• Ana səhifə / Manşet

Xəbər lenti

Erməni terrorçunun etirafı: ASALA Qarabağda döyüşüb


Tarix 06.01.17, 15:23



Ferdinand-Hodler küçəsindən olan qatil ilə görüş

Antuan Harari

Xülasə. Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusunun üzvü olan Mardiros Jamkoçyan 1981-ci ildə Cenevrədə Türkiyə Konsulluğunun əməkdaşını qətlə yetirib. Bu hadisədən 35 ildən artıq bir müddətin keçməsinə baxmayaraq, bu erməni döyüşçüsü təəssüf hissi keçirmir.

Cenevrə, 9 iyun 1981-ci il. Helvetika prospekti və Ferdinand-Hodler küçəsinin kəsişməsində atəş açılır. Sonra daha ikisi. Kəlləsi, ürəyi və çiynindən yaralanan şəxs yerə yıxılır. Bir qədər aralıda bir taksi maşını tüstülənir: onun güllə atəşinə tutulmuş mühərriki partlayır. Bu panikadır. Türkiyə Konsulluğunun katibi Mehmet Savaş Erquz Mardiros Jamkoçyan adlı 21 yaşlı bir gənc tərəfindən qətlə yetirilir. Aylar boyu hazırlanmış bu tapşırığın məqsədi İsveçrədə türk kəşfiyyatının rəhbəri olduğu güman edilən həmin şəxsin aradan götürülməsi idi.

Qətlin müəllifi bilir ki, qətlə iyirmidən artıq şəxs şahidlik etmişdir. O, cəld şəkildə Ferdinand-Hodler küçəsindəki binalardan birinə daxil olur, puloverini dəyişir, tapançasını və istifadə etmədiyi qumbaralarını atır.

Binadan çıxdıqdan sonra o, iti addımlarla Sən-Antuan prospekti istiqamətində gedir. O, məhkəmə binasına doğru gedərkən bir qutu siqaret almaq məqsədilə yolda bir köşkün yanında dayanır. Lakin onu tuturlar: yaxınlıqdan keçən birisi onu tanıyaraq polisə xəbər verir. Mardirosu yerə yıxırlar. “Mənim sənədlərim yoxdur” – onun fransızca bildiyi yeganə sözlər bunlar olur. O həbs edilir.

İrəvan, 2016-cı ilin payızı. Ermənistan paytaxtının ticarət küçələrindən birində yerləşən kiçik və rahat qəhvəxana – “Café de Paris”də əyləşən Mardiros Jamkoçyan törətdiyi qətlin təfərrüatlarını bizə danışır.

Ağarmış saçlarına və peyda olmağa başlayan qırışlarına baxmayaraq, o, yaşı 60-dan artıq olsa da, hərbi görünüşünü qoruyur. Azacıq da olsa vicdan əzabı çəkməyən bu şəxs qətl barədə sanki dünən olmuş kimi danışır. “Mən altı gün ərzində “Jardin anglais”də (gölkənarı bulvarda, tərcüməçi) yatırdım. Mən silahımı Kornavən vağzalındakı saxlama kamerasında buraxıb Cenevrədə konsulu izləyirdim. Mən fürsəti gözləyib, lazım olan anda hərəkətə keçdim”.

Doğulduğu Beyrut şəhərində təlim keçmiş Mardiros Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusunun – ASALA-nın üzvüdür. Məhz Livandakı vətəndaş müharibəsi zamanı erməni məhəlləsini qoruyarkən o, silahlardan istifadə etməyi öyrənmişdi.

O, tapşırığı yerinə yetirmək üçün Cenevrəyə göndərilməzdən əvvəl 17 yaşından etibarən Cənubi Livanda təlim düşərgələrində təlim keçmişdir. O dövrdə ASALA çoxlarının bixəbər olduğu erməni genosidi barədə dünya ictimaiyyətini xəbərdar etmək məqsədilə silahlı hücumlar həyata keçirirdi. Onun fəaliyyət üsulu sadədir: o, bütün Avropa ərazisində Türkiyənin maraqlarını hədəfə alır.

