• Ana səhifə / Manşet

Xəbər lenti

Uzaq sahillərdə Yeni il - Gənc kapitanın gəmisindən reportaj (FOTOLAR)


Tarix 05.01.17, 9:54



- ...Bəs bayram günü ailənin yanında olmayacaqsan?! Həyat yoldaşımın ilk reaksiyası bu oldu və ardınca mənə emosional təzyiqi gücləndirmək üçün əlavə etdi: - Axı Bum-Bumun birinci bayramıdır...

Əlbəttə, bayram axşamı evdə, ailənin yanında olmaq gözəldir. Amma həmin axşamı, eləcə də yüzlərlə başqa axşamları ailəsindən uzaqda keçirməyə məcbur qalan insanlar da var axı. Sadəcə uzaqda qalan yox, ailəsinə zəng etməyə, övladının səsini eşitməyə belə imkanı olmayan insanlar var. Niyə? Çünki açıq dənizdə heç bir telefon işləmir. Yalnız peyk rabitəsi istisnadır ki, onunla da evə zəng vura bilməzsən.

Kapitanla müsahibədən:

- Hər dəfə evdən çıxanda iki yaşlı qızım gəlib məni qucaqlayır, başını sinəmə söykəyib deyir ki, “Ata mənimdir. Heç kimə vermərəm. Ata, getmə!” Bilmirəm onun başını nə ilə, necə qatım. Biz burada özümüzə təsəlli vermək üçün bir-birimizə deyirik ki, ailəmiz üçün əziyyət çəkirik. Amma əslində elə deyil. Əslində ailəmiz bizim üçün əziyyət çəkir.

Cəlal Orucov 29 yaşında ikən Azərbaycanın ən gənc kapitanlarından biri olub. İndi 35 yaşı var, “Balakən” gəmi-bərəsinin kapitanıdır. Özü gəmiçi ailəsində böyüsə də, valideynləri onun diş həkimi olmasını istəyirlərmiş. Amma o, uşaqlıqdan kapitan olmağı arzulayıb və arzusuna da çatıb. İndi demək olar ki, bütün həyatı dənizdə keçir.



“Balakən” bərəsi Ələt və Aktau limanları arasında vaqonları daşımaqla məşğuldur, nəhəng bir tennis topu kimi Ələtə dəyib Aktauya, Aktauya dəyib, Ələtə qayıdır. Dayanmaq yoxdur. Dənizi köndələn kəsib keçmək üçün bərəyə 22 saat vaxt lazmdır. Bu müddətdə normal yuxu rejimindən söhbət gedə bilməz. Bərədə keçirdiyimiz 3 gün ərzində biz də istər-istəməz həmin rejimə düşmüşdük: İmkan varsa, yat, çünki bilmək olmaz, 1 saat sonra nə baş verəcək. Ona görə də, dənizçilərin sifətində demək olar ki, həmişə bir narahatlıq və qayğı görürsən.

Amma başqa cür də mümkün deyil. Hazırda nəqliyyat – Azərbaycanda postneft dövrünün əsas strateji sahələrindən biridir. Bizim bərələr Türkmənbaşı və Aktau limanlarına durmadan səfərlər etməklə Şərq-Qərb nəqliyyat dəhlizinin dənizdən keçən hissəsinin işlək saxlayırlar. Bunun nə qədər vacib olduğunu göstərmək üçün sadəcə deyim ki, Xəzərdə yeganə bərə donanması Azərdaycana məxsusdur. Yəni faktik olaraq böyük bir nəqliyyat dəhlizi bizim gəmiçilərin çiynində dayanıb.



“Balakən” bərəsi bir dəfəyə 54 vaqon götürə bilir. Onların bir qismi xüsusi lift vasitəsilə aşağı göyərtəyə endirilir, orada gəminin özünün kiçik teplovozları vaqonları qırağa çəkirlər, lift qalxır və əməliyyat təkrar olunur.





Gəminin yüklənməsi prosesinə nəzarət edən kapitanın ikinci köməkçisi Mövlud Səlimovun 29 yaşı var, yeni ailə qurub.

- Bayramı evdə keçirməyəcəyin üçün ailədə söz-söhbət olmadı ki?
- Bir az oldu. Amma gəmiçilərin həyat yoldaşları kiminlə ailə qurduqlarını bilirlər. Hərçənd, yenə də vəziyyətlə barışmaları çətin olur. Mən özüm də gəmiçi ailəsində böyümüşəm, bunun nə demək olduğunu yaxşı bilirəm. Təsəvvür edin ki, ailənin bir üzvü gedir və aylarla onun yeri boş qalır. Hər işdə o boşluq hiss olunur ki, evdə bir nəfər çatışmır... Bu, dəhşətli hissdir.



