Dəhşətli `Merkuri-2`qəzasından sağ çıxan gəmiçinin müsahibəsi – DƏNİZDƏ REPORTAJ (FOTOLAR)


20:51     05 Yanvar 2017 elcin%20muellim17.jpg


Femida.az-ın müsahibi 34 illik dənizçi, “Balakən” gəmi-bərəsinin baş elektrik mexaniki Elçin İsmayılovdur. O, 2002 - ci ildə Xəzərdə qəzaya uğrayan “Merkuri-2” gəmisində sağ qalan heyət üzvlərindəndir.

Elçin İsmayılovla gəmidə baş tutan müsahibəni təqdim edirik:

- Elçin müəllimi öz dilindən tanıyaq.

- 1960-cı ildə Qəbələ rayonunda anadan olmuşam. Daha sonralar Bakıya köçdük. Sovet dövründə hərbi xidmət keçdikdən sonra Xəzər Dəniz Gəmiçilikdə elektrik işləməyə başladım. 18 ilə yaxın elektrik işlədim. Daha sonra Azərbaycan Dövlət Xəzər Dənizi Akademiyasınının elektromexanik fakültəsini bitirdim. Hazırda da “Balakən” gəmisində elektromexanik vəzifəsində çalışıram.

- Niyə məhz dənizi seçdiniz?

- Böyük qardaşım dənizdə matros idi. Sonralar Kamçatkaya getdi və orada dənizdə işlədi. Səfər vaxtı məni də özü ilə aparırdı. Məndə o səfərlərdən sonra dənizə həvəs yarandı. Nəticədə mən də dənizi seçdim.





- Dənizçi kimi gəmidə ilk səfəriniz yadınızdadır?

- İlk səfərim indiyə kimi yadımdadır. 1982-ci il idi. Həmid Sultanov adına sərnişin gəmisində səfərə çıxdıq.Onda mən hələ gənc idim. Səfər günü çox həyəcanlı idim. Həmin gəmi ilk iş yerim oldu. 2 ay çalışdıqdan sonra başqa bir gəmiyə keçdim. Daha sonra Qazaxıstan gəmisində 1985-ci ilə qədər işlədim. 1986-cı ildə Sovet Belorusiya Gəmisində işə başladım. 1993-cü ilə qədər orada işlədim. Daha sonralar “Merkuri-2” gəmisinə keçdim.

- Hansı beynəlxalq sularda üzmüsünüz?

- Belə səfərlər çox olub. Hamısının da öz marağı var. Qara Dənizdə, Polşa, İtaliya, Fransa, Almaniya sularında da səfərlərimiz olub.

- Bəs, Xəzəri digər sulardan nə fərqləndirir?

- Xəzərin okeanlara çıxışı olmadığı üçün göl sayılır. Amma Xəzərin fırtınası başqa dənizlərə baxanda çoxdur. Xəzərin balaca olmasına baxmayın, çox “hirsli” dənizdir. Hirslənəndə dəhşətli olur.

- Siz Xəzərin “hirsli” vaxtını görmüsünüzmü?

- Bəli, çox görmüşəm. Amma bir hadisə ömrümün sonuna kimi yadımdan çıxmaz. Bu, 2002-ci ildə “Merkuri-2” gəmisində baş verən qəzayla bağlıdır.

- Hadisələrin əvvəlindən başlayaq. “Merkuri-2” gəmisi nə daşıyırdı?

- Bu gəmi ilə Qazaxıstandan Azərbaycana və Azərbaycandan Qazaxıstana neft daşıyırdı. Bununla yanaşı sərnişin də aparırdı.





- Qəza baş verən anı necə xatırlayırsınız?

- Biz oktyabrın 21-də səhər saatlarında Qazaxstanın Aktau limanına çatdıq. Yük aparmışdıq. Mən də elektrik vəzifəsində çalışırdım. Yükü boşaldıb geri, Bakıya qayıdırdıq. Yola çıxmazdan əvvəl güclü külək olacağı barədə məlumat aldıq. Bu, səfər üçün təhlükəli idi. Bakı vaxtı ilə 16:00 da gəmi Qazaxıstandan Azərbaycana yola düşdü. Həmin günü dəniz çox fırtınalı idi. Buna baxmayaraq kapitan səfərə davam etdi. Güclü külək gəmini arxadan itələyirdi. Ayın 22-də səhər 10-un yarısında dəhşətli zərbə hiss etdik. Artıq Azərbaycan sularına daxil olmuşduq. Elə bil gəmini arxadan nəynənsə vurdular. Elə həmin anda gəminin burun hissəsində partlayış baş verdi. Mənim başım zərbənin gücündən dirəyə dəydi və huşumu itirdim.

- Özünüzə gələndə nələri gördünüz?

- Üstündən xeyli keçəndən sonra hiss etdim ki, kimsə məni tapdalayıb, keçdi. Gözümü açanda gördüm ki, bu gəminin baş mexaniki rəhmətlik Əbil müəllimdir. Üzümüz qaraldığı üçün bir- birimizi tanıya bilmədik. Səsindən bildim ki, bu Əbil müəllimdir. Həmin vaxt birlikdə gəminin üstünə qalxmaq istəyirdik. İçəridə aləm bir-birinə dəymişdi. Kimi qışqırır, kimi ağlayır, kimi dua edirdi. Elə çıxışa yaxınlaşanda gördüm ki, yaşlı bir matros xilasetmə jiletini geyinib. Amma kəmərini bağlamamışdı. Ona yaxınlşadım ki, niyə kəmərini bağlamır. Dedi ki, ona əl vurmayaq, ürəyi partlayar. Elə həmin andaca ürəyi partladı və öldü. Meyiti də batdı. Sonradan tapılmadı.

- Biz başa düşdük ki, artıq gecdir. Xilasedici jiletləri geyinib, gəminin üstünə çıxdıq. Suya tullanmağa hazırlaşırdıq. Hava da çox soyuq idi. Elə bu anda ikinci güclü partlayış baş verdi. Artıq hiss etdik ki, ayağımızın alt hissəi qızır. Yanğın başlayırdı. Gəmidə ikinci partlayış baş verəndə suya tullandıq. Gözümüzün qarşısında 20 dəqiqənin içində gəmi suyun dibinə batdı. Həmin vaxt gəminin yaratdığı təyziq məni də suyun dibinə dartmaq istəyirdi. Bir neçə dəfə suyun altına batıb, çıxdım. Əynimdə olan xilasedici jilet batmaqdan xilas etdi.



- Sizi kim xilas etdi?

- Hardasa saat günorta 1-ə işləmiş iki gəmi gəldi. Təxminən saat 14:00 da vertalyot da köməyə çatdı. 42 nəfər heyət üzvündən cəmi 9 nəfər xilas edildi. Məni gəmi ilə çıxardılar. Həmin gəmidə ingilislər və azərbaycanlılar işləyirdi. Birinci səfər onlar məni görməmişdi. Əlim, üzüm qara mazut olduğu üçün keçib getmişdilər. Artıq çağırmağa taqətim də qalmamışdı. Onda elə bildim ki, bu sonumdur. Çünki hava da çox çiskinli idi. Göz-gözü görmürdü. Birtəhər özümdə güc tapıb, var gücümlə qışqırdım. “Kömək edin!”, dedim. Əlimi suda yuyub, yelləməyə başladım. Bu vaxt gəminin göyərtəsində olan bir nəfər məni gördü. Gəmi mənə tərəf yol aldı. Ayaqlarım və bədənim tamamilə donmuşdu. Məni çətinliklə sudan çıxarıb, gəmi ilə apardılar.

- Bu qəzanı kimin ayağına yazmaq olar?

- Küləyin... Bir də kapitan bu səfərə çıxmamalı idi. Onun səfərdən imtina etmək hüququ var idi axı...

- Bəs kimisə xilas edə bildiniz?

- Xeyr. O anda hamı öz canı ilə əlləşirdi. Gəmidə partlayış baş verdikdən sonra mənimlə eyni anda suya təmir mexaniki olan Sultan adlı oğlan da tullandı. Ancaq onun xilasetmə jileti yox idi. Gəmi suya batanda dalğanın gücü ilə onu da dənizin dibinə getdi. Xilas edə bilmədik onu.

- Gəmidə həlak olanlar kimlər idi?

- Kapitan da daxil olmaqla heyətin böyük hissəsi... Kapitanımız illərin kapitanı Cəfərağa müəllim idi. Həlak olanlar arasında sərnişinlər də var idi.

- Qəza günü baş verən bir epizodu unuda bilmirəm. Bizim gəmidə bir motorist var idi. Yenicə ata olmuşdu. Heç üzünü də görməmişdi. Maşın hissəsinə düşəndə gördüm ki, orada oturub ağlayır. Soruşdum ki, sənə nə olub? Dedi: “Ürəyimə damıb ki, gəmi batacaq. Mən də öləcəm. Uşağımı görə bilməyəcəm”. Biz ona yığışıb ürək-dirək verdik ki, belə hal baş verə bilməz. Ancaq o elə dediyini deyirdi. Bu hadisədən təxminən saat yarım sonra gəmidə qəza baş verdi. Həmin oğlan da həlak olanların içərisində idi.

- Xilas olanlar kimlər idi?

- İkinci mexanik Ağayev Asəf, 4-cü mexanik Samir adlı dənizçi, baş aşbaz Paşayev Mehman, eltormexanik Saşa, və Mirzə. Xilas olanlar arasında 3 nəfər qadın da var idi. Mila,Elmira, Aida...

- Həlak olanlar hansı millətdən idi?

- Böyük hissəsi azərbaycanlılar idi. Onların arasında qazaxlar, çərkəzlər də var idi.

- Demək olar ki, siz 2002-ci ildə yenidən doğuldunuz. Bu boyda qəzadan sonra yenə də dənizdəsiniz. Özünüzdən çox sevirsiniz dənizi?

- Dənizi mən yaxşısı və pisi ilə sevirəm.Ona görə də bu gün də burdayam. Peşman da deyiləm.

- Quru həyatı ilə dəniz həyatının fərqi nədədir?

- Quruda yaşayanlar elə zənn edirlər ki, dənizçilər kef çəkirlər.Amma bu belə deyil.Dənizçinin yaxşı günləri günəşli havada olur. Bizim ən pis günümüz küləkli günlərdir. Külək dənizçinin əsas düşmənidir.

- Bəs dəniz və dənizçi nəyi sevmir?

- Zarafatı... Bir də məsuliyyətsizliyi. Dənizçi minaaxtaran kimidir. Bir dəfə səhv etmək şansı olur.

- Ən peşəkar dənizçilər hansı ölkədə formalaşır?

- Səmimi sözümdür. Bizim dənizçilər peşəkarlıq baxımdan daha üstündürlər. Bunu mən beynəlxalq sularda olanda da görmüşəm.

- Neçə kapitan dəyişmisiniz?

- Çox olub.Sayını dəqiq deyə bilmərəm. Bir gəmidə uzun müddət çalışmağı sevirəm. Onda daha yaxşı tanıyıram gəmini.

- Olubmu ki, hansısa kapitana görə sizin dilinizlə desək gəmidən “düşəsiniz”?

- Xeyr. 34 ildir ki, dənizdəyəm. Belə halla qarşılaşmamışam.

- Dənizçinin şəxsi həyatı olur?

- Dənizçinin şəxsi həyatı da dənizlə bağlıdır. Çünki ilin böyük hissəsini suda oluruq.

- Peşman deyilsinizki?

- Qətiyyən...

- Burada işləmək üçün yaş həddi varmı?

- Səhhətin imkan verirsə, 64 yaşına kimi işləyə bilərsən.

- Bu sahədə davamçınız var?

- Kiçik oğlum maraqlı idi. Ancaq icazə vermədim. İndi o yol polisi işləyir.

- 34 ildir, dənizdə dalğalarla çarpışan dənizçinin dənizçilərə son sözü nədir?

- Hamısına uğurlar və açıq səma arzu edirəm. Dənizçinin qədrini və əziyyətini elə dənizçi bilər.

Qeyd: Müsahibənin və səfərin təşkilinə görə Xəzər Dəniz Dövlət Gəmiçilik İdarəsinin rəhbərliyinə təşəkkür edirik.



Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 24522