Jurnalistin təhlükəsizliyinə kim cavabdehdir? - ARAŞDIRMA


01:57     17 İyul 2015 PHOTO%20JOURNALISTS4.jpg

Jurnalistlərin əmək müqaviləsi və sığortası varmı?

“Kaş ki, sığortalanaydım”; “Sığorta qiymətləri ilə sığorta keyfiyyəti tərs mütanasibdir.


Bu gün sığorta bazarında fəaliyyət göstərən şirkətlərdə müxtəlif adda xidmətlər təklif edilir. "Həyat sığortası", “əmlak sığortası”, "tibbi sığortası", “səyahət sığortası” və s. Ancaq nədənsə vətəndaşlarımız özünün həyat sığortasından daha çox qeyri-həyat sığortası barədə düşünür. Belə sığortaya ehtiyacı olanlar arasında şübhəsiz ki, jurnalistlər də var.

Jurnalistika ən riskli peşələrdən sayılır. Jurnalistlər müharibə bölgəsi və ya təhlükəli hadisələrin baş verdiyi məkanlardan reportajlar hazırlanır, hər an ekstrimal situasiyaya düşmək ehtimalı var.

Cəbhədə isə hər an hər şey ola bilər. Məsələn ,ötən il cəbhə xəttində intensiv atışmalar baş verəndə onlarla jurnalist cəbhə xəttindən xəbər verməyə çalışırdı.

Belə olan halda jurnalistlərin həyat və sağlamlığının sığortası məsələsi gündəmə gəlir.

Maraqlıdır, bəs Azərbaycanda fəaliyyət göstərən jurnalistlər sığorta olunurmu?

Dünyada, xüsusilə də Qərb ölkələrində qaynar nöqtələrdə çalışan jurnalistlərin həyat və sağlamlığının sığortası qanunvericilikdə nəzərdə tutulub. Azərbaycana gəldikdə isə hər bir jurnalist fərdi şəkildə istənilən sığorta şirkəti ilə müqavilə bağlaya bilər. Müqavilə tərəflər arasında bir il və ya bir neçə il müddətinə müqavilə bağlanır. Bu daha çox tərəflərin razılaşmasından asılıdır. Ümumiyyətlə, jurnalisti işə qəbul edən şirkət onu bir il müddətinə təhlükəsizlik sığortası paketi ilə təmin etməlidir. Əgər bu yoxdursa, reportyor fərdi şəkildə də sığorta agentliklərindən paket əldə edə bilər.

Xarici ölkəyə səfər edən jurnalistlərin sığortasına gəldikdə, hazırda Azərbaycanda xarici ölkəyə gedən şəxslərin sığortalanması mütləq hesab olunur. Çünki bir çox qərb ölkələrinin səfirlikləri yalnız sığorta olduğu təqdirdə viza verirlər.



Media mənsublarının sığorta məsələsinə münasibəti isə birmənalı deyil.

Cəbhə bölgəsindən reportajlar hazırlayan “Səs” Tv-nin Qazax-Gəncə bölgə müxbiri Kamran Əskiparalı qeyd edir ki, onun sığortası olmayıb:

“İnanmıram ki, cəbhə bölgəsində kimsə sığortalansın. Bu maliyyə məsələsi ilə bağlıdır. Özümdə sığorta ilə bağlı araşdırma aparmışam. Heç kim maddi vəsaitə görə sığorta olunmaq istəmir. Gərək, “hörmət” edəsən. Məsələn, götürək avtomobil sığortasını. Qəza baş verəndə o qədər get-gələ salırlar ki, artıq sığortanın verəcəyi puldan imtina edirsən. Müharibə bölgəsində olanda kaş ki, sığorta olunaydım deyirəm. Jurnalistikadan da öncə yeddi il cəbhə bölgəsində döyüşmüşəm. Hər dəqiqə nə baş verə bilər, onu yaxşı bilirəm. Ancaq maliyyə məsələsi çətinlik yaradır”.

“İnterAz” Tv-nin xəbər aparıcısı İlkin Nadirov:

“Jurnalistka elə bir sahədir ki, hər gün risklə üz-üzəsən. Yanğınlar, daşqınlar-qəza yerlərindən reportajlar, müsahibələr olur və bu məqamda sağlamlığın təhlükə altında qala bilir. Əslində, fərdi şəkildə istənilən sığorta agentliyi ilə müqavilə bağlamaq fikrim olub. Ancaq iş orasındadır ki, bizdə sığorta qiymətləri ilə sığorta keyfiyyəti tərs mütənasibdir. Adicə avtomobil qəzasından sonra sığortadan lazımi pulu almaq üçün aylarla əziyyət çəkməli olursan. Söz yox ki, bu bütün sığorta şirkətlərinə aid deyil. Sağlamlıq sığortası çox vacibdir. Özəl şirkətlər və dövlət işlərində çalışan yaxınlarım da belə sığorta var. Təbii ki, jurnalistlər üçün də olsaydı bu bizə yalnız üstünlük ola bilərdi. Amma heyf ki, yoxdur”.

Xəzərinfo.az saytının baş direktoru Rövşən Ziya:

“Jurnalistikada olduğum 12 il müddətində heç bir sığorta növündən istifadə etməmişəm. Bu vaxta kimi Azərbaycanda jurnalistlər üçün hansı işlər görülüb ki? Düzdür, son illərdə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə Azərbaycan Mətbuat Şurası müəyyən işlər görürlər. Artıq dövlət dəstəyi nəticəsində jurnalistlər evlərin paylanılmasına başlanılıb və onların vəziyyətinin stabilləşməsi üçün bəzi işlər görülür. Amma bildiyimə görə, sığorta məsələsində vəziyyət hələ də acınacaqlıdır. Jurnalistlərin böyük əksəriyyəti nəinki sığota növlərindən istifadə edirlər, hətta əmək müqavilələri belə yoxdur”.

Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov jurnalistlərin əmək hüquqlarının normal səviyyədə tənzimlənmədiyi qənaətindədir. Onun fikrincə, əksər jurnalistlərlə əmək müqaviləsi bağlanmır və bu da jurnalistlərin sosial təminatında problem yaradır:

“Hüquqi baxımdan jurnalisti işə qəbul edən şirkət onunla əmək müqaviləsi bağlamalıdır. Əmək müqaviləsi ilə ilə yanaşı, tibbi və peşə sığortası müqaviləsi də bağlanmalıdır. Əmək müqaviləsi varsa sığorta da olunmalıdır. İstənilən işçinin, o cümlədən jurnalistin icbari dövlət sosial sığortası və bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası mütləq olmalıdır. Hər hansı bir müəssisənin daxilində, iş yerində jurnalistlər ən çox hüquqları pozulan işçilər kateqoriyasına aiddir. Məsələn, bu məsələdə jurnalistləri tikintidə çalışanlarla bir sıraya qoymaq olar. İnsanların da əmək müqavilələri, sosial müdafiələri yoxdur. Baxmayaraq ki, jurnalsitlərin bir çoxu başqalarını tənqid etsə də özləri əmək müqaviləsi bağlamır. Jurnalistlərin çoxunun sığortası yoxdur”.

Ekspert qeyd edir ki, bu cür pozuntular gələcəkdə yaşa dolacaq jurnalistin pensiya təminatında problemlər yaradacaq:

"Əgər vergi ödəmələri və sosial ödəmələr yoxdursa və nəticədə yığım getmirsə, demək jurnalist gələcəkdə əmək pensiyası ala bilməyəcək. Onun ödədiyi bu pul yığılır və müəyyən yaşa çatandan sonra Sosial Sığorta Fondundan vəsait ödənilir. Ancaq əmək müqaviləsi olmayan jurnalistlər problemlərlə qarşılaşırlar".

Sığorta şirkətlərindən isə bildirdilər ki, hər bir Azərbaycan Respublikasının vətəndaşı kimi jurnalistlər də müvafiq sığorta xidmətlərindən yararlana bilərlər. Onlar xüsusi müştəri qrupuna aid edilmir. İstənilən vaxt digər peşə sahiblərinin də həyatını sığortalamaq mümkündür. Bunun üçün cəmi 20 manat ödəməklə bir il müddətində 10 min manat sığorta ödənişi ilə sığorta paketi əldə etmək mümkündür.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 5695