Sevinc Babayevanın oğlu: `İnternetdə danışıqlarını tutdum`


22:27     21 Oktyabr 2016 sevinc%20oglu%20ile.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

A. Məmmədov ittiham aktına münasibət bildirərək, özünü qismən təqsirli bildiyini deyib: "Mən onu öldürmək niyyətində olmamışam, bıçaqlamaq istəmişəm. İnternetdə danışıqlarını tutdum, ona görə bıçaqladım. Evə gələndə gördüm ki, o, uşağı götürüb gedir. Mən oğlumu istədim, vermədi. Mətbəxə qayıdıb, bıçaq götürüb bıçaqladım. Mən ibtidai istintaqa verdiyim ifadəni təsdiq edirəm".

Sonra o, prokurorun suallarını cavablandırıb.

Prosesdə zərərçəkmiş Günay Məmmədova da ifadə verib. O deyib ki, uşaq xəstələndiyi üçün onu həkimə aparmaq istəyirdi: "Ayxan da getməyimi istəmirdi. Mənim qarşımı almaq üçün bıçaqla üzərimə gəldi və məni bıçaqladı".
O qeyd edib ki, A. Məmmədovdan ayrılmaq üçün hələ 1 il öncə məhkəməyə müraciət edib və bu barədə məhkəmə qətnaməsi də var.

Proses oktyabrın 28-də davam etdiriləcək

Qeyd edək ki, bu il fevralın 4-də Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü A.Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daha sonra A.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. A. Məmmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi təqdim olunan Sevinc Babayevanın oğludur.

Qeyd edək ki, işlə bağlı S.Babayeva "İnterpol" xəttiylə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərindəki klinikalardan birində ürək xəstəliyindən vəfat edib.(Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 956