Güllələnən iş adamının arvadı İcra Hakimiyyətinə qalib gəldi - Məhkəmədə


17:54     16 Yanvar 2017 114532_src2.jpg


Uzun müddətdir mətbuatın gündəmini zəbt edən məhkəmə prosesi yekunlaşıb. Femida.az xəbər verir ki, qətlə yetirilən iş adamının həyat yoldaşı Rüstəmova Venera Əhəd qızı 5 ilə yaxın davam edən məhkəmə prosesindən qalib ayrılıb.


Məhkəmə 11 yanvar 2017-ci ildə Gəncə İnzibati-İqtisadi Məhkəməsində hakim Kamil Rzayevin sədrliyi ilə keçirilib. Məhkəmə iclasında Gəncə şəhəri, “Əriklik bağı” deyilən ərazidə yerləşən və xüsusi mülkiyyət hüququ üzrə Rüstəmova Venera Əhəd qızına məxsus olan 1,0 ha torpaq sahəsində ayrı-ayrı vətəndaşların adına fərdi yaşayış evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının qanunsuz sərəncamlarının ləğv edilməsinə dair məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin qərarı ilə V.Rüstəmovanın iddiası təmin edələrək qanunsuz sərəncamlar ləğv edilib.

İddiaçının vəkili Sadiq Əfəndiyev Femida.az-a açıqlamasında sözügedən məhkəmə prosesinin artıq 5 ilə yaxındır ki, davam etdiyini deyir:





“Nəhayət uzun müddətli məhkəmə prosesindən sonra Gəncə İnzibati-İqtisadi məhkəməsi obyektiv və qanuni qərar qəbul etdi. Lakin həmin məhkəmə birinci instansiya məhkəməsi olduğundan qəbul etdiyi qərar qəti deyildir. Belə ki, qarşı tərəfin apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarını yuxarı məhkəmədə mübahisələndirmək hüququ vardır. Təəssüf ki, bəzi hallarda tərəflər öz haqsız mövqelərini dərk etsələr də, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti, sonra isə kassasiya şikayəti verərək qəbul olunmuş qərarın qüvvəyə minməsini gecikdirməyə çalışırlar. Ümid edək ki, Gəncə şəhəri, Nizami rayon İcra hakimiyyəti dövlət orqanı olaraq bu cür hüquqdan sui-istifadə hallarına yol verməyəcəkdir.”

Xatırladaq ki, Rüstəmova Venera Əhəd qızı 2011-ci il, iyunun 8-də Nəsimi rayonunda odlu silahla qətlə yetirilən iş adamı, Gəncə şəhər sakini Rövşən Rüstəmovun həyat yoldaşıdır.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 14923