını demişdi. Həmin görüşün bəzi detalları indiyə qədər məlum olmasa da, hər halda bizi xeyli ümidləndirmişdi.

- İkinci ağıla gələn Rusiyanın təklif etdiyi sülh variantının tərəflərin qəbul etməməsidir. Bizim Rusiyadan əsas gözləntilərimiz Moskvanın İrəvana təzyiq edərək işğalçını kompromisə çəkməsi idi. Lakin görünən odur, Kremlin təklifləri İrəvanda birmənalı qarşılanmayıb. Təsadüfi deyil ki, bir gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Rusiya Azərbaycanın işğal altındakı 5 rayonunun boşaldılmasına razıdır. Ancaq Rusiyanın Ermənistandakı səfirliyindən dərhal təkzib gəlməsi Moskvanın aciz durumda qaldığına işarə idi.

- Yuri Uşakov həmçinin Rusiyanın Ermənistanı silahla təchiz etməsi məsələsinə də aydınlıq gətirib. Rusiya istehsalı olan və dağıdıcı gücə malik “İsgəndər” raketlərinin Ermənistandakı hərbi paradda nümayiş etdirilməsi Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olmuşdu. Lakin işin maraqlı tərəfi indiyə kimi bu məsələ ilə bağlı Rusiya hakim dairələri tərəfindən münasibət bildirilməməsi idi. Uşakovun dünən dediyi “Ermənistan bizim müttəfiqimizdir və onları silahla təchiz etməyimizdə gözlənilməz heç nə yoxdur” fikir əslində bütün suallara aydınlıq gətirdi. Rəsmi Moskva açıq-aşkar bəyan etdi ki, Rusiya ilə Ermənistanın hərbi əməkdaşlığı ən yüksək səviyyədədir.

- Uşakovun dünənki açıqlamalarını son günlər ABŞ-Rusiya münasibətlərində yaşanan gərginliklə də əlaqələndirmək mümkündür. Məlum olduğu kimi, Ağ Evlə Kreml müxtəlif regionlarda bir-birini hədələməklə məşğuldur. Hətta dünən Vladimir Putin “Suriyada humanitar yardım daşıyan konvoyu kim vurub, bilirik” şəklində hədə-qorxu xarakterli mesaj da vermişdi. Bu baxımdan dünənki açıqlamaların ABŞ-ın Xəzər ətrafındakı maraqlarını hədələmək məqsədilə verildiyini söyləmək mümkündür. Sözsüz ki, regionda müharibənin başlanması ABŞ-ın əsas təşəbbüsçüsü olduğu TANAP layihəsinin iflasına səbəb ola bilər.

İstənilən halda Uşakovun dünən dedikləri Azərbaycanın haqlı narazılığına səbəb olacaq. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT çərçivəsində Minsk Qrupu adlandırılan qurum yaradılıb. Həmin qurumun aparıcı simaları və həmsədrləri hesab olunan Rusiya, ABŞ və Fransa kimi dövlətlərin əsas öhdəçiliyi münaqişənin həlli ətrafında əlverişli sülh variantı hazırlamaqdır. Lakin ötən illər ərzində nəinki sülhə nail olundu, hətta deyərdim yuxarıda adını çəkdiyim dövlətlər münaqişənin alovlanması üçün əllərindən gələni etdilər. İstər Kerrinin, istərsə də Uşakovun son açıqlamaları da regionda hərbi qarşıdurmanın yaranmasından başqa heç nəyə xidmət edə bilməz.

Ceyhun Əhmədli
Femida.az

Xəbərin oxunma sayı : 1666









Təhlil
img

Abituriyentlərin öldüyü qəzanın görüntüləri - VİDEO

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img