Milli Qəhrəmanın deputat arvadı: `Xankəndində azərbaycanlılara ərzaq satılmırdı` (MÜSAHİBƏ)


13:50     27 Yanvar 2017 esas9.JPG


Femida.az-ın “Canlı şahid” layihəsinin növbəti qonağı millət vəkili Flora Qasımovadır.

Flora Qasımova Azərbaycanın işğal altında olan Xankəndi şəhərindəndir. Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı olan Flora Qasımova doğulub boya-başa çatdığı Xankəndi şəhərinin deputatıdır.

Müsahibəni oxuculara təqdim edirik:

- Xankəndini necə xatırlayırsınız?

- Orta məktəbi Xankəndidə bitirmişəm, ilk əmək fəaliyyətimə də burada başlamışam. Bitirdiyim məktəbdə riyaziyyat fənnindən dərs demişəm. İctimai işlərdə fəal olduğuma görə məni Məktəb Komsomol Təşkilatının katibi seçmişdilər. Daha sonra isə Vilayət Komsomol Komitəsinin plenumuna üzv seçildim. 1973-cü ildə vilayət sovetinin deputatı seçildim. Ailə həyatı qurandan sonra Xankəndini tərk etdim. Xankəndi çox sakit və təmkiz şəhər idi. Gecə saatlarında şəhərdə gəzsən, heç kəs deməzdi ki, haradan gəlirsən, haraya gedirsən. Ermənilərlə birlikdə yaşayırdıq. Kiminsə öldürülməsi, döyülməsi hallarına nadir hallarda rast gəlinirdi. Qonşularla münasibətimiz yaxşı idi, bir-birimizin xeyirində, şərində iştirak edərdik. Bir çətinliyə düşəndə köməyə gələrdilər. Bayramlarda bir-birimizə pay verərdik. Hadisələrin başlamasına bir az qalmış Xankəndidə çox sürətlə kooperativ evlər tikilirdi. Elə bil ki, ciddi hazırlıq gedirmiş. 1988-ci ilin 13 fevralındakı hadisələr başlayanda azərbaycanlılara qarşı çox mənfi münasibət var idi. Ermənistandan gələn emissarlar gəncləri başlarına toplayaraq azərbaycanlılara qarşı geniş təbliğat işi aparırdılar. Qardaşımı türk olduğu üçün işdən çıxarmışdılar. Azərbaycanlı işçilərin maaşını gecikdirir, yaxud da vermirdilər. İş o həddə çatmışdı ki, mağazada azərbaycanlılara ərzaq satılmırdı.

- Azərbaycanlılarla ermənilərin say nisbəti necə idi?

- Statistik rəqəmlərdə Xankəndinin 55 min sakini olduğu öz əksini tapır. Ermənilərin sayı süni surətdə artırılır, azərbaycanlılarınkı sayı isə əksinə, azaldılırdı. Məsələn, Xankəndidə çalışıb kirayə qalan azərbaycanlılar qeydiyyata alınmırdı. Təqribən əhalinin 25 faizi azərbaycanlılardan ibarət idi. Statistik məlumatlarda isə 1988-ci ildə 3 mindən bir qədər artıq azərbaycanlının yaşadığı göstərilirdi. Ermənilərin sayı azərbaycanlılardan daha çox idi. Amma Xankəndinin elə məhəllələri var idi ki, orada azərbaycanlıların sayı çox idi. Ermənilərlə qonşuluqda heç vaxt qarşıdurmamız olmayıb. Lakin həmişə hiss etmişik ki, bizə “turk” deyərək yuxarıdan aşağı baxırdılar. Vəzifədə olanlarımızın sayı çox az idi. Bütün Vilayət Partiya Komitəsində cəmi bir azərbaycanlı işləyirdi. Vilayət Komsomol Komitəsində bir azərbaycanlı var idi. Şəhər Partiya Komitəsində yeganə azərbaycanlı mən idim. Bütün işlər erməni, yaxud rus dilində aparılırdı. Xankəndində keçmiş Lenin adına Pedaqoji İnstitutun filialı açıldıqdan sonra ətraf Azərbaycan rayonlarında yaşayan gənclər bura oxumağa gəlirdi. Bu institutda Azərbaycan və Erməni sektoru var idi. Burada işləyən müəllimlər də Xankəndidə ev aldılar, Xankəndiyə oxumağa gələn qızlar yerli sakinlərlə ailə həyatı qurdu və bununla da Xankəndidə azərbaycanlıların sayı artmağa başladı.



- Xankəndi də erməni vəhşiliyinin şahidi olan rayonlarımızdandır. Bununla bağlı nələri xatırlayırsınız?

- Əslində Xankəndində dava-dalaş, insanlar arasında mübahisə nadir hallarda olardı. Lakin 80-ci illərin sonlarından etibarən vəziyyət gərginləşməyə doğru getdi. Evlər yandırıldı, vəziləri dağıdıldı. Yadımdadır, həyat yoldaşımın qardaşı oğlanlarını çox pis döymüşdülər. Sonradan biri infarkt keçirdi. Təkcə bizim ailədən 3 nəfər öldürüldü. Bir həkim var idi, onu ermənilər o qədər döymüşdü ki, 6 ay sonra həyatını itirdi. Mənim babam Xankəndidəki Dövlət Təhlükəsizlik Komitəsinin Şöbəsinin əli ilə öldürülüb. Onun harada öldürüldüyündən xəbərimiz yoxdur. Eşitdiyimə görə, ermənilər Kərgicahanda ər-arvadın başını kəsmişdilər.

- Hadisələr başladıqdan sonra Xankəndidən köçmə prosesi xatirinizdə necə qalıb?

- Mən o vaxt Bakıda yaşayırdım. Lakin mənim də, yoldaşımın da bütün qohum-əqrəbaları Xankəndində idi. 18 sentyabr 1988-ci ildə azərbaycanlıların evlərinə hücum etdilər, bəzi evləri yandırdılar. Yaxın qonşularımız qorxularından azərbaycanlılara kömək edə bilmirdilər.

- Ermənilərin içərisində həqiqəti söyləyən, azərbaycanlılara qarşı təcavüzü pisləyənləri var idimi?

- İvan adlı bir erməni rejissor var idi. O, Azərbaycan SSR-in əməkdar artisti idi. Həyat yoldaşım teatra tez-tez getdiyinə görə İvanla dost olmuşdu. İvan yoldaşıma deyirdi ki, bizim millətin şüur səviyyəsi 1905-ci il səviyyəsində qalıb. Həqiqəti söyləyən başqa ermənilər də var idi.

- Dostluq etdiyiniz erməni var idi?

- Mənim ermənilər arasında yaxın dostum olmayıb. Lakin ictimai xadim kimi Şəhər Partiya Komitəsində çalışarkən Xaçyan Roza adlı erməni qadınla yaxın münasibətim olubdur. Onun azərbaycanlılarla münasibəti çox yaxşı idi. Mən onun yanında hər sözü danışa bilərdim. O da ermənilərin azərbaycanlılara qarşı pis münasibətini tənqid edirdi.



- Bakıya gəldikdən sonra dostlarınızla, erməni qonşularınızla əlaqə saxladınız heç?

- Bir dəfə Xankəndindəki erməni qonşuma zəng etmişdim. Hadisələr yenicə başlamışdı. Qonşumuza dedim ki, anam gilə zəng edirəm, telefonu götürmürlər. Həmin arvad telefonda mənim üzərimə bağıraraq dedi ki, nə istəyirsiniz bizdən, sizin əlinizdən yorulmuşuq və s. Bəlkə də qorxusundan mənimlə elə danışırdı ki, sonradan azərbaycanlılarla əlaqə saxladığı bilinməsin. Ermənilər onlara satqınlıq edənləri çox sərt cəzalandırırdılar. Bəzən hətta öldürürdülər. Məsələn, bir məktəb direktoru var idi. Həmişə çıxışlarında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin əleyhinə olduğunu bildirirdi. Sonradan həmin direktorun başına olmazın işlər gəldi. Onun qızı Vilayət Partiya Komitəsində işləyirdi. Moskvaya bir aylıq kursa yollamışdılar. Onun qızını Moskvada şərlədilər. Guya ki, bu qız otaq yoldaşının çemodanından nələrsə oğurlayıb. Şəhər Partiya Komitəsinin bürosunda qızın məsələsini müzakirəyə çıxardılar. Qızı partiya sıralarından xaric etdilər. Məqsəd həmin direktoru alçaltmaq idi. Sonda direktor intihar etdi. Bəlkə də onu öldürüblər.

- Xankəndinin spesifik cəhəti nə idi?

- Xankəndi sənayə şəhəri olub və çoxlu fabrikləri, zavodları var idi. Bu şəhərdə nə işsizlik, nə də evsizlik problemi var idi. O qədər iş yeri var idi ki, Azərbaycanın ətraf rayonlarından gəlib burada işləyirdilər. Respublikada 4-cü sənayə şəhəri idi. Xankəndidə bir ayaqqabı zavodu var idi ki, istehsal gücünə görə SSRİ ərazisində birinci yerdə idi.

- Xankəndinin özünəməxsus mətbəxi olub?

- Azərbaycanlılara məxsus olan bütün xörəkləri bişirərdik. Lakin ermənilər qaban ətinin kababını çox xoşlayırdı. Demək olar, hər gün qaban kababının tüstüsü şəhəri bürüyərdi. Bundan başqa, göy kətəsi də Xankəndində insanların sevdiyi yeməklərdən idi. Ermənilər bunu çaxırla yeyərdilər. Xankəndində dolma çox fərqli bişirilərdi. Belə ki, onlar əti taxta ilə əzib xəşil formasına salırdılar.

- Xankəndindən hansı tanınmış simalar çıxıb?

- Azərbaycanın daxili işlər naziri Ramil Usubov Xankəndində orta məktəbdə təhsil alıb. Onunla eyni məktəbdə oxumuşuq. Mənim həyat yoldaşım Milli Qəhrəman Şirin Mirzəyev də Xankəndindəndir. Onunla bir sinifdə oxumuşam. Elə olub ki, onunla eyni partada oturmuşuq. Ramil Usubov bizdən bir sinif aşağı oxuyub. Ramil Usubov Şirin Mirzəyevlə yaxın dost olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın əsli Xankəndidəndir.



- Dediniz ki, Şirin Mirzəyevlə eyni sinifdə oxumusuz. Bəs, necə oldu ki, evlənmək qərarına gəldiniz?

- Orta məktəbdə heç ağlıma gəlməzdi ki, biz evlənərik. Mən Bakıda Pedoqoji Universitetdə birinci kursda oxuyarkən o, Bakıda hərbi xidmətdə idi. Hərdən sinif yoldaşım kimi yataqxanaya gələrdi. Mən riyaziyyatı yaxşı bildiyimə görə sinif yoldaşlarıma həmişə kömək edərdim. Onlar da məni çox istəyirdilər. Şirinlə də görüşərdik. Sonradan Şirin Sankt-Peterburqda hərbi məktəbi bitirdi və təyinatını Yerevana verdilər. Yerevanad olarkən məktub yazaraq mənə olan sevgisini etiraf etdi. Lakin evlənməyimiz 9 il sonraya, 1976-cı ilə təsadüf etdi. Toyumuz Xankəndində oldu.

- Şirin Mirzəyevin şəhid olma xəbəri sizə necə çatdırıldı?

- Həmin vaxt Bakıda yaşayırdım. Səhər tezdən Şirinin qardaşı oğlu mənə zəng edib dedi ki, Şirin minaya düşüb. Şirin minaya düşəndə qardaşı oğlu və əmisi nəvəsi də yanında olub. Həm Şirinin, həm də əmisi nəvəsinin meyitini Bakıya bizim evə gətirdilər.

- Həmin vaxt Bakıda tək yaşayırdınız?

- Hadisələr başlayanda Şirinin də bacısı, qardaşı Bakıya köçmüşdü. Atam-anam da Bakıya mənim yanıma gəlmişdi. 12 nəfər üç otaqlı evdə yaşayırdıq. Daha sonra atam-anam mənimlə qaldı, digərləri yataqxanalarda yerləşdi. Uşaqlarım da çox balaca idi. Şirin Mirzəyevin rəhbərlik etdiyi ordu qüvələri Ağdərə istiqamətində hücuma keçərkən bir neçə kənd işğaldan azad edilmişdi. O zaman hələ onlar mühasirəyə düşməmişdi. Lakin mən Rusiya kanalında Ağdərə istiqamətində hücum edən Azərbaycan odusunun mühasirəyə düşdüyü xəbərini eşitdim. Dərhal zəng etdim, mənə deyildi ki, yalnış xəbərdir. Bundan 2 gün sonra Şirin Mirzəyevin rəhbərlik etdiyi ordu qüvvələrinin mühasirəyə düşdüyünü eşitdik. Deməyim odur ki, onların mühasirəyə düşməsi bəzi qüvvələr tərəfindən əvvəlcədən planlaşdırılmışdı. Şirin Mirzəyev həmişə cəbhədəki pərakəndə vəziyyətdən narazılıq edirdi. O, döyüşçü dəstələrinin birləşərək vahid komandanlıqdan idarə olunmasını istəyirdi. Şirin Mirzəyev mərd, cəsur və qorxmaz insan idi. Xalqını sevən oğul idi.

- Şirin Mirzəyev şəhid olduqdan sonra çətinliyiniz oldumu?

- Vəziyyət çox gərgin idi. Çörək növbələri olurdu. Məhsul qıtlığı yaşanırdı. Güzəranımız yaxşı deyildi, yaxın qohumlardan heç kəs işləmirdi. Hər gün cəbhədən ölüm xəbəri gəlirdi. Çox faciəli günlər idi.



- Övladlarınızdan atalarının yolunu gedən oldumu?

- Oğlum polis əməkdaşıdır, Daxili İşlər Orqanlarında çalışır. Qızım isə ingilis dili müəlliməsidir. O qədər çətinlik, qarma-qarışıqlıq oldu ki, illərin necə keçdiyindən, onların necə təhsil almasından xəbərim olmadı.

- Ramil Usubovla görüşürsünüzmü?

- Hərdən görüşürəm. Ramil Usubov dostluğa sədaqətli, vətəni, milləti, xalqı, dövlətini sevən, işinin peşəkarı olan bir insandır. O, köməyə ehtiyacı olan hər kəsə yardım edir, qaçqınların, məcburi köçkünlərin problemlərinə heç vaxt biganə qalır. Ramil Usubov Azərbaycanın ən çətin dövründə daxili işlər orqanlarına rəhbərlik edib. Azərbaycandakı sabitliyin qədrini bilmək lazımdır. Bütün uğurlarımız bu sabitliyə görədir.

- O vaxtdan bəri sizə Xankəndinə getmək nəsib olub?

- Sonuncu dəfə 1989-cu ilin yayında Şuşada olmuşam. O vaxtdan bəri nə Xankəndində, nə də ətraf qəsəbə və rayonlarda olmamışam. Böyük arzumdur ki, o torpaqları bir də gedib görəm. O torpaqların vaxtında qədrini bilməmişik. Gedib diz çökərək o torpaqlardan üzr istəməliyik.

- Xankəndi yuxularınıza girirmi?

- Əvvəllər çox yuxuma girirdi. Görürdüm ki, təkbaşına getmişəm Xankəndinə və ermənilərdən özümü gizlədirəm, rusca danışıram ki, azərbaycanlı olduğumu tanımasınlar. Lakin neçə illərdir ki, Xankəndi yuxularıma girmir.

- Xankəndi ilə bağlı ən unudulmaz xatirəniz hansıdır?

- Xankəndində hər evdə buz kimi su olardı. Bu suyu Xan bulağından doldurardıq. Hər gün su doldurmağa gedərdim. Balaca bir suqabım var idi. Su o qədər buz kimi idi ki, stəkanın tərləyirdi. Həmin suyu heç vaxt unuda bilmirəm. Bir də Xankəndində olan sakitçilik və təmizlik yaddaşımdan silinmir.

- Yenidən ermənilərlə birlikdə yaşaya bilərik?

- Yaşaya bilərik, amma yəqin ki, əvvəlki səmimiyyət olmayacaq. Uzun müddət vaxt lazımdır. Heç inanmıram, bu yaralar sağala. Xocalıda körpə uşaqların öldürüldüyü yerdə onlar uşaq bağçası tikiblər. Bunlar qıcıq yaradan hallardır. Şəhid olan hərbçimizin meyiti hələ də qaytarılmayıb. Bu qədər vəhşiliyi, qəddarlığı heç faşistlər də törətməyib.



- Seçicilərinizlə əlaqə saxlamaq çətin olmurmu?

- Bəli, bu baxımdan çətinliyimiz olur. 5 min seçicim var. Onlar Azərbaycanın 38 müxtəlif rayonuna səpələnib.

- Seçicilərinizin ən böyük problemləri nələrdir?

- Əsas problem mənzil və işsizliklə bağlıdır. Bəzən seçicilərimin həyətlərinə qədər gedir və acınacaqlı durumun öz gözlərimlə şahidi oluram. Onların mənzil problemi məni çox narahat edir.

Ceyhun Əhmədli
Fotolar: Əhməd Xəlilov
Femida.az

Açar sözlər:

Oxunub: 18293