`Banklar devalvasiyadan xəbərdar idilər` - Hüquqşünas (MÜSAHİBƏ)


15:49     28 Noyabr 2016 nicat%20gozelov%20esas.jpg

`Mental dəyərlərimiz hüquqdan üstündür`


Femida.az “De-yure” layihəsini davam etdirir.

Bu dəfə tanınmış hüquqşünas Nicat Gözəlov suallarımızı cavablandırıb.

Müsahibəni oxuculara təqdim edirik:

Daha çox bank-vətəndaş problemləri mövzusunda çıxışlar edirsiniz. Bu gün etibarilə, vətəndaşların banklardan asılılığı hansı səviyyədədir?

Məsələ burasındadır ki, Azərbaycandakı banklar devalvasiyalarla bağlı əvvəlcədən xəbərdar idilər. Məhz buna görə banklar vətəndaşların manatla olan kreditlərini dollara çevirdilər, kreditlər dollarla verilməyə başlandı. Tədricən dollarla kreditlərin verilməsi kütləvi hal aldı. Araşdırmalarımızdan belə məlum oldu ki, bu kütləvilik 2014-cü ilin avqust ayından başlanıb. Banklar düşünürdü ki, yığdıqları dollarların dövriyyəsindən qazanclı çıxacaqlar, alınmadı. Digər tərədən, banklar vətəndaşları özlərinə tərəf müqabil kimi görmədilər, hesab etdilər ki, vətəndaşı incidib pullarını almaq lazımdır. Bank bilərəkdən vətəndaşa tələ qurubsa, bu məhkəmə qaydasında mübahisələndirilməli idi. Artıq hüquqşünasların müdaxiləsi üçün şərait yetişmişdi. Elə vəziyyət yaranmışdı ki, intiharların sayı durmadan artır, bank əməkdaşlarının özbaşınalığı adi hal almışdı. Biz məsələlərin qanuni yolla həllinə çalışırdıq. Biz hesab edirdik ki, bank əməkdaşlarının vətəndaşın maşınını saxlayaraq zorla pul almaları özbaşınalıqdır və bu kimi hallar cinayət məsuliyyətinə səbəb olmalıdır. Sevindirici haldır ki, Hüquq-mühafizə orqanlarının rəhbərləri və məhkəmələr bizə bir neçə məsələdə öz yardımlarını əsirgəmədilər, müəyyən dövlət qurumları da bu işə səfərbər oldular, çünki, dollarla istehlak kreditlərinin verilməsi ölkəni faciəyə sürüklədiyini hamı başa düşürdü. Son bir ilə olan nəticələrə baxsaq, görərik ki, artıq maariflənmiş insanımız banklardan kreditləri manatla almağı üstün tutdular. Bu, yaxşıya doğru atılmış bir addımdır. Biz maarifləndirmə prosesinə başlamasaydıq, daha faciəli nəticələrlə qarşılaşa bilərdik.

Ümumiyyətlə bankların dollarla kredit verməsi Azərbaycan qanunvericiliyinə zidd deyilmi?

Bankların dollarla istehlak kreditləri verməsi Azərbaycan Respublikasının Konstitusiyasına zidd idi. Konstitusiya Məhkəməsinin qərarından sonra hesab olundu ki, dollar bir əşyadır, ödəniş vasitəsi kimi də istifadə oluna bilər. Hesab edirəm ki, heç bir halda dollarla kredit verilməməlidir. Çünki bu hal Azərbaycanın maliyyə siyasətinə, milli valyutanın nüfuzuna ciddi zərər vurur. Təsəvvür edək ki, bir nəfər 20 min manatlıq maşın almaq istəyir və ilkin ödəniş kimi 5 min manatı ödəyir. 15 min manatı isə bank bu şərtlə ödəyir ki, ya maşın onların dediyi avtosalondan alınmalıdır, ya da məbləği dollarla yazacaqlar və elə onların istədiyi yerdə dollar manata çevrilməklə ödəniləcək. Nəticədə isə vətəndaşımıza zərər dəyir. Avtosalonla bank arasındakı əməliyyat manatla aparılırsa, niyə vətəndaşa dollarla olan kreditə qol çəkdirilir? Bütün bu problemlərin kökündə bankların vətəndaşları tərəf müqabili kimi görməməsi dayanır.

