`İcra məmuru vəzifə səlahiyyətlərini aşıb` - Vəkildən açıqlama


18:01     07 Yanvar 2017 nuray26.jpg

Sosial şəbəkələrdə 10 yaşlı Nurayın Quba məhkəməsində xalasından zorla alındığını əks etdirən görüntülər yayılıb. Qeyd olunan video cəmiyyətdə böyük narahatlığa səbəb olub.


Məlum görüntülərlə bağlı vəkil Sadiq Əfəndiyev Femida.az-a məsələnin dərinliyini şərh edib. Onun sözlərinə görə, icra məmurunun vəzifə səlahiyyətlərini aşma ilə bağlı cinayət əməlinə dəlalət edən hərəkətləri prokurorluq orqanları tərəfindən araşdırılmalı və onun bu hərəkətlərinə hüquqi qiymət verilməlidir.





“Süjetdən görünür ki, burada söhbət uşağın faktiki himayəsində olduğu xalasından alınıb atasına verilməsi barədə olan məhkəmə qətnaməsinin məcburi icrasından gedir. Lakin bu icra hərəkəti azyaşlının mənafeyinin pozulması, ona qarşı insanlığa sığmayan zorakılığın edilməsi, ona psixioloji, mənəvi sarsınrıların yetirilməsi ilə müşayiət olunur. Sanki uşaqla insan kimi deyil, mübahisəli hüquq münasibətinin obyekti kimi, necə deyərlər, cansız bir əşya kimi davranılır. Təbii ki, bu cür məcburi icra tədbiri hər şeydən əvvəl beynəlxalq və milli hüquqda qəbul olunmuş uşağın üstün mənafeyi prinsipi baxımından yolverilməzdir.

Biz razılaşırıq ki, əsaslı yaxud əsassız olmasından asılı olmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi borclu tərəfindən könüllü icra olunmalı, könüllü icra olunmadığı halda borclu icara məmuru tərəfindən həyata keçirilən məcburi icra tədbirlərinə məruz qalmalı, yəni məhkəmə qətnaməsi məcburən icra etdirilməlidir. Hər bir halda bütün məhrumuyyətlər, məcburiyyətlər borclunun barəsində tətbiq olunmalı, onunla bağlı olmalıdır. Nəzərə almaq lazımdır ki, qeyd olunan icra işində borclu azyaşlı uşaq yox, onu faktiki olaraq öz himayəsinə götürmüş xalasıdır. Uşaq icra sənədinə əsasən heç bir cavabdehlik daşımadığından ona qarşı məcburi hərəkətlərin edilməsi düzgün deyildir. Bu məsələdə çaşqınlıq yaradan incəlik məhz bundan ibarətdir. Bu baxımdan icra məmurunun uşağı zorla götürüb atasına verməsi, nəinki ədalət meyarlarına, hətta icra qanunvericiliyinin özünün formal tələblərinə belə uyğun deyildir. Əgər doğurdan da icra məmuru məsələyə qanunun formal tələbləri baxımından yanaşmaq istəyirdisə, bu zaman o, icra qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məhkəmə qətnaməsinin könüllü icrasını iş üzrə borclu sayılan uşağın xalasına təklif etməli, əgər o, uşağın atasına verilməsini təmin etməzdirsə, uşağın deyil, məhz onun barəsində digər zəruri məcburi icra tədbirlərini tətbiq etməli, o cümlədən onun məhkəmə qətnaməsini icra etməyəyə görə məsuliyyət məsələsinin həll edilməsi üçün müvafiq orqanlara təqdimatla müraciət etməli idi.
Hesab edirəm ki, icra məmurunun vəzifə səlahiyyətlərini aşma ilə bağlı cinayət əməlinə dəlalət edən hərəkətləri prokurorluq orqanları tərəfindən araşdırılmalı və onun bu hərəkətlərinə hüquqi qiymət verilməlidir.”





Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 11921