10 yaşlı Nurayın işi ilə bağlı HÜQUQİ ŞƏRH


21:44     07 Yanvar 2017 3-2-12.jpg

“İcra məmuru məhkəmə qərarını müzakirə deyil, icra edir. Lakin buna baxmayarq, qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması o demək deyil ki, icra məmuru uşaqı mütləq şəkildə, məcburi alıb atasının himayəsinə verməlidir...”


Bu sözləri Femida.az-a açıqlamasında hüquqşünas Məhərrəməli Həmidov deyib.

Hüquqşünasın sözlərinə görə, məhkəmə qərar qərar qəbul edərkən işin bütün halları araşdırılmalıdır ki, uşağa heç bir fiziki, mənəvi, psixoloji zərər dəyməsin:
“İlk öncə qeyd edim ki, Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Buna görə də, məhkəmə müvafiq qərarı qəbul etməmişdən əvvəl, uşaqın hüquq və mənafeyini, atasının himayəsinə verilməsində fikrini nəzərə almalı, rəy verilməsi üçün işə mütəxəssisləri cəlb etməli və işin bütün hallarını araşdırmalıdır ki, uşaqın tərbiyəsinə, sağlamlığına və onun psixi, fiziki, mənəvi inkişafına zərər yetirilməsin”.

Məhərrəməli Həmidov bildirdi ki, mövcud qanunvericiliyə görə istənilən halda dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalıdıdr:

“Sosial şəbəkələrdə yayılan video görüntülərdən aydın olur ki, azyaşlı qız uşağının mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirilir. Ona qarşı kobudluq edilir, biganəliyə yol verilir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır”.



Məhərrəməli Həmidov vurğuladı ki, işin icrası mümkün olmadıqda icra məmuru icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul eməlidir:

“İcra məmuru məhkəmə qərarını müzakirə deyil, icra edir. Lakin buna baxmayarq, qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması o demək deyil ki, icra məmuru uşaqı mütləq şəkildə, məcburi alıb atasının himayəsinə verməlidir. Çünki valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Belə hallarda icra məmuru borclunu məsuliyyətə də cəlb edə bilməz. Çünki borclu icra sənədinin icrasına mane olmur. Azyaşlı uşaq özü, hansısa səbəbə görə atasını istəmir. Uşağı atasını istəməsinə və onunla qalmasına da təhrik etmək düzgün olmaz. Sadəcə bunun səbəblərini müəyyən etmək məqsədilə icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün mütəxəssis dəvət oluna bilər. Əgər uşağa hər hansısa bir müdaxilə və təzyiqlərin olunması sübuta yetirilmirsə, icra sənədinin icrası mümkün olmadığına görə icra məmuru icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul eməlidir”.

Məhərrəməli Həmidov sonda onu da əlavə etdi ki, uşağın qohumlarının himayəsində hansı şəraitdə yaşaması da araşdırılmalıdır. Uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda, müvafiq icra hakimiyyəti orqanı uşağı onlardan təcili olaraq almaq hüququna malikdir. Həmin orqan uşağın alınması barədə məhkəməyə iddia ilə müraciət edə bilər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3721