`Ölsəm...Yaşat`– Bir şəhidin həyat filmi (VİDEO)


22:49     28 Noyabr 2016 13312862_121011124984169_4772270768161161635_n4.jpg


... “Oğluma həsr edilmiş filmin təqdimatına yer tapa bilmirəm. Buna görə də çox narahatam ...”



Aprel şəhidi Əbdülməcid Axundovun anası ilə görüşümüzdə bu sözləri mənə deyir. Qarşılaşdığım mənzərədən çox məyusam. Nədən şəhidə həsr olunmuş filmin təqdimatı üçün məkan tapılmasın? Yəni bu qədər qansız olmuşuq? Sözün düzü ananın ağ saçlarını görəndə özüm də utandım. Ancaq son zamanlar gördüklərim xəyallarımı dağıtdı. Qərara aldım ki, 23 yaşında oğlunu Vətən üçün qurban verən bu anaya dəstək olmalıyıq. Filmin keçirilməsi üçün məkanın axtarışına çıxdım.

Burada da kimin kim olduğunu bir daha tanıdım. “Bu şəhid bizim universitetin şəhidi deyil, yayımlaya bilmərik”, deyib boyun qaçıranlar da. Biri bir qədər insaflı çıxıb kiçik zalı filmin keçirilməsi üçün məkan kimi təklif etdi.

Bu münasibəti göstərən muzey, universitet, teatr rəhbərlərinə sözüm yoxdur. Bu gün mənim sözüm və minnətdarlığım qeyrətli insanlara olacaq.

Uzun axtarışlardan sonra şəhid anası Ceyran xanımın müraciətinə Bakı şəhərində yerləşən 6 saylı orta məktəbin direktoru Gülşən xanımdan “Hə” cavabı gəldi. Özü də heç bir təmənna ummadan. Dostların, vətəni sevən insanların, gənclərin dəstəyi ilə şəhidə həsr olunmuş “Ölsəm... yaşat” sənədli filminin təqdimatı üçün məkandayıq. Hava da qışa ayı olmasına baxmayaraq mülayimdir. Filmin rejissoru və ssenari müəllifi Nigar İsmayılqızı hamıdan tez tədbir keçiriləcək məkana gəlib. Özü də çox həyəcanlıdır. Sözdə “şəhidi sevirik” deyənlərdən fərqli olaraq bu xanım əməli ilə şəhidini sevdiyini, hörmət bəslədiyini sübut edib. Bunun üçün də gözümüzdə ucalan bir xanımdır.

Onlar səhnə arxasında hazırlıq işləri apardıqları zaman məkana ehtiyatla olan zabitimiz, baş-leytenant Kamil Musəvinin gəlişi bayaqdan pozulan əhvalımda yüksəliş yardır. Vətən üçün bir ayağını və gözünü qurban verən bir hərbçi Bakıdan xeyli uzaqda yerləşən Qazaxdan buraya gəlməyə imkan tapmışdı. O zədəli ayağı ilə 6-cı mərtəbəyə də qalxmışdı. Çünki şəhidin kim olduğunu yaxşı bilirdi. Kamil Musəvidən fərqli olaraq xarici görünüşcə tam sağlam olanlar, ancaq daxilən xəstə insanları bu tədbirdə heç görmədim. “Şəhidlər ölməz”, “Ana, biz hamımız Məcidik”, deyib özlərini feysbukda doğrayanlar da heç gözümə dəymədi.

Mən ancaq vətəni sözün əsl mənasında sevən və müəyyən mənada vətənə borclarını ödəməyə çalışan insanları gördüm. O insanların sırasında Qarabağın Həcəri kimi tanıdığımız baş-leytenant Səbirə Mahmudova (red- kiçik qız nəvəsini də qəhrəmanla tanışlığa gətirmişdi), Qarabağ müharibəsinin döyüşçüləri Mahir Rzayev, Kəmalə Əliyeva, şəhid polkovnik Vüqar Yusifovun qaynı Kənan Əliyev, bloqqer Tofiq Şahmuradov, sevilən ifaçı Gülüstan Əliyeva, telejurnalist Telli Pənahqızı, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, “Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov və başqaları ilə eyni tədbirdə dəyərli millət vəkilimiz Qənirə xanım Paşayeva da iştirak edirdi.

O Qənirə Paşayevakı Azərbaycanın haqq səsini Türkiyədən tutmuş, Amerikaya qədər çatdıran bir millət vəkili. Və ən əsası xalqın içərisindən seçilən sadə bir xanım. Elə çıxışı da özü kimi sadə və gözəl səslənirdi:

“ Ceyran Ana, siz başınızı dik tutun. Mənim anamdan da xoşbəxt qadınsınız. Çünki Əbdülməcid kimi qəhrəman oğulu dünyaya gətirmisiniz.”
Bu sözlər hörmətli millət vəklimizin çıxışından bir hissədir. Yəqin şəhid anasına verilən dəyəri arif insanlar həmin dəqiqə başa düşərlər. Hər zaman hörmətim yüksək olan xanım deputat bu addımı ilə gözümdə bir qədər də yüksəldi...

Tədbirin texniki hissəsinin təşkili üçün sözün əsl mənasında can qoyanları da unutmaq olmaz. Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin direktoru Samir Şəfiyevə, tədbirin aparıcısı Sumqayıt Dram Teatrının aktyoru Əməkdar artist Cəlal Məmmədova, ifaları ilə hamını təsirləndirən musiqiçilərimizə - Mirələm Mirələmova, Hüseyn Məlikova, Ramil bəyə xüsusi minnətdarlıq düşür.

Artıq işıqlar sönüb. Böyük ekranda rejissoru Nigar İsmayılqızı olan, aprel şəhidi Əbdülməcid Axundova həsr olunmuş “Ölsəm...Yaşat” filmi yayıma başlayır. Salon susub. Bircə danışan insanların göz yaşlarıdır. Buyurun, sizlər də şəhidimizin qəhrəmanlıq yolunu əks etdirən filmi izləyin. Və sonda hər birinizə müraciətim var. Vətəni və şəhidləri sözdə yox, əməldə sevək!






























Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 21606


Oxşar xəbərlər