2 bacını öldürməkdə təqsirləndirilən şəxs tutuldu


16:57     24 Fevral 2017 1399714276_cenubnews-hebs-yeni.jpg

Respublikanın daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərində qeyri-aşkar şəraitdə törədilmiş qətl hadisəsinin üstü “isti izlərlə” açılıb.


Femida.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatda bildirilir ki, cari il fevralın 22-də saat 23 radələrində Gəncə şəhər sakinləri - 57 yaşlı Rəna Nəbiyevanın və bacısı, 78 yaşlı Zəhra Abdullayevanın üzərlərində zorakılıq əlamətləri olan meyitləri yaşadıqları evdə aşkar edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə bu ağır cinayəti şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, 57 yaşlı Sənan Məmmədov tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, ilkin olaraq Rəna Nəbiyeva və onun bacısı Zəhra Abdullayevanın dəm qazından boğularaq öldüyü bildirilsə də, sonradan hadisənin qətl olduğu məlum olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1001