Avtosalonlarda maşınların qiyməti dollarla göstərilir. Bunu necə izah edə bilərik?

Elandakı qiymətlərin dollarla olmasına baxmayaraq, maşın satılarkən sənədlərdə qiymət manatla göstərilir. Elanın dollarla göstərilməsi bir ənənədir.

Bank əməkdaşlarının vətəndaşın iş yerinə gələrək onun müdiri ilə görüşüb işçi haqqında xoşagəlməz sözlər deməsi halları ilə də qarşılaşırıq. Bunun özü şantaj və özbaşınalıq deyilmi?

Bu, özbaşınalıqdır, qanunsuzdur və hətta cinayət xarakterli əməldir. Kiməsə münasibətdə eyni hərəkət törədilmişdirsə, həmin banka qarşı qanunla müəyyən edilmiş qaydada ciddi tədbirlər görülməsi, həmçinin ictimailəşdirilməsi üçün hüquq-mühafizə orqanlarına və ya ən yaxındakı hüquqşünaslara müraciət edilməlidir. Vətəndaşın ailə sirrini yayaraq, təhdid və hədə-qorxu ilə özbaşınalıq edənlər cəzasız qalmamalıdır. Bəzən elə olur ki, banklar vətəndaşın çalışdığı qurumun rəhbərinə məktub yazır ki, sizin işçiniz borcu ödəmir, məsuliyyətsizdir və s. Bu, vətəndaşı rüsvayedici məlumatları yaymaqla hədələmək deməkdir. Bir çox hallarda orqan rəhbərləri banklara bu məktublara cavab olaraq tutarlı cavab göndərirlər.



Efirə bankların əleyhinə danışan hüquqşünaslar da çıxarılır, lehinə danışanlar da. Sizcə, burada sifariş elementi var?

Bizim səylərimiz konkret hansısa bankın fəaliyyəti ilə bağlı deyil. Biz bütövlükdə bankların yürütdüyü siyasəti və Mərkəzi Bankın nəzarət mexanizminin olmamasını tənqid edirik. Məqsədimiz Azərbaycanın maliyyə bazarında vəziyyəti stabilləşdirməkdir. Ola bilər, kimsə emosional olaraq hansısa fikri söyləyə bilsin. Bank hüquqşünasları bankın mənafeyinə uyğun fikir söyləməyə məcburdur. Çünki korporativ maraq deyilən bir məsələ var. Hüquqşünasın borcudur ki, təmsil etdiyi orqanın maraqlarını qorusun. Amma söhbət baş verənlərə hüquqi münasibətdən gedirsə, bütün hüquqşünaslar həmfikirdir. Baxan kimi hiss olunur ki, qanunlar ilk növbədə banklar üçün yazılıb. Vətəndaşın mənafeyini qoruya biləcək müddəalar demək olar, yoxdur. Vətəndaşın müflis olması ilə bağlı heç bir müddəa və mexanizm yoxdur. Bütün hüquqşünasların mövqeyi belədir ki, bu vəziyyət düzəlsin. Hesab edirəm ki, hüquqşünas heç bir halda sifarişlə işləməməlidir, Hüququn Aliliyini üstün tutmalıdır.

Borca görə vətəndaşın həbs olunması nə dərəcədə doğrudur?