...Vaqonların yüklənməsi başa çatır, onlar zəncirlə göyərtəyə bərkidilir, xüsusi dayaqlar qoyulur ki, gəmi küləyə düşsə, vaqonlar aşmasın. Əks halda bərənin tarazlığı pozula və faciə baş verə bilər. Ona görə də, gəmiçilər bu sözü tez-tez təkrarlayırlar: “Dəniz zarafatı sevmir”. Burada ən xırda detala da son dərəcə ciddi yanaşmalısan, çünki gəmiçi də minaaxtaran kimi, səhvi ancaq bircə dəfə edir.

Vaqonlar tam hazır olandan sonra bərənin ümumi balansı yoxlanılır, ehtiyac olsa, ballast çənlərinə əlavə su vurulur. Və yola düşmək olar: “vaxt-puldur” ifadəsi gəmiçilikdə xüsusilə praktik məna daşıyır.



...Kapitan körpüsündə işgüzar bir gərginlik var. Komanda saat mexanizmi kimi dəqiq və sərrast işləyir. Dəqiq komandalar verən gənc kapitanın üzündəki yorğunluğa bir azca gərginlik də əlavə olunub.
- 179 dərəcə!
- Oldu, 179 dərəcə.
- Sükan, sağa 5!
- Oldu, sağa 5.
- 181 dərəcə!
- Oldu, 181 dərəcə.

Körpüdən aralanma həssas prosesdir. Ələt limanında suyun altında kanal qazılıb və gəmi həmin kanalla hərəkət edir. Əgər kanaldan çıxsa, bərənin altı yerə dəyə və “otura” bilər. “Balakən” bərəsinin orta hesabla 4.5 metrlik hissəsi suyun altında olur. Ona görə də, kanaldan çıxmamaq üçün son dərəcə diqqətli olmaq lazımdır.

Kapitanla müsahibədən:

- Adətən görmüşük ki, kapitanlar yaşlı, zəhmli, kobud olurlar. Siz bunun tam əksisiniz. Bu, istisna haldır, yoxsa meyarlar dəyişir?

- Biz də lazım gələndə sərt də oluruq, cəzalandırmağı da bacarırıq. Əgər Rauf müəllim (Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri Rauf Vəliyev – V.M.) bu işi mənə həvalə edibsə, çalışıram ki, etimadı doğruldum, hansı dövlətə gediriksə, Azərbaycanı yüksək səviyyədə təmsil edək. Gəmiçiliyə və Rauf müəllimə heç bir söz gəlməsin. Dövlət başçısının gənclərə etimad göstərmək siyasəti bizim idarədə çox qabarıq nəzərə çarpır. Rauf müəllim gənclərə inanır və böyük üstünlük verir. Həmişə deyir, elə edin ki, dövlətimizin başı uca olsun. Bu, böyük etimaddır. Kapitan 24 saat gərginlikdə olur. Mən otağımda olanda da, yatanda da beynim gəminin yanındadır, sükan otağındadır. Çünki daşıdığım məsuliyyətin nə qədər böyük olduğunu dərk edirəm.



- Rauf müəllim özü şəxsən siz kapitanlarla ünsiyyətdə olurmu?

- Bəli! İstədiyimiz vaxt gedib qəbuluna düşə, istənilən məsələ haqqında danışa bilirik. Nə vaxt desələr “kapitan gəlib”, deyir buyursun. O, həmişə vurğulayır ki, “kapitan mənim başımın tacıdır”.

...Doğrudan da, gəmi yolda olarkən Rauf Vəliyevin adından radioqramma gəldi: O, bütün kapitanları və gəmi heyətlərini Yeni İl münasibətilə təbrik edirdi. Bu gözəl jest bir daha xatırlatdı ki, gəmiçilər bayramı dənizdə keçirəcəklər.



Bərədə rahat yaşamaq üçün bütün şərait var: kayutlar təmiz, isti və rahatdır. Gündə 3 dəfə yemək verilir, stolların üstündə turşular, yaşıl salat, sular və şirələr, meyvə, hətta ketçup və limon suyu da var. Gecə bufet bağlanandan sonra yeməklərin bir qismini stolun üstünə qoyurlar ki, kimsə acısa, yeyə bilsin.



Gəmidə ilk dəfə yol getmək insana bir qədər vahiməli gəlir: Sən rahat, isti yataqda uzanmısan, amma bilirsən ki, cəmi 3-4 metr o tərəfdə bumbuz zülmətli dəniz, güclü külək var. Amma sən bu soyuq cəhənnəmin içində rahatca yatmalısan... Məndə ilk cəhddən alınmadı.



