Atalar və qızlar


17:27     07 Yanvar 2017 14547837_2188515964706290_5888680976367747072_n.jpg

Yaxın günlərdə bütün ikiayaqlı və dördayaqlı şüurlu bioloji varlıqların sayını açıqlayan Statitstika Komitəsi azərbaycanlıların 10 milyona yaxınlaşdığını deyəndə, az qaldı ki, sevincimdən göz yaşı tökəm. Amma millət vəkilinin "otxod" sözü yadıma düşəndə özümü birtəhər yığışdırdım. Fikirləşdim ki, ey dadi-bidad, bu millət vəkili 9 milyon haqqında belə düşünürsə, hələ 10 milyon olsa necə düşünər?!

Zorla bu millətin sayını o rəqəmə çatdıran sifarişə öyrəncəlilər elə hesab edir ki, bu pambıq, üzüm planıdır. Ay başınıza dönüm, o Sovet illərində qaldı. O vaxt uşaq istehsalından tutmuş, kəfən istehsalına qədər birincilik qazanardıq, əvəzində də orden-medal da verəndə, istehsalı ikiqat daha da artırardıq. Axı indi zaman o zaman deyil, bunun GMO məhsulları, şülanması, süni mayalanması var.

Tələm-tələsik 8 milyondan 9 milyonuncu adam balası yaradanda bilmirlər ki, bunun içində "otxod"lar ola bilər?!. O “otxod”lar ki, onlardan biri öz qızı - Nurayın gözünün yaşına baxmadan ona analıq edən insandan ayırır, “xahiş edirəm, mən mamada qalım. Mama, imkan vermə məni aparsınlar” - deyən qızının fəryadına səs vermir.

Sizi inandırım ki, bu travma ilə yaşayan Nuraydan böyüyəndə qeyrət güdən də elə onlar olacaq. Bəlkə də Nurayı "gəlinin getdiyi yerdən meyiti çıxar" təfəkkürü ilə ərə də verəcəklər. Namusunun küləyi adamı on metrdən hayıl-mayıl edən insanların əhatəsində böyüyəcəksə, intihar da edəcək.

İki uzunqulağın arpasını böləndə bir pay da özlərinə götürən bu şüurlu ikiayaqlı varlıqlar üçün yalnız yatağın verəcəyi həzz var. Və bu gün onlar çılpaqlığı ilə ortadadır.

Yaxın günlərdəki İstanbulda terrorunun qurbanı olan azərbaycanlı Nuranə haqqında mənfi rəy yazanları yadınıza salın. Qadından iki ayağının arasının namusunu gözləyən hansı əsl kişi terrorun qurbanı olan azərbaycanlı qadının qətlinə haqq qazandırar?!.

Əgər qazandırırsa bu təbəqəni papaqsız başlar idarə edir. Səmti bilinməyən küləklər bu sahibsiz papaqları küçə boyu diyirləyir ünvanlamağa baş tapılmır. Çünki o başlar standartdan kənar, papaqlar isə bir ölçülüdür.

Ömründə gecə kulubu görməyən, arvadı ilə münasibətlərini 1 manatlıq çayxanadan kişilər arasında bölüşən bu təbəqə, yalnız namusdan-qeyrətdən ağız dolusu danışır.

Bu gün "Facebook"da şəhid anası şəkli görən kimi "Vətən anadır" yazan, ancaq Vətənlərinə olan təcavüzün fəxrlə ifadə edilməsini istəyən də, elə Nuranə və Nuraydan istədiklərini gözləyənlərdi.

İndi siz deyin, belə varlıqlarla 10 milyon olmağımız doğrumu?!

P.S Artıq XXI əsrdə “atalar və oğullar” problemi öz mənzərəsini dəyişir.

Oğuz Altay


Femida.az

Açar sözlər:

Oxunub: 4516


Oxşar xəbərlər