Lavrov Lapşinin Azərbaycana verilməsinin əleyhinə çıxdı


17:17     17 Yanvar 2017 lavrov-un-press-conference.jpg

Moskvada keçirilmiş mətbuat konfransında Ermənistanda dərc edilən “Novoye vremya” qəzetinin əməkdaşı Rusiyanın xarici işlər naziri Sergey Lavrova Belarusda bloger, Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşinin saxlanılması ilə bağlı sual verib.


Sergey Lavrov suala belə cavab verib: “Biz jurnalistlər və fiziki şəxslər tərəfindən hər hansı əraziyə səfər edilməsinin kriminallaşdırılmasının əleyhinəyik. Biz RF vətəndaşlarının ekstradisiyasının əleyhinəyik”.

Lavrov xatırladıb ki, Rusiya və Belarus ittifaq dövlətləridir və bu, özündə vahid viza və miqrasiya parametrlərinin razılaşdırılmasını, həmçinin arzu olunmayan və olunan şəxslərin vahid siyahısının tərtib edilməsini ehtiva edir.

Lavrovun sözlərinə görə, rusiyalı diplomatlar Lapşinlə əlaqə saxlayıblar. Eyni zamanda, İsrail diplomatlarının da blogerlə əlaqədə olması qeyd edilib. O, əlavə edib ki, vəziyyətin tənzimlənməsi üçün zəruri addımlar atılacaq.

Qeyd edək ki, Lapşin dekabrın 15-də Minskdə Azərbaycan tərəfinin sorğusu əsasında saxlanılıb. Onun Dağlıq Qarabağa səfər etdiyi və bununla da, Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” Qanununu pozduğu üçün ölkəmizə təhvil verilməsi gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 8235