`Neftin 100 dollara qalxacağı nağıldır` - Ekspert


16:59     02 Dekabr 2016 ax-august-30-1472505877.jpg

Dünya neftin içində üzür, belə bir məqamda neftin qiymətinin qalxmasından danışmaq əbəsdir.


Bunu Femida.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban deyib.

Ekspert bildirib ki, OPEC-in və Beynəlxalq Enerji Agentliyinin hesabatlarından sonra neftin qiyməti ilə bağlı daha real proqnozlar vermək mümkün olacaq:

“Bu gün bazar süni yolla “qızışdırlır”. 30 noyabr tarixində neft hasilatının azaldılması ilə bağlı sadəcə olaraq qərar verilib. Bazardan isə heç nə yığışdırılmayıb. Neftin qiymətinin nəyə görə qalxdığına gəldikdə isə deyə bilərik ki, bu bir sıra amillərlə bağlıdır. Belə ki, bu ayın 9-da OPEC və qeyri-OPEC ölkələri arasında növbəti görüş olacaq. Bu görüşdə OPEC-ə daxil olmayan ölkələrin gələn il öz hasilatlarını 600 min barelə qədər azaltması müzakirə olunacaq. Rusiyanın neft naziri Aleksandır Novak belə bir açıqlama yayıb ki, Rusiya neft hasilarını 300 min barel həcminə qədər azaldacaq. Nəticə etibarilə, Rusiyanın bu açıqlaması və ayın doqquzuna planlaşdırılan görüş ərəfəsində bazar “qızdığını” deyə bilərik. Dekabrın doqquzundan sonra OPEC-in növbəti hesabatı açıqlanacaq və həmin hesabatda göstəriləcək ki, noyabr ayı ərzində hasilat nə qədər olub. Bundan başqa, Beynəlxalq Enerji Agnetliyinin dünya ölkələri üzrə neft hasilatının həcmi ilə bağlı hesabatı yayılacaq. Bu hesabatlar neftin qiyməti ilə bağlı daha real proqnozlar verməyimizə kömək edəcək”.

İlham Şaban onu da əlavə etdi ki, neftin qiymətində yüksək sıçrayışın olması qeyri-realdır. Onun sözlərinə görə, bu, aşağıdakı amillərlə bağlıdır:

“Bəzi ekspertlər deyir ki, yaxın vaxtlarda neftin qiyməti 60 dollara qədər qalxa bilər. Bunu heç kəs inkar etmir. Lakin bu, qısa müddət ərzində, yəni bir günlük, bir neçə saatlıq müşahidə oluna bilər. Yanvar ayından sonra qiymətin 100 dollar civarına qalxması isə nağıldır. Çünki bunun fundamental əsasları var. 2008-ci ildə neftin qiyməti 39 dollara qədər enmişdi. Və 2008-ci ilin dekabr konfransında OPEC özünün tarixi qərarını qəbul etdi. Belə ki, hasilat 2.6 milyon barel azaldıldı. OPEC ölkələri bu qərara ciddi şəkildə əməl etdilər. Nəticədə 2009-cu ilin sonlarında neftin qiyməti 90 dollara qalxdı. Lakin indiki halda həmin situasiyanın təkrarlanması mümkün deyil. Çünki 2009-cu ildə dünyada şist neft amili yox idi. Daha doğrusu, şift neftin maya dəyəri 189 dollar idi. İndi isə şist neftin qiyməti yataqlardan asılı olaraq 35 dollardan 50-60 dollar aralığına qədər dəyişir. 2009-cu ildə dünyada alternativ enerjinin rolu zəif idi. Hazırda isə bəzi ölkələrdə alternativ enerji 40 faizlik paya sahibdir. Bu amillər neftin qiymətinin yüksək sıçrayışla artmasının qarşısını alır. Gələn il üçün neftin qiyməti ilə bağlı proqnozlar 50-55 dollar arasındadır. Cari il üçün neftin orta qiyməti 43.5 dollardır. Bu rəqəmin 50-55 dollara qalxması üçün bazardan 1.5 milyon barel neft yığışdırılmalıdır. Bəzən şikayətlər eşidiriki ki, neftin qiyməti niyə aşağıdır. Nəzərə alınmalıdır ki, hazırda dünya neftin içində üzür. Ölkələrdə hasilat getdikcə artır. Belə olduğu təqdirdə neftin qiyməti niyə qalxmalıdır axı?!”

Qeyd edək ki, OPEC-in noyabrın 30-da Vyanada keçirilən sammitində təşkilata daxil olan ölkələrin ümumi neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması barədə qərar qəbul edilib.

Onu da əlavə edək ki, OPEC üzvü olmayan ölkələr dekabrın 9-da Dohada (Qətər) toplanacaq. İclasda Azərbyacanın da iştirak edəcəyi gözlənilir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1693