Qətiyyən doğru deyil. Ancaq məhkəmə işini qanunvericiliyə uyğun qurur və Ədalətin bərpa olunmasını təmin edir. Vətəndaşı borca görə deyil, icra məmurunun qanuni tələblərini qərəzli surətdə yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həbs etmə qanunvericilikdə nəzərdə tutulub. Belə ki, icra sənədi üzrsüz səbəbdən icra olunmadqda vətəndaşa 500 manatdan yuxarı cərimə və 1 ayadək müddətə inzibati həbs tətbiq edilə bilər. İcra məmurunun vəzifəsidir ki, icra sənədinə əsasən bankın, yaxud da hansısa qurumun, şəxsin xeyirinə pul ödənilməsini tələb etsin, lakin önəmli olani vətəndaşın üzrsüz səbəbə ödəmə etməməsini sübut etməkdir, məhkəmələrimizin də bu məsələyə diqqət yetirməsidir. Təəssüf ki, hakimlərimiz bu günə qədər kredit borcunu üzrlü səbəbdən verə bilməyən ailə başçılarını böyük məmnuniyyətlə həbsə göndərirlər. Ancaq inkişaf etmiş dövlətlərdə borca görə həbs institutu 100 illər əvvəl aradan qaldırılıb. Çünki borca görə vətəndaşın həbs olunması dövlətin adına ləkədir. Digər tərəfdən Milli Məclisimiz İnzibati Xətalar Məcəlləsində hakimlər üçün alternativ qoymayıb. Məsələn, vətəndaşı xəbərdar etmə. Hətta icra məmurunun qanuni tələblərini vətəndaş üzrsüz səbəbdən icra etmədikdə də hakim üçün alternativ qalmır. Ya cərimə etməlidir, ya da həbs.

İcra məmurlarının fəaliyyətinə toxundunuz. Ölkədə icra şöbələrindən ciddi narazılıq var. Vətəndaşlar şikayət edir ki, icra məmurları borcun geri qaytarılmasını təmin edə bilmirlər. Nədir problem?

Bununla bağlı “Bank-Vətəndaş problemləri” hüquqşünas qrupumuzdan bəzi təkliflər olub. Hesab edirəm ki, icra məmuru vətəndaşın işlə təmin olunması üçün məşğulluq idarələrinə müraciət etməli, müvafiq dövlət qurumları da icra məmurunun bu müraciətinə vaxtında baxmalıdırlar. “İcra haqqında” Qanunda yazılır ki, həmin Qanunla yanaşı Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər də “məcburi icra tədbiri” hesab edilir. “Başqa Tədbirlər” siyahısına vətəndaşın məcburi işlə təmin edilməsi və tələbin onun qazancına yönəldilməsi də məcbiri icra tədbirlərinin sırasında konkret olaraq göstərilməlidir və ya bununla bağlı müvafiq şərh verilməlidir. Alimentlə bağlı qətnamələrin icrasına da eyni yanaşma olmalıdır. Təsəvvürünüzə gətirin, bir icra məmurunun icraatında 3-4 min iş olur. Ancaq bir aliment işi 18 il icra məmurunun icraatında qalır. Qanunda birbaşa göstərilmədiyinə görə yuxarıda qeyd olunan işlərin aparılması icra məmurları üçün maraq kəsb etmir.

Aliment məsələsinə toxundunuz. Bu sahədə də nəzərə çarpacaq problemlər müşahidə olunmaqdadır...

Bu ağır problemdir. İşi, qazanc yeri, hətta faktiki yaşayış yeri məlum olmayan şəxslərdən alimentin alınması ciddi problemə çevrilib. Birdən elə olur ki, uşağın alimenti uzun müddət ödənilmir. Valideynləri həbsdə olan və ya valideyni iş tapmayan uşaqlarımız bu müddət ərzində nə yeyib-içməlidir, nə geyinməlidir? Buna görə də ilk növbədə “Aliment Fond”u yaradılmalıdır. Bu zaman aliment dövlət tərəfindən ödənilməli, qarşılığında dövlət aliment ödəməli şəxsi məcburi işlə təmin etməli, o da işləyib dövlətə olan borcunu ödəməlidir. Bir növ aliment ödənişini dövlət öz üzərinə götürür. Belə olduğu təqdirdə kəsintisiz olaraq uşaqlar alimentlə təmin ediləcək. Əgər uşaq ananın yanındadırsa, dövlət atanı işlətməli, atanın yanındadırsa, ananı işlədib alimentin ödənilməsini təmin etməlidir. Valideyn işləməkdən də yayınırsa, dövlət onu cəzalandırmalıdır.



Sələm pulları bu gün aktual problemə çevrilib. Çox zaman sələmi alanla verən arasında ciddi ixtilaf da yaranır. Hüquqi məsləhətiniz nələrdir?