Gecə 2-dir, qalxıb kapitan körpüsünə gedirəm. Orada Mövlud növbətçidir, diqqətlə elektron xəritəyə və radara baxır. Ətrafa baxmağın isə mənası yoxdur: Hər yer zülmət qaranlıqdır, 20 m/s gücündə külək əsir, dəniz görünmür və sən elə bilirsən ki, gəmi elə zülmət qaranlığın içində yırğalanır.
- Yırğalanma tutmayıb ki? – məni görən Mövlud soruşur.
- Yox. Amma nə gizlədim, bir az vahiməlidir...
- Budur vahiməli?
– Gənc dənizçi gülümsəyir,- Biz elə yırğalanma görmüşük ki, bax, elə bu otaqda bu başdan o başa diyirlənmişik. Bu, yüngül layladır sadəcə...

Sonra isə ciddiləşib, əlavə edir:

- Əsl vahiməli bilirsən, nədir? Aylarla ailəni görmürsən, 20-25 insanla balaca bir qapalı yerdə qalırsan; onlar nə qədər gösəl insan olsalar da, eyni sifətləri görməkdən yorulursan... Bəzi ölkələrdə gəmidən qaytmış adamları məhkəməyə şahid qismində çağırmırlar ki, psixologiyaları yerində olmaya bilər.

Kapitanla müsahibədən:

- Gəmi dar bir məkandır, burada 20-25 adam aylarla bir yerdə qalır. Yəqin ki, istər-istəməz narazılıqlar, konfliktlər qaçılmazdır... Belə hallarda necə edirsiniz?
- Konfliktlər ola bilər, hamı insandır. Kiminsə kimdənsə xoşu gəlməyə bilər. Amma bu, bizim işimizə təsir edə bilməz və etmir də.
- Komandanı kapitanın özü formalaşdırır?
- Bəli. Mən hansısa kadrı gətirmək istəsəm, bu haqda məsələ qaldıra bilərəm.
- Bəs kimsə sizi qane etməsə, onu kənarlaşdırmaqda sərbəstsinizmi?
- Bəli. Belə hal olub. Amma söhbət yalnız işdən gedir. Şəxsi münasibətlərin məsələyə heç bir dəxli ola bilməz.

...Səhər artıq külək yatmışdı və gəmi dənizin yüngül qırçınlı səthi ilə saatda 13 dəniz mili sürətilə (təxminən 24 km/s) Qazaxıstan sahillərinə doğru gedirdi. Bu sürəti bərəyə onun hər biri 2000 at gücündə olan 2 böyük mühərriki verir. Gəminin baş mexaniki (“starmex”) Hənifə Cəbrayılov bizim üçün maşın şöbəsinə maraqlı bir ekskursiya təşkil edir.



Əgər sizin gözlərinizi bağlayıb, gətirib burada açsalar, özünüzü hansısa zavodda hiss edərsiniz. Xüsusi ayrılmış otaqda hətta tokar dəzgahı var.



Gəmi dənizdə olarkən mühərrikin və ya hərəkət mexanizminin hansısa detalı xarab olsa, mexaniklər onu yerindəcə təmir etməyə qadirdirlər. Mühərrik gəminin iki aşağı göyərtəsi hündürlükdədir. Təkcə porşen silindirləri təxminən mən boydadırlar.



...Aktau bizi sahildəki zavod bacalarından qalxan qalın tüstü sütunları ilə qarşılayır. Reysin ən məsuliyyətli məqamı çatıb: körpüyə yanalma əməliyyatı. Hətta təcrübəli kapitanlar da bu məqamda həyəcan keçirirlər. Təsəvvür edin: 155 metr uzunluğunda bərəni bizim məişət dililə desək, arxa tərəfi görmədən santimetr dəqiqliyi ilə “parkovka” etməlisən. Bərədəki relslərin ağzı körpüdəki relslərə dəqiq oturmalıdır ki, vaqonlar çıxa bilsinlər.

Kapitan əvvəlcə körpünün qabağında bərə üçün düzgün mövqe seçir, gəminin burnunu sağa doğru hərləyib, sonra arxasını körpüyə tərəf verir. Yardım üçün qazaxların buksir gəmisi yaxınlaşa da, onun xidmətindən istifadə etmir.

Maraqla prosesi izləyirdim: bərənin yanları amortizator əvəzi körpünün qıraqlarında asılmış köhnə avtomobil təkərlərinə sürtünəcəkmi? Sürtünmədi, bir neçə santimetrə qədər yaxınlaşsa da, toxunmadı. Gənc kapitan Cəlal Orucov 155 metrlik bərə ilə sanki zərgər işi görür.

