Xocalı qurbanları BSU-da yad edilib


02:30     24 Fevral 2017 img.JPG

Fevralın 23-də Bakı Slavyan Universitetində (BSU) Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.


Universitetdən verilən məlumata görə, tədbirdən əvvəl BSU-nun foyesində universitetin Rəssamlar Klubunun üzvlərinin Xocalıya həsr etdiyi əl işlərinə baxış keçirilib.

BSU-nun rektoru, professor Nurlana Əliyeva qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. 25 il əvvəl Xocalıda neçə-neçə azərbaycanlı qocanın, qadının, körpənin ermənilər tərəfindən xaincəsinə qətlə yetirildiyini deyən N. Əliyeva Heydər Əliyevin hakimiyyətə gəlişi və müdrik siyasəti nəticəsində qanlı faciəyə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.

Sonra əməkdar jurnalist, BSU-nun jurnalistika kafedrasının müəllimi, dosent Etibar Babayevin hazırladığı Xocalı şəhidlərinə həsr olunmuş filmin nümayişi olub.

Tədbirdə Xocalı faciəsinin canlı şahidlərindən BSU-nun diplomatiya və xarici siyasət kafedrasının dosenti, Qarabağ müharibəsi veteranı, polis polkovniki Sadir Məmmədov, Xocalı Polis bölməsinin sabiq rəis müavini, polis mayoru Hafiz Ədilov, “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılov, “Qarabağ” qəzetinin redaktor müavini, Yazıçılar Birliyinin üzvü Salman Alıoğlu, Qarabağ müharibəsi iştirakçısı Elçin Məmmədli Xocalı faciəsinin ağır nəticələrinin Azərbaycan xalqının taleyində qoyduğu dərin izlərdən söz açıblar. Çıxışçılar soyqırımı zamanı dinc əhalinin qətlə yetirilməsi, elindən-obasından didərgin düşməsi və bu kimi özbaşınalıqlar barədə fikirlərini mərasim iştirakçıları ilə bölüşüblər.

BSU-nun Tələbə Gənclər Təşkilatının sədr müavini Vaqif Yəhyalı Pirşağı qəsəbəsində yerləşən 2 saylı Xocalı məktəbində hazırladığı video-çarxı tədbir iştirakçılarına təqdim edib.

Sonra BSU tələbələri Xocalıya həsr olunmuş şeirlər ifa ediblər. Qarabağ müharibəsi veteranı Sadir Məmmədovun müəllifi olduğu 12 diliə çap edilən “Xocalı soyqırımı” kitabından ekspert rəyini tələbələr Azərbaycan, rus, polyak, bolqar, Ukrayna, belarus və türk dillərində səsləndiriblər.

Xocalı faciəsinə həsr edilmiş silsilə tədbirlərin davamı olaraq BSU-nun magistratura şöbəsi tərəfindən dəyirmi masa keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 720