Gəncədə Xocalı abidəsinin açılışı olub


21:10     26 Fevral 2017 0unnamed%20(7)1488110184.jpg

Gəncədə Xocalı sakinləri üçün salınan qəsəbədə Xocalı soyqırımının 25-ci il dönümünə həsr edilən tədbir keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, Xocalıdan və digər işğal altında olan ərazilərdən Gəncədə məskunlaşmış qaçqın və məcburi köçkün ailələri iştirak ediblər.


Mərasimdə “Xocalı faciəsi” qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Onlara Allahdan rəhmət dilənib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Xocalı” abidəsinin açılışını edib. Abidə önünə gül dəstələri qoyub.

Hündürlüyü 6,12 metr olan abidə kompleksi 3 bölmədən ibarətdir. Abidənin mərkəzində Xocalı faciəsini əks etdirən kompazisiya yaradılıb. Abidə üzərindəki ana feryadı heykəli Xocalı faciəsində gözü yaşlı qalan ananı tərənnüm edir. Anidənin hazırlanmasında 150 kv.m qara mərmərdən istifadə olunub, ətrafı abadlaşdırılıb, 180 kv.m əraziyə daş döşənib.

Anım mərasimində icra başçısı Elmar Vəliyev çıxışında bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşlardan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.

Elmar Vəliyev sözünə davam edərək bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı “Xocalı soyqırımı” günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində, ABŞ-ın 21 ştatında Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.

Tədbirdə AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev çıxış edərək ölkə rəhbərinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin həll olunacağı, işğal olunan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını, tarixçilərin, tədqiqatçıların, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyünü bildirib.

Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Xocalı rayon Kosalar kənd sakini Ülkər Quliyeva, Xocalı rayon Kosalar kənd icra nümayəndəsi Şahid Rzayev çıxışlarında vurğulayıblar ki, amansız cinayətə rəvac vermiş ermənilər törətmiş olduqları faciə ilə qəddar və qaniçən millət olduqlarını bir daha təsdiq etdilər. Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq, Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər. Hadisə şahidləri bildirib ki, bu gün xocalılar ölkənin müxtəlif bölgələrində məskunlaşıblar, amma hər birinin məqsədi, arzusu doğma torpaqlara, Xocalıya qayıtmaq, işğal olunmuş torpaqları azad etməkdir.

Çıxışlardan sonra Rəna Teymurqızının “Dərd yükü” adlı poemasının motivləri əsasında səhnələşdırilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Səhnə əsərində Xocalıda bir toyda insanların arzu muradının necə yarım qalması, silahsız, günahsiz insanların başına gətirilən müsibətlər Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən göstərilib.

Qeyd edək ki, Xocalı sakinləri üçün salınan qəsəbədə hazırda 2 min 250 nəfər məskunlaşıb. Onlardan 1061 nəfəri yəni 281 ailə Xocalı sakinləridir. Digərləri isə Laşın, Şuşa və Kəlbəcərdən olan məcburi köçkünlərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 985