Sələm – gəlir əldə etmək məqsədilə faizə verilmiş puldur. Sələmlərlə bağlı xeyli sayda müraciətlər qəbul edirik. Deyərdim, ən ağrılı yerlərimizdən biridir. Sələmçi mütləq müvafiq dövlət orqanında qeydiyyata durmalı və gəlirindən vergi verməlidir. İş o yerə çatıb ki, sələm verən deyir ki, pul verdiyi şəxs yaşadığı evi onun adına keçirməlidir. Yəni həm faiziləri alır, həm də sonda əmlakı ələ keçirir. Əxlaq qaydalarına istinad etsək, gərək borc pulda faiz olmasın. Sələmçilərlə bağlı artıq məhkəmə təcrübəsi var. Adətən, sələmçilər vətəndaşın hüquqlarını bilməməsindən istifadə edərək müxtəlif sənədlərə imza etmələrinə nail olurlar. Məhkəmələr isə onsuz da batmış vətəndaşın dəlillərini nəzərə almırlar. Vətəndaşlara da sözüm odur ki, faizə pul verən fiziki şəxs vergi orqanında qeydiyyatında durmayıbsa, onunla iş görmək lazım deyil. Vergidə qeydiyyatı olmayanların faiz almaq hüququ yoxdur. Ortada müqavilə yoxdursa, faizləri almaları barədə qəbzlərini almadan ödəniş etməsinlər. Vətəndaş vergi qeydiyyatında olmayan sələmçiyə ödədiyi faizləri sübut edə bilərsə, həmin faizlərin əsas borcun hesabına silinməsi barədə məhkəmədə iddia qaldıra bilər.

Bir çox hallarda görürük ki, mağazalar elan yaxud da xəbərdarlıq etmədən qiymətləri qaldırırlar. Bu, hüquqazidd əməl deyilmi?

Azərbaycanda Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti mövcuddur. Vətəndaş hesab edirsə ki, qiymətdən narazıdır, bu quruma müraciət etməlidir. Bəzi hallarda qiymət artımında mağazaları günahkar hesab etmək düzgün olmaz. Çünki mağaza sahibləri də aldığı malın üzərinə kiçik faizlər qoymaqla satışını aparır. Yəni, nəyisə əvvəlkindən baha qiymətə alıbsa, mağaza sahibi də avtomatik olaraq məcburən qiyməti qaldırmalıdır. Çörəyin qiymətinin qaldırılmasının səbəbini mağazalarda yox, çörəyi bişirib gətirənlərdə axtarmaq lazımdır.

Bəzi vətəndaşlar hüquqşünaslar tərəfindən ərizələrin baha qiymətə yazılmasından narazılıq edir...

Elə ərizələr olur ki, heç bir əziyyət tələb etmir. Məsələn, nikah pozulması ilə bağlı ərizələr konkret şablon üzərində yazılır. Yəni təkcə ad, soyad, faktiki hallar və bəzi məlumatlar dəyişdirilir. Elə ərizələr də olur ki, konkret hüquq münasibətləri ilə bağlı olur. Ərizə var, bir vərəqdən, ərizə var 5 vərəqdən ibarət olur. Yəni bu, hüquqşünasın birbaşa beyninin məhsulu olur. Hüquqşünas və vətəndaş əvvəlcədən danışıb razılamşalıdırlar. Şərti şumda kəsməlidirlər ki, xırmanda davaları düşməsin. Həm də çalışmaq lazımdır ki, ağlabatan işlərin arxasınca düşülsün və qanun pozuntusuna ümid edib məhkəmələri əsassız iddialarla yükləməsinlər. Bu gün ən ciddi problemlərdən biri də əsassız iddiaların sayının çox olmasıdır. Elə işlər var ki 3 instansiya keçir və əvvəldən göründüyü kimi heç bir nəticəsi olmur. Bütün bu müddət isə ömürdən, sağlamlıqdan gedir.



Gənclərdə vəkillik peşəsinə maraq nə səviyyədədir?

