Faciəvi şəkildə ölən fəhlənin ailəsinin fəryadı – Şirkət məsuliyyətdən qaçır


13:50     11 Yanvar 2017 xirdalan6.jpg


2016-cı ilin dekabrında faciəvi şəkildə həlak olan usta Muxtar Əsgərovun ailəsi tərəfindən Femida.az-a müraciət daxil olub. Zülfiyyə Əsgərovanın sözlərinə görə, həyat yoldaşı “Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətində usta işləyirmiş.


Müqaviləsiz işlədiyi “Xırdalan Xəz” ATSC- nin dəri anbarının damının təmir etdiyi zaman cərəyan vurması nəticəsində həlak olduqdan sonra şirkət tərəfindən ödənilməli olan kompensasiyanı ala bilmədiklərindən şikayətlənib.


“ Yoldaşım Əsgərov Muxtar Bahadur oğlu 15 noyabr 2016- cı il tarixdən 21 dekabr 2016- cı il tarixədək “Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin dəri fabrikində müqaviləsiz işləyirdi. Gününə 25-30 manat pul alırdı. Orada tikinti sahəsində işləyirdi. Ayın 21-də səhər saat 8- də fabrikin çardağında təmir işi apararkən onu elektrik cərəyanı vurdu. Elə yerindəcə dünyasını dəyişdi. Yoldaşımla heç bir əmək müqaviləsi bağlanmamışdı. Təhlükəsizlik qaydaları da olmadığı üçün bu faciə ilə dünyasını dəyişdi. Bizə əvvəlcə demişdilər ki, yoldaşım binadan yıxılıb ölüb. Sonra bildik ki, onu “tok vurub”. Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət işi açıldı. Ancaq bu günə kimi heç bir nəticə yoxdur.





Xırdalan Xəz MMC-nin rəhbəri Akif Rəhimov adlı şəxsdir. Bu hadisə baş verəndən sonra Fərhad adında məsul şəxsi təyin etdi ki, bizim problemlərimizlə məşğul olsun. Həmin şəxs mərhum yoldaşıma bir dənə baş daşı qoydurdu. Mən bu gün 3 uşaqla tək qalmışam. Heç bir yerdən gəlirimiz yoxdur. Heç ölüm kağızını da ala bilmirik. Onu da səbəb göstərmədən uzadırlar. Həmin MMC-dən bizi aldadırlar. Əvvəlcə demişdilər ki, yoldaşım öldüyü üçün bizə kompensasiya ödəcəyəklər. Ancaq sonradan bundan boyun qaçırdılar. 3 qız övladım var. Böyüyü 20 yaşında, digərlərinin 17 və 2 yaşları var. Mən bu uşaqları necə böyüdüm? Özümüz vaxtı ilə atların saxlanıldığı damda qalırıq. Evimiz də yoxdur.

Mənim xahişim odur ki, qanun çərçivəsində bizə düşən ödəniş edilsin və mənim övladlarımın böyüdülməsinə kömək etsinlər. İmkanımız olmadığı üçün vəkil də tuta bilmirik. Özümüzün də hüquqi savadımız olmadığı hüquqlarımızı müdafiə edə bilmirik. Bu 3 qız uşağına görə bizə kömək etməyinizi xahiş edirəm.”





Femida.az “Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri Akif Rəhimovla əlaqə saxlayıb. Akif Rəhimov sualımızı eşidən an çox kobud şəkildə xəstə olduğunu və onu bu məsələ ilə bağlı narahat etməməyi bildirdi. Xatırladaq ki, Akif Rəhimov sonuncu parlament seçkilərində
50 saylı Abşeron-Qobustan seçki dairəsindən Azərbaycan Respublikasının deputatlığa namizədliyini vermişdi.


Femida.az məsələnin hüquqi tərəflərini də araşdırıb.





Müqaviləsiz işçi çalışdıran şirkət rəhbərləri hansı məsuliyyəti daşıyır? Mövzu ilə bağlı sualları 3 saylı Hüquq Məsləhətxanasının vəkili, Ruhiyyə İsayeva şərh edib.

Müqavilə olmadan işlədilməsi ilə bağlı:

1. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxs hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikdə hüquqi şəxs 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

Vəfat edən şəxsin ailəsinə ödənişin edilməsi ilə bağlı:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239.2 və 239.3-cü maddələrinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə, ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilən, müvafiq ödənclər ödənilməlidir.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 39572