`Sumqayıt təsadüfi seçilməmişdi` – Əvəz Lələdağ 1988-ci ildən danışdı


15:56     27 Fevral 2017 evez%20leledag.jpg

Sumqayıt hadisələrinin canlı şahidi olan şair-publisisit Əvəz Mahmud Lələdağ Femida.az-ın suallarını cavablandırıb.


Qeyd edək ki, Əvəz Lələdağ hadisələr baş verən zaman Sumqayıt şəhər 6 nömrəli məktəbin direktoru vəzifəsində çalışırdı.

- Təxribat üçün niyə məhz Sumqayıt seçildi?

- Hadisələr bizim gözlərimizin qarşısında baş verib. Qarbaçov hökuməti Azərbaycanda rəhbərliyə ermənipərəst adamları yerləşdirmişdi. Buna görə də Azərbaycan xalqında rəhbər şəxslərə qarşı bir nifrət yaranmışdı. Ermənilər Azərbaycan xalqının bu narazılığından istifadə edərək Sumqayıtda belə bir yola əl atdılar. Təxribat üçün Sumqayıtın seçilməsi də təsadüfi deyildi. Belə ki, Sumqayıtda Azərbaycanın müxtəlif rayon və şəhərlərindən minlərlə gənc var idi. Onlar ata-anasının himayəsindən kənarda qalan gənclər idi. Bundan başqa, həmin vaxt Sumqayıtda 20 min şərti iş almış dustaq yerləşdirilmişdi. Bilirdilər ki, Sumqayıtdakı bu gənclər hakimiyyətdən narazı qüvvələrdir və təxribat olsaydı, dərhal ön cərgələrdə olacaqdılar. Qərbi Azərbaycanda soydaşlarımıza qarşı təxribatlar törədilərkən Sumqayıtda təxribatçı qüvvələr peyda olmuşdu. Onlar Qərbi Azərbaycanın müxtəlif rayonlarından gəldiklərini, orada azərbaycanlılara qarşı amansız divan tutulduğunu, qızların zorlandığını, qocaların, ağbirçəklərin döyülərək öldürüldüyünü Sumqayıt sakinlərinə bildirirdilər. Nəticədə getdikcə gənclərimizdə intiqam hisləri alovlanırdı. Sumqayıt şəhəri 3-cü mikrorayonda mənzil istismar hissələrinin pasport qeydiyyat şöbəsində çalışan Laura Lalayan “Krunk” təşkilatına üzv olmayanların qarşısına qara xətt qoyub siyahını Eduard Qriqoryanın əlinə vermişdi. Qriqoryan birinci mərtəbədəki erməniyə toxunmurdu, lakin ikinci, yaxud da üçüncü mərtəbədəki erməniləri öldürürdü. Çünki birinci mərtəbədəki erməni “Krunk” cəmiyyətinə üzv deyildi və Ermənistanın mənafeyini müdafiə etmirdi. Öldürülən ermənilər siyasət meydanından uzaqlaşmışdılar. Öldürülmüş 80, 82 yaşlı ermənini siyasət maraqlandırmırdı. Mitinqlərdə təxribatçı çıxışlar edənlərin kimliyi sonradan bizə məlum oldu. Sumqayıt hadisələri davam edərkən baş verənlərin görüntüləri dünyanın müxtəlif ölkələrində yayılmışdı. Evlərin üstünə qurğular quraraq hadisələri lentə alırdılar.

- Qriqoryanı necə, tanıyırdınız?

- Əlbəttə, tanıyıram. “Paşa” ləqəbi ilə çağrılırdı. Azərbaycan dilində səlist danışırdı. Buna görə də xüsusi xidmət orqanları onu ələ almışdı. Sumqayıtda çox adam tanıyırdı onu. Proseslər isə gizli gedirdi. Heç kəs Qriqoryanın bu niyyətindən xəbərdar deyildi. 3-cü mikrorayonda avtovağzal ərazisində hadisələr başlayanda Qriqoryan ön cərgədə dayanmışdı.

- Qriqoryan erməni soy adıdır. Azğın kütlə isə onun, yəni bir erməninin təxribatçı fikirlərinə inanaraq hərəkət edirdi. Bu, necə mümkün olurdu?

- Həmin vaxt beynəlmiləlçilik əhvali-ruhiyyəsi hökm sürürdü. Yəni Sumqayıt bütün millətlərin yaşadığı sənaye şəhəri idi. Sizi inandırım, onun arxasınca gedən gənclərin çoxu Qriqoryