Xocalıda sona qədər döyüşən icra başçısı: `Anamı, nənəmi itirdim` (MÜSAHİBƏ)


21:30     26 Fevral 2017 305009.jpg

“Ermənilər qondarma “24 aprel”i hələ sovet dönəmində qeyri-iş günü ediblər, bizdə isə 26 fevral hələ də iş günüdür”.


Femida.az-ın növbəti müsahibi millət vəkili Elman Məmmədovdur.

Elman Məmmədov 1991-2000-ci illərdə Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, hazırda 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatıdır.

Müsahibəni oxuculara təqdim edirik:

Soyqırım ərəfəsində Xocalıda hansı vəziyyət hökm sürürdü?

4 il idi ki, Xocalı mühasirə şəraitində yaşayırdı. Xüsusilə də həmin 4 ilin son 4 ayında, yəni 1991-ci ilin noyabrın birindən Xocalı son ana kimi tam blokada şəraitində qaldı. Xocalının Azərbaycanla əlaqəsi ancaq vertolyotlarla mümkün idi. Telefon və ratsiya ilə rabitə əlaqəsi saxlaya bilirdik. Verolyotlar da həmişə uça bilmirdi. 1992-ci ilin yanvarın 28-də Ağdamdan Şuşaya uçan vertolyot Xankəndi üzərində vuruldu. Bu hadisədən sonra vertolyotların da uçuşu dayandırıldı. 1991-ci ilin oktyabrın 30-da axşam bir nəfər Xocalı sakini ilə birlikdə Bakıdan Ağdamdakı Qarağacı adlı posta gəldim. Burada 30-40 maşın dayanmışdı, keçməyə icazə vermirdilər. Həmin vaxt erməni silahlı birləşmələri pusqular qurararq maşınlara hücumlar təşkil edirdilər. Mən nə olur-olsun postu keçəcəyimi bildirdim. Yanımdakı Xocalı sakini ilə birlikdə dumanlı yollarla irəlilədik. Maşını özüm idarə edirdim. Əsgəran tərəfdə traktorla bizim qarşımızı kəsmək istədilər. Lakin cəld tərpənib yolu keçə bildim. Mən Ağdam tərəfdən Xocalıya keçən sonuncu maşın oldum. 4 ay ərzində bir neçə dəfə Xocalıya gedib-gəlmək üçün hərbçilərə müraciət etdik. Yalnız hərbi kolon düzəldildikdən sonra hərbçilərin müşayiəti ilə mülki maşınlar Xocalıya keçə bilirdi. Bu cür üsullarla xəstələri çıxarırdıq, tibb ləvazimatları, dərmanlar gətirirdik. Xocalı 4 il mühasirədə qalan şəhər idi. Ərzaq qıtlığı yaşanırdı, elektrik enerjisi, təbii qaz yox idi, dava-dərman çatışmırdı, yaralılar, xəstələr, digər rayonlarla nəqliyyat əlaqəmiz yox... Bax, belə bir vəziyyətdə yaşayırdıq.

Siz Xocalıdan nə vaxt çıxdınız?

Soyqırım günü, yəni fevral ayının 26-da günorta saat 2-3 radələrində ailəmlə birlikdə şəhəri tərk etdim. Mən son ana qədər əlimdə silah şəhərin müdafiəsində dayandım.

Xocalı mühasirədə olduğu müddətdə yəqin ki, soyqırımın baş verəcəyi gözlənilirdi. Sakinləri hansısa yolla şəhərdən çıxarmaq olmazdımı?

Xocalı elə bir coğrafi mövqeyə malik idi ki, bu şəhərin Azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə birbaşa çıxışı yox idi. Mütləq erməni kəndlərindən keçmək lazım olurdu. Ətrafımızdakı kəndlərin hamısı erməni kəndləri idi. Buna görə də Xocalı həmişə mühasirə şəraitində yaşayırdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra sənədlər, yazışmalar, teleqramlar ortaya çıxdı. Mənim tərəfimdən, Xocalının digər vəzifəli şəxsləri tərəfindən göndərilən teleqramlar aşkara çıxarıldı. Dərk edirdik ki, hər an ermənilərin hücumuna məruz qala bilərik. Ermənilərin mövcud gücü qarşısında onlara müqavimət göstərə bilərdik. Həmin vaxtlar dəfələrlə Ali Sovetdə çıxışlar edərək kömək istəmişəm. Bildirmişəm ki, fəlakət qarşısındayıq, məhvə düçar ola bilərik, mülki əhalinin şəhərdən çıxarılmasına kömək edin. Qeyd edim ki, Xocalıda Azərbaycanın silahlı birləşmələri yox idi. Xocalını silahlanmış yerli sakinlər müdafiə edirdi. Azərbaycandan Aqil Quliyevin rəhbərliyi ilə 21 nəfər Xocalının müdafiəsinə gəlmişdi. Onların da 12-si döyüşlərdə şəhid oldu. Biz bilirdik ki, Xocalı hər an işğal oluna bilər. Lakin məsələyə digər tərəfdən də yanaşa bilərik. Belə ki, əgər düşmən güclüdürsə və səni məhv edib elini-yurdunu almaq istəyirsə, sən qaçmalısanmı?! Biz xocalılar hiss edirdik ki, arxamızda 8 milyonluq Azərbaycan var. Azərbaycanın rəhbərliyi, səlahiyyətli şəxsləri bizə son ana qədər ümid vemişdilər. Bizə deyirdilər ki, qorxmayın, bərk dayanın gəlirik. Bu gün gəlirik, sabah gəlirik... Neçə dəfə yolların açılması üçün cəhdlər etdik. Lakin hər dəfəsində planlar pozulurdu. Həmin dövrdə Azərbaycanın siyasi rəhbərliyi məsuliyyətli, səriştəli, vicdanlı, qeyrətli olsaydı, Xocalı sakinlərini blokadadan çıxarmaq üçün tədbirlər görülərdi. Qocaları, yaşlı insanları, qadınları ən azından vertolyotlarla çıxarmaq mümkün idi. Biz xocalılar vətəndaşlıq borcumuzu yerinə yetirdik, son ana qədər döyüşdük, torpağımızı qoruduq, düşmənin qarşısından qaçmadıq.

Bir sözlə mərkəzi hakimiyyətin səriştəsizliyi və məsuliyyətsizliyi Xocalı hadisələrində ən böyük səhvimiz oldu...

Əlbəttə! Əgər göstəriş verilsəydi ki, sizin köməyinizə gəlməyəcəyik, başınıza çarə qılın, həmin 4 ay ərzində vəziyyətdən çıxmaq üçün nələrisə edərdik. Lakin bizə hər gün ümidverici vədlər verilirdi. Xocalıya yolun açılması üçün fevralın 24-də plan hazırlanmışdı. Gündüz saatlarında plan hazırlandı, kömək olmadığı üçün axşam plan pozuldu. Bu, məhkəmə sənədlərində də öz əksini tapıb.

Xocalıda itkin düşənlərin, yaxud da əsir düşüb geri qaytarılmayan insanların sonrakı taleyindən xəbəriniz oldumu?

Mən 2000-ci ilə qədər Xocalı rayonunun icra başçısı olmuşam. O vaxtdan bəri isə millət vəkiliyəm. İcra başçısı olduğum dövrdə bütün beynəlxalq təşkilatlara, aidiyyatı qurumlara müraciətlər etdik ki, girov götürülən 150 nəfərin taleyi ilə bağlı məlumat alaq. Çox təəssüf ki, onların taleyi haqqında bu gün bizdə heç bir səhih məlumat yoxdur.

Xocalıda həyatını itirənlər içərisində vəzifəli şəxslərin yaxınları var idi?

Xocalı özünümüdafiə batalyonunun komandiri Tofiq hüseynov, onun atası, anası, qardaşı, həyat yoldaşı və digər yaxın qohumları şəhid oldu. Əlif Hacıyev və onun yaxın qohumları şəhid oldular. Xocalıda şəhid verməyən, zərbə almayan ailə yoxdur. Hamıya zərbə dəydi. Xocalıda əhalinin əksəriyyəti bir-biri ilə qohum idi. Həmin gecə mənim 60 yaşımda anam şəhid oldu. Yaşı 90-dan yuxarı olan Mədinə nənəmi şəhid elədilər. 30-dan çox qohum-əqrəbam qırıldı. Mən özüm 10 nəfər döyüşçü ilə fevralın 26-da mühasirəyə düşdük. Yəni mən Xocalıdan 27-si çıxa bildim. Həmin döyüşçülərdən 5-i yaralandı.

Gələcəkdə Xocalı sakinlərini rəsmi sənədlərlə “Soyqırımı məruz qalan şəhərin sakini” kimi təqdim etmək mümkündürmü?

Suala görə çox sağ olun. Çox mühüm məqama toxundunuz. Mən neçə ildir ki, Milli Məclisdə bu məsələni qaldırıram. Mən deyirəm ki, bu, xocalılar üçün elə də vacib deyil. Bunun Azərbaycan üçün böyük siyasi və mənəvi əhəmiyyəti var. Bu gün dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar Xocalı hadisələrini soyqırım kimi tanıyıb. Belə olan halda niyə Xocalıya “Soyqırıma məruz qalan şəhər statusu” verməyək?! Xocalı sakinlərinə bir vəsiqə verək ki, bu şəxs soyqırıma məruz qalmış şəhərin sakinidir. Bu, ölkəmizə çox böyük siyasi divident gətirə bilər. Fransanın vaxtilə soyqırıma məruz qalmış Oradur şəhəri var. İkinci dünya müharibəsi dövründə almanlar şəhərin 642 sakinini kilsəyə yığaraq yandırıblar. Möcüzə nəticəsində bir neçə nəfər sağ qalıb. Onların hamısının cibində xüsusi vəsiqə var. Biz həmin şəhərin sakinləri, bələdiyyəsi ilə görüşlər keçirdik. Xocalı ilə bağlı da bu cür addım atmaq lazımdır.

Yaxın vaxtlarda Milli Məclisdə belə bir qanunun qəbul olunması gözlənilir?

Mən təklif vermişəm. Deputatlar da mənim təklifimi dəstəkləyir. Yəqin ki, rəhbərlik səviyyəsində bu barədə nələrsə müzakirə olunur.

Xocalı soyqırımına beynəlxalq səviyyədə ədalətli qiymət nə zaman veriləcək?

Beynəlxalq qurumlara müraciət olunub, indi də müvafiq sənədlər göndərilir. Məsələ burasındadır ki, Azərbaycandan erməni cinayətləri ilə bağlı göndərilən sənədlər icraata verilmir. Bizdə beynəlxalq cinayətlərin qarşısının alınması və bu cinayətləri törədənlərin cəzalandırılması ilə bağlı qanun layihəsi hazırlanır. Yəqin ki, bu sessiyada həmin qanun layihəsi qəbul olunacaq. Xocalı soyqırımı Azərbaycan ərazisində özünün hüquqi və siyasi qiymətini alıb. Ancaq beynəlxalq səviyyədə Xocalı hadisələrinə ədalətli qiymət hələ də verilməyib. Çünki beynəlxalq təşkilatıların özləri də bəzi böyük dövlətlərin əlində alətə çevrilib.

Gələcəkdə Xocalı sakinlərinə Ermənistan tərəfindən kompensasiyanın verilməsi mümkündürmü?

Bunun üçün beynəlxalq tribunal qurulmalıdır. Ondan əvvəl isə bu cinayətə beynəlxalq hüquqi qiymət verilməlidir. Bütün bunlardan sonra isə Azərbaycan tərəfi Ermənistandan təzminat tələb edəcək.

Niyə Xocalı faciəsi günü qeyri-iş günü deyil?

Xocalılar da bunu tez-tez dilə gətirirlər. Soyqırım günü iş olmamalıdır. Mən də belə düşünürəm. Lakin bunlar dövlət rəhbərliyinin səlahiyyətində olan məsələdir. Yəqin rəhbərlik bu barədə gələcəkdə nəsə edər. Ermənilər hələ sovet dönəmindən qondarma “24 aprel”i qeyri-iş günü elan ediblər.

Ömrünüzün böyük bir hissəsini Xocalıda keçirmisiniz. Bu rayonu fərqləndirən əsas spesifik cəhətlər nələr idi?

Zəhmətkeşlik, düzgünlük, ürəyitəmizlik, etibarlılıq, namusluluq kimi insani keyfiyyətlər Xocalı sakinlərini tanıdan əsas xüsusiyyətlər olub. Özüm Xocalıdan olduğum kimi, atam, babalarım, nənələrim, hamımız xocalılıyıq. Xocalı qıbiristanlığında XVII əsrin kümbəzi var idi. Xocalının tarixi 3-5 min il bundan əvvələ təsadüf edir. Burada qədim türklərə məxsus yazılar, kurqanlar aşkarlanıb. Xocalı üç çayın üzərində yerləşirdi. Torpaqlar çox məhsuldar idi. Kənarlardan Qarqar və İlis, ortadan isə Xocalı çayı keçərdi. Xocalının bütün ətrafı buz bulaqlar idi. Xocalının meyvə-tərəvəzi bütün Azərbaycanda məşhur idi.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 7815