Kapitanla müsahibədən:

- Biz illərlə sürdüyümüz maşını “parkovka” edəndə çətinlik çəkirik. Bu boyda gəminin körpüyə belə dəqiqliklə yan almasını necə, harada öyrənirsiniz?
- İnanın ki, heç biz də maşını yaxşı “parkovka” edə bilmirik. Amma burada başqadır: mən özümdən 155 metr aralıda nəyin baş verdiyini bilməli və nəzərə almalıyam. Çox məsuliyyətli məqamdır.
- Gəmini idarə etməyi öz Dənizçilik Akademiyamızda öyrənmisiniz?
- Bəli. Ümumiyyətlə, sizə deyim ki, Azərbaycan gəmiçiləri çox güclüdürlər, dünyanın hər bir yerində işləyirlər. Tam səmimi sözümdür, Rusiyanı çıxmaqla, başqa ölkələrdə bizdəki qədər güclü gəmiçilər yoxdur. Hər halda, mən rast gəlməmişəm.

Bizim gəmiçiliyin tarixi də zəngindir. Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci il mayın 21-də “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. XIX əsrdə Bakıda neft hasilatının artımı Xəzərdə gəmiçiliyin inkişafına təkan verib. Dünyada ilk neftdaşıyan “Aleksandr” barjı 1873-cü ildə Xəzərdə istifadəyə verilib. İlk tanker – “Zərdüşt” də 1878-ci ildə Xəzərdə suya buraxılıb. İlk daxiliyanma mühərrikli “Vandal” (1903-cü il), iki mühərriklə çalışan ilk reversivli “Delo” (1908-ci il) gəmilərində üzmək də Xəzər dənizçilərinin qismətinə düşüb.

...Vaqonlar gəmidən boşaldılanda gurultu qopur və səma işıqlanır: Aktau Yeni İlin gəlişini atəşfəşanlıqla qeyd edir. Bizim saatla isə hələ 23:00-dır, amma gəmidə tam sürətlə Yeni İl hazırlıqları gedir. Bufetdə yolka qurulub, Yeni İl süfrəsinin ayrılmaz atributu “paytaxt” salatı da daxil olmaqla, 4 növ salat hazırlanıb, plov dəmlənib... Deyim ki, çox ləzzətli plov idi.



Kapitan da gəlib heyətə qoşulur və bayram süfrəsinə əyləşir. Yeyib qalxanlar istirahət otağında musiqiyə səs verərək, əylənirlər. Bayram əhvalından istifadə edib, kapitana bir neçə zarafatyana sual vermək şansını qaçırmıram:

- Aygün Kazımovanın “Matros” mahnısını eşitmisiniz?
- Əlbəttə! Amma niyə matros? Sahilə kapitan çıxır axı...

- Bəs Röyanın “Gəmiçilər” mahnsını necə?
- Onu da eşitmiəm.

- Maraqlıdır: Doğrudanmı gəmiçilər Röyanın vurduğu düyünü aça bilməzlər?
- Elə açarıq ki! Biz nə düyünlər görmüşük...

- “Titanik”lə bağlı belə bir məşhur zarafat var: “Filmə gəmiçi zehniyyətilə baxsan, heç bir zövq ala bilməzsən”. Siz Titanikə baxanda zövq ala bilirsiniz?
- Mən sadəcə, film kimi baxıram.

- Bəs baxanda ağlınızdan keçirmi ki, məsələn, burada kapitan filan səhvi etdi?
- (Ciddiləşir...)
Bilirsiniz, gəmi qəzası elə bir şeydir ki, əgər özün hadisə yerində olmamısansa, heç vaxt dəqiqlikdə heç nə deyə bilməzsən.

...Gəmi heyəti uzaq sahillərdə Yeni İli qeyd edirdi. Əlbəttə, bir tərəfdən baxanda, ailənin yanında bayram keçirmək daha gözəl olardı. Amma digər tərəfdən, hazırda yad sularda olsaq da, bu gəmi Vətənin bir parçasıdır, Azərbaycandır. Biz Qazaxıstanda ola-ola, Azərbaycanda, “Baləkən”dəyik, ətrafda da həmvətənlərimiz! Maraqlı hissdir. Axı bu bayram həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür...



Vaqonların boşaldılıb-yüklənməsi haradasa 4 saat çəkir və səhər 5-də lövbəri qaldırmaq zamanı gəlir. Qeyri-ixtiyari soruşuram:
- İndi çıxmaq bu qədər vacibdir ki? Yatıb dincəlib, səhər çıxsaq, nə olardı?
“Starpom” Ziya Əhədov radarın ekranına işarə edir:
- Görürsən, o, “Həsən Əliyev” bərəsidir. Bizi gözləyir. Biz çıxmalıyıq ki, körpüyə yan alsın.

“Strapom” – yəni kapitanın baş köməkçisi gəmidə ikinci adamdır. Bütün prosesin idarə olunmasında onun çox böyük rolu var. Ziya da gəncdir, amma gəmiçilik işini çox yaxşı bilir. Buna səfər zamanı dəfələrlə əmin oldum.



Etiraf edim ki, ikinci sutkanın sonunda yorulduğumu hiss edirəm. Xüsusilə də sabit yuxu rejiminin olmaması adamı əldən salır. Amma yatmaq da alınmır. Kapitan da oyaqdır, tez-tez kayutundan çıxıb, sükan otağına gəlir. Gəmi “avtopilot” rejimində olsa da, sükan otağını bircə anlıq belə, boş qoymaq olmaz, qoymurlar da: orada həmişə kimsə var.

Kapitanla müsahibədən:

- Bir anlıq fərz etsək ki, elektronika sıradan çıxdı, GPS söndü, peyk rabitəsi itdi... Gəmini lazım ola yerə aparıb çıxara bilərsinizmi?
- Bəli. Heç bir problem yoxdur. Elektron xəritə son bir neçə ildə çıxıb. Ona qədər elə dədə-baba qaydası ilə gəmini sürürdük. Və bunun üçün lazım olan cihazlar da gəmidə var.

- Yəni adi maqnit kompası, ulduzların bucağını ölçən üsturlab, adi xəritə və pərgar kimi?..
- Bəli, bəli... buyurun, gedək göstərim.

Ələtə gecə çatdıq. Biz limana doğru gedəndə digər bərəmiz – “Bərdə” artıq yola çıxmışdı. O da “Balakən” ilə eyni tipdədir, hətta rəngləri və quruluşları da eynidir. Ümumilikdə Azərbaycanın bu gün 13 bərəsi var. Onlar durmadan Ələt ilə Aktau və Türkmənbaşı limanları arasında dövr edirlər. Dayanmaq olmaz. Bu dəniz yolu Şərq-Qərb nəqliyyat dəhlizinin olduqca vacib hissəsidir, bizim bərələr isə iki qitəni bir-birinə bağlayan dəniz yolunu işlək qalmasını təmin edirlər.

Limanda kapitan Cəlal Orucovla sağollaşırıq – o, gəmini məndən qabaq tərk edir. Çünki mən hələ sənədləşdirmədən keçməliyəm, o isə evinə tələsir – ailəsini görmək üçün bir neçə saat vaxtı var. Səhər saat 7-də evinə çatacaq, günorta isə yenə gəmidə olmalıdır. Və yenə də iki yaşlı qızı onu qucaqlayıb, başını sinəsinə qoyaraq, “Ata mənimdir. Ata getmə” deyəcək. Yenə də gəmi yola düşəcək. Yenə də onlarla, yüzlərlə ailə dənizdən gələn xəbərləri, hava məlumatlarını dinləyərək, gedənlərin sağ-salamat qayıtmasını gözləyəcək. Yenə də küləklər qalxacaq, dalğalar nəhəng bərəni bir uşaq beşiyi kimi yırğalayacaq.

Kapitanla müsahibədən

- Heç dənizdə qorxduğunuz olubmu?
- Olub. 22-23 yaşım vardı, kapitan köməkçisi idim. Cəbəllüttariqdə çox böyük dalğaya düşmüşdük. Bax, onda qorxmuşdum.



Boşuna demirlər ki, hara getdiyini bilən gəmiyə küləklər qorxulu deyil. Azərbaycan gəmiçiliyi hara getdiyini bilir, ona görə də inkişafdadır. İndi bizim təkcə müasir gəmilərimiz yox, gənc və çox bacarıqlı kapitanlarımız, mexaniklərimiz, dənizçilərimiz var. Bu sahədə irəli getməyimizə heç bir fırtına mane ola bilməz.
















Vüsal Məmmədov
Fotolar: Miri Məcidli

AzVision.az

Xəbərin oxunma sayı : 3766










Cəmiyyət
img

`Ermənistanı yox, Azərbaycanı seçdik` – Turistlər arasında sorğu

img

Sorğu

Tutduğunuz vəkildən razı qalmısınız?

Səs ver
Nəticəyə bax
img
img