Vəkil - ərəb sözüdür, təmsil edən, nümayəndə deməkdir. Hər bir halda, başqalarını təmsil edən hüquqşünas olmalıdır. Çünki hüquqşünas təmsil etdiyi vətəndaşın hüquqlarını peşəkar müdafiə edə bilər. Bu gün gənclərimizin vəkillik işinə ciddi axın müşahidə olunmaqdadır. Ali təhsil ocaqlarımızın, müəllimlərin səyləri nəticəsində hazırda minlərlə hüquqşünas gənclərimiz hüquq müdafiəsi sahəsində işləməyi daha da üstün tuturlar.

Azərbaycanda hakimlərin sayı kifayət qədərdir?

Hakimlərin işi həddindən artıq çoxalıb. Məsələn, məndə olan məlumatlara görə, Yasamal və Xətai rayon Məhkəmələrində bu il ərzində 15000 mülki iş qeydiyyata alınıb. Bu işlərin yarıdan çoxunu bankların iddiaları və ailə-nikah mübahisələri üzrə iddialar təşkil edir. Əgər hansısa rayon məhkəməsində 10 min iddia ərizəsi varsa, deməli ən azı 8 min qətnamə yazılmalıdır. Əgər həmin rayonda 10 hakim varsa, hər hakim il ərzində 800 qətnamə yazmalıdır. Bir samballı qətnamə yazmaq üçün 1 gün vaxt tələb olunur. Göründüyü kimi, hakimlərin iş rejimi çox ağırdır. Hakimlərin sayı artırılmalıdır. Hazırda islahatlar aparılır. Hakimlərin sayının artırılması istiqamətində tədbirlər görülür.

Sizcə, hansısa təqsirləndirilən şəxsi müdafiə etməmək olar?

Burada həm insani, həm də hüquqi faktorlar var. Ola bilər ki, təqsirləndirilən şəxs elə bir qəbahət törədər ki, vəkil onu müdafiə etməkdən çəkinər. Təqsirləndirilən şəxsin yaxınları müraciət edərkən, vəkil həmin şəxsin işlədiyi qəbahəti nəzərə alaraq, onu müdafiə etməkdən çəkinə bilər. Ancaq, müqavilə bağlansa, şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçi təyin olunması ilə bağlı hansısa məhkəmə və ya istintaq orqandan qərar daxil olsa, vəkil bütün müdafiə vasitələrindən istufadə etməklə belə şəxsləri müdafiə etməyə borcludur.

Bəzən elə olur ki, nümayəndə və vəkil arasında mübahisə yaranır...

Hüquqşünaslar arasında Kollegiyanın üzvü olub-olmaması kimi bir problem yoxdur, bu mövzu bağlanmışdır. Biz mehriban ailəyik. Biz hamımız bir-birimizə ailə olaraq, hüquq Camiəsi olaraq hörmətlə və ehtiramla yanaşırıq. Bilmədiklərimizi öyrənirik, bildiklərimizi öyrədirik, paylaşırıq. Əsas olan insanlara düzgün və peşəkar hüquqi yardım göstərməkdir.

Sizcə, hüquq elminin inkişafı üçün sekulyar, yoxsa dindar cəmiyyət modeli daha əlverişlidir?

Şəriətdə elə normalar var ki, onları qanunvericiliyimizə daxil etmək düzgün olmaz. Hüquq elmi daima təkamül etməkdədir. Münasibətlər yeniləndikcə qanunlar yenilənir. Dindar cəmiyyətdə isə vahid norma müəyyən olunub və həmin normadan kənara çıxmaq mümkün deyil. Bir sözlə, islahat aparılmır. Bu baxımdan dünyəvi model hüquq elminin inkişafı üçün daha əlverişlidir. Ancaq mən hesab edirəm ki, bizim əsrlərlə təşəkkül tapmış mental dəyərlərimiz dünyəvi hüquqdan üstündür və dünyəvi hüquq münasibətlərini Azərbaycan Respublikasının qanunvericiliyinə təsbiti zamanı ilk növbədə milli mentalitetimiz və milli dəyərlərimiz nəzərə alınmalı idi. Nəzərə alınsaydı, cəmiyyətimizdə insanlar arasında və ailə münasibətlərində gərginlik bu həddə çatmazdı, faciələr yaşanmazdı.

Ceyhun Əhmədli
Fotolar: Elvin Abdulla

Femida.az

Açar sözlər:

Oxunub: 21945


Oxşar xəbərlər