“9 İyun Qrupu”nun yaradılması

Mardiros Jamkoçyanın həbsinin ardınca ASALA onun azadlığa buraxılması üçün bir qrup yaradır: “9 İyun Qrupu”. İsveçrədə bədnam ad çıxarmış qrup elə həmin 1981-ci ilin 19-22 iyul aralığında dörd bomba partlayışı törədir. Sürix aeroportunda və Federal Sarayın (İsveçrə Parlamentinin binası, tərcüməçi) önündə törədilən ilk iki partlayış insan tələfatı ilə nəticələnməsə də, Lozanna şəhərindəki “Uniprix” mağazasının qadınlar bölməsində törədilən partlayış nəticəsində 26 nəfər bədən xəsarəti alır. Bundan da ciddisi iyulun 22-də Cenevrənin Kornavən vağzalında saxlama kamerasına qoyulan bombanın partlaması idi ki, nəticədə bir nəfər həlak olmuş və dörd nəfər yaralanmışdı.

Bu təzyiqlərə baxmayaraq, İsveçrə güzəştə getmir: o, Mardirosu 1981-ci ilin dekabrında on beş il müddətinə qapalı rejimli həbsxanada saxlanılmaqla azadlıqdan məhrum edir. 1982-ci ildə Los-Anceles şəhərindəki SBS İsveçrə bankının qarşısında törədilmiş növbəti partlayışdan sonra vəziyyət sakitləşir və ASALA Beyrutdan birtərəfli qaydada atəşkəs elan edir. Uzun illər keçdikdən sonra Mardiros bu gün etiraf edir ki, o bu partlayışlara qarşı idi. “Mən həmişə kor-koranə zorakılığı pisləyirdim. Mən nə üçün həbsxanada olduğumu bilir və bununla bağlı problem yaşamırdım. Mən törətdiyim əməlimlə fəxr edirəm”.

Mardiros Jamkoçyan on beş illik həbs müddətinin iki il yarımını Cenevrədə keçirdikdən sonra Orba köçürülür. Həmin illəri o, qəribə də olsa, xoş xatirələrlə yada salır. O, fransız dilini öyrənir və sonra imtahan verərək federal diplom alır. “Mən heç zaman yuxudan korluq çəkməmişəm. Həkimlər düşünürdülər ki, mən ya dəliyəm, ya da narkotiklərin təsiri altındayam. Onlar hamısı mənə sakitləşdirici vermək istəyirdilər. Bütün həbsxanadakılar bunlardan qəbul edirdilər! Mənim isə heç vaxt buna ehtiyacım olmayıb. Mənim yuxu dərmanım hər axşam yarım litr yoqurt idi”, deyərək o gülə-gülə bildirir.

Nümunəvi davranışına görə o, on iki ilin tamamında azad edilir və daha iki ili şərti cəza ilə Cenevrədə keçirir. Bundan sonra o, Ermənistana getmək arzusunu bildirir. Lakin problem onda idi ki, onun sənədləri yox idi və Sovet İttifaqı da dağılmaq üzrə idi.

Qəhrəman kimi qarşılanma

İsveçrə ondan tez bir zamanda “canını” qurtarmaq istəyir, lakin İsveçrənin yaşayış icazəsi olmadan onu harasa göndərmək olmur. Mardiros rişxəndlə gülə-gülə öz söhbətinə davam edir: “Mən onlara dedim: “Siz həqiqətən də istəyirsiz ki, mən burda qalım?” Bir həftə sonra onlar mənə etibarlılıq müddəti bir ay olan pasport verdilər ki, mən öz ölkəmə qayıdım. O pasportu hələ də saxlayıram”. Ölkəsinə qayıtdıqdan sonra onu qəhrəman kimi qarşılayırlar. Dağlıq Qarabağ yarı-muxtar vilayəti uğrunda Azərbaycanla müharibə gedirdi. Onu dərhal cəbhəyə göndərirlər.

O dövrün ordu başçısı olan Vazgen Sarqsyanın çox yaxın adamına çevrilən Mardiros onunla birlikdə yüksəlir. O zaman müdafiə naziri və Dağlıq Qarabağda hərbi əməliyyatlara cavabdeh bir şəxs olan Vazgen Sarqsyan 1995-ci ildə baş nazir olur. Mardiros Jamkoçyan 1997-ci ilədək onun cangüdənlərindən biri olur.

Sonra o, dörd illik müddətə ABŞ-a köçür. Bu dövr barədə ondan soruşanda, o, ciddi görkəm alır, lakin heç bir izahat vermir. Daha sonra o yenidən ölkəsinə qayıdır. 2000-ci illərin əvvəllərində o, minaların zərərsizləşdirilməsi üzrə mütəxəssis olaraq fəaliyyətə başlayır və etimad qazanmaq üçün adını dəyişir. Mardiros adı dəyişib Martirosa, Jamkoçyan isə Zamxoçyana çevrilir.

Tez-tez səyahət edən birisinə çevrilərək o, BMT-nin minalara qarşı beynəlxalq konfranslarında iştirak etmək məqsədilə tez-tez İsveçrəyə səfər edir. Qalan dövrlərdə isə o, Ermənistanın sərhədləri boyu səfərlər edərək hələ də bitməyən müharibədə qoşunların önündə çıxışlar edir.

Bununla belə, uzun illər ötməsinə baxmayaraq, Mardiros özünün tarixi düşmənini – Türkiyəni unutmur. “Mən həmişə ASALA-nın üzvü olacağam. Türklər məndən qorxur və bunda haqlıdırlar”. O, tünd eynəyini qaldıraraq bizə doğru əyilir və qorxunc görünüş alaraq söyləyir: “Siz, avropalılar, heç nə anlamırsız. Onlar gec və ya tez sizi işğal etməyə cəhd edəcəklər. Sonra ağlamaq artıq çox gec olacaq”.


ASALA hərəkatının tarixi

1975-ci ildə yaradılmış və 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu təşkilatının əsas məqsədi Türkiyəni erməni genosidini tanımağa vadar etmək idi.

Marksist-Leninist yönümlü ASALA erməni genosidinin tanınmasından əlavə, həmçinin, hazırkı Türkiyə ərazisinin şərqinin böyük bir hissəsini əhatə edən ərazilər hesabına “böyük Ermənistan” yaratmağa çalışırdı. Bu iddialar xüsusilə Vudro Vilsonun 1920-ci ildə imzaladığı Sevr müqaviləsinə əsaslanırdı.

İsveçrədə, eləcə də ABŞ-da, Livanda və Fransada fəaliyyət göstərən ASALA xüsusilə Avropa və ABŞ-da türk maraqlarına qarşı yönəlmiş terror aktları nəticəsində 46 nəfərin ölümünə və 299 nəfərin yaralanmasına görə məsuliyyət daşıyır.

Bu hərəkat Beyrutda Akop Akopyan, erməni əsilli isveçrəli keşiş Ceyms Karnusyan və yazıçı Kevork Acemyan tərəfindən 1975-ci ildə Livanda gedən vətəndaş müharibəsi zamanı təsis edilib. Bunun üzvlərinin əksəriyyəti valideynləri erməni genosidindən sağ çıxmış erməni əsilli livanlılar idilər. Onlardan da biri Mardiros Jamkoçyan idi ki, onun valideynləri Türkiyənin şərqindən qaçmışdılar.

Özünün pik dövründə yüzlərlə üzv və təəssübkeşlərdən ibarət hərəkat 1988-ci ildə Akopyanın Afinada öldürülməsindən sonra nüfuzdan düşməyə başladı. Bununla belə, ASALA-nın məqsədlərindən biri olan erməni genosidinin ictimailəşdirilməsinə nail olundu. Əvəzində, Türkiyə onu tanımadı və ASALA-nın yoxa çıxmasınadək onun çoxlu sayda üzvünün qətlinə göstəriş verdi. Ermənistanda həqiqi qəhrəmanlara çevrilmiş bu təşkilatın üzvləri 90-cı illərdə orduda və hökumətdə yüksək vəzifələr tuturdular.



Şəklin altındakı qeyd: “9 İyun Qrupu” 1981-ci ilin iyun ayında Cenevrədə qətl törətmiş Mardiros Jamkoçyanın (şəkildə portreti terrorçuların başı üzərindədir) azadlığa buraxılmasına nail olmaq üçün yaradılmış erməni təşkilatıdır.

Məqalənin əsli ilə BURADAN tanış ola bilərsiniz.

Femida.az

Xəbərin oxunma sayı : 2860











Cəmiyyət
img

Bakıda olay: Qardaşının yasına getdi, qayıdanda evinin satıldığını gördü - (VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img