“Eyforiyaya qapılmayaq” – Deputat Fransanın yeni həmsədrindən danışdı


17:19     21 Oktyabr 2016 OSCE%20(1).jpg

“Həmsədrlərin fəaliyyəti nəticəsində 1999-cu ildən bu günə qədər 53 dəfə prezidentlər səviyyəsində görüş keçirilib. Bütün bu görüşlərdə ABŞ, Fransa və Rusiyadan olan həmsədrlər iştirak ediblər. Amma heç bir nəticə hasil olunmayıb. Sual oluna bilər ki, bəlkə problem həmsədrlik institutunun kadrlarındadır. Əlbəttə ki, xeyr. Kadrlar mənsub olduqları dövlətin siyasətini həyata keçirirlər. Bu vaxta qədər həmsədrliyi həyata keçirən şəxslər dəfələrlə dəyişib, amma heç bir nəticə hasil olunmayıb. Buna görə də hansısa həmsədr dəyişdikdən sonra irəliləyişə nail olunacağı fikrindən tamamilə uzağam. Hesab edirəm ki, Fransa indiyə qədər münaqişənin həllində hansı mövqedə dayanıbsa, yeni həmsədr də həmin mövqeyi həyata keçirəcək”.


Bu sözləri Femida.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Elman Nəsirov bildirdi ki, Fransa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə passiv mövqe nümayiş etdirib:

“Təbii ki, kadrlar prosesə intensivlik gətirə bilir. Amma Dağlıq Qarabağ münaqişəsi elə bir ciddi məsələdir ki, ayrı-ayrı şəxslərin dəyişməsi münaqişənin həlli prosesinə hansısa ciddi töhfə verə bilmir. Yəni məzmun dəyişmir. Nəzərə alaq ki, münaqişənin nizamlanması prosesində Rusiya daha ciddi səylə mübarizə aparır. ABŞ da müəyyən fəallıq nümayiş etdirir. Fransa isə digər iki həmsədrdən fərqli olaraq daha passiv mövqedədir. Bu nöqteyi nəzərdən, ən yaxşı halda Fransada prezidentlərin görüşü keçirilə bilər. Məlumat üçün bildirim ki, prezidentlər Fransada sonuncu dəfə 2014-cü ilin dekabrında görüşüblər. Həmin görüşdən iki həftə keçməmiş ermənilər Ağdamda irimiqyaslı hərbi təlimlərə başladılar. Helikopter təxribatına əl atdılar. Nəticədə danışıqlar prosesinə arxadan zərbə endirildi. Ona görə də hesab edirəm, üç həmsədr içərisində Fransanın fəallığı nisbətən aşağı səviyyədədir və o qədər də diqqəti cəlb etmir. Bir sözlə, yeni həmsədrin təyinatı ilə bağlı eyforiyaya qapılmağa heç bir əsas yoxdur. Hesab edirəm ki, bu, sıradan bir kadr dəyişikliyidir və Fransanın Dağlıq Qarabağla bağlı siyasəti həmişəki kimi qalmaqdadır”.



Digər dövlətlərin də həmsədr olması məsələsinə toxunan millət vəkili qeyd etdi ki, ATƏT-in idarəçilik mexanizmi bu prosesə mane olur:

“Bu məsələlər tez-tez gündəmə gəlir, lakin təəssüf ki, heç bir nəticə hasil olunmayıb. Çünki ATƏT-in idarəçilik mexanizmi çox qəlizdir. Burada qərarların qəbulunda konsensus prinsipi var. Belə ki, ATƏT üzvlərindən biri veto hüququndan istifadə etsə, qərar qəbul olunmur. Yəni bir dövlətin “yox” deməsi hamısının “yox” deməsi kimi qəbul edilir. Bu nöqteyi nəzərdən, Ermənistan həmişə Türkiyənin həmsədr olmasına etiraz edib”.

Elman Nəsirov sonda əlavə etdi ki, Dağlqı Qarabağ münaqişəsinin həllində nikbinlik üçün əsas var:

“Amma münaqişənin nizamlanamsı prosesində artıq yeni tendensiya müşahidə olunmaqdadır. Xüsusən də Rusiya-Türkiyə yaxınlaşması ilə 5 rayonun qaytarılması istiqamətində ən yüksək səviyyədə fikirlər səslənir. Bizdə belə ümid var ki, Türkiyə-Rusiya yaxınlaşması münaqişənin həllinə öz müsbət töhfəsini verəcək. Ona görə də nikbinlik üçün əsas var”.



Qeyde edək ki, Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri dəyişib. Yeni həmsədr Stefan Viskonti təyin olunub. O, bu posta Pyer Andriunu əvəzləyib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1190