Neft həftə ərzində 3% ucuzlaşıb


22:03     13 Yanvar 2017 1437028799_neft.jpg

Neftin qiymətləri bugünkü ticarət sessiyasında neqativ dinamika nümayiş etdirib və dekabrdan etibarən ilk dəfədir həftəni mənfi göstərici ilə başa vurur.


Femida.az xəbər verir ki, investorlar OPEC üzvü olan ölkələr tərəfindən hasilatın azaldılmasına dair bəyanatları gözləyir.

Hazırda London birjasında Brent markalı neftin 1 barrelinin dəyəri 0,77% və ya 0,96 dollar azalaraq 55,58 dollara enib.

Nyu-York əmtəə birjasında WTI markalı neftin 1 barrelinin qiyməti isə 0,43 dollar və ya 0,83% azalaraq 52,58 dollara çatıb.

Həftənin əvvəli ilə müqayisədə hər iki markadan olan neft 2,8% ucuzlaşıb.

Ekspertlərin əksəriyyəti kotirovkaların ciddi dəyişikliyə məruz qalmayacağını proqnozlaşdırır. "Bloomberg" agentliyinin sorğusunda iştirak edən 39 ekspertdən 15-i hesab edir ki, növbəti həftə neft qiymətləri üçün olduqca sakit olacaq. Respondentlərin 13-ü isə hesab edir ki, gələn həftə neftin qiymətləri azalacaq, 11 nəfər isə neftin bahalaşacağını proqnozlaşdırır.

Bundan öncə hasilatın azaldılmasına dair razılaşmada iştirak edən OPEC-in bir çox üzvü üzərinə götürdüyü öhdəlikləri yerinə yetiriləcəklərini bəyan ediblər. Hətta Səudiyyə Ərəbistanının energetika naziri qeyd edib ki, hazırda sutkalıq hasilat 10 mln. barrel təşkil edir. Bununla nazir ona işarə edib ki, sutkalıq hasilat tələb olunandan da çox azaldılıb.

Lakin "Commerzbank"ın analitikləri qeyd edir ki, yeni aylıq statistik məlumatlar açıqlanmadan bəyanatlara inanmaq olmaz.

Xatırladaq ki, hasilat həcmini monitorinq etmək üçün xüsusi komitə yaradılıb. Bura OPEC və kartelə üzv olmayan ölkələrin nümayəndələri daxildir. Komitənin ilk iclası 21-22 yanvar tarixlərində Vyanada keçiriləcək.

Bu arada Küveyt rəsmiləri bəyan edib ki, yeni yaradılan komitə yalnız hasilatı deyil, ixrac olunan neftin həcmini də monitorinq etməlidir. Rusiyanın energetika naziri Aleksandr Novak isə bildirib ki, həmkarlarının bu təklifi ilə tam razıdır.

Neft bazarına müsbət təsir edən amillərdən biri də odur ki, Çin dekabrda gündəlik neft idxalını 8,56 mln. barrelə çatdırıb. Bu isə rekord göstəricidir.

Femida.az

Açar sözlər:

Oxunub: 1039