Borc verənlərin nəzərinə: Pulunuzu dərhal tələb edə bilərsiniz


13:21     05 Avqust 2017 manat1.jpg

“Borc verən pulu borc alana verməyi öhdəsinə götürür, borc alan isə aldığı pulu göstərilən müddətdə borc verənə qaytarmağı öhdəsinə götürür”


Bunu Femida.az-a açıqlamasında hüquqşünas Məhərrəməli Həmidov deyib.

Məhərrəməli Həmidovun sözlərinə görə, borcun məbləği 3 min manatdan artıqdırsa, borc müqaviləsi yazılı surətdə bağlanmalıdır:

“Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Borc alan aldığı pulu göstərilən müddətdə qaytarmazsa, borc verən verdiyi pulu və əlavə dəymiş ziyan və çəkdiyi xərcləri məhkəmə qaydasında tələb etmək hüququna malikdir”.

Hüquqşünas onu da bildirdi ki, aşağıdakı hallarda borc verən borcun qaytarılmasını dərhal tələb edə bilər:

“Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bu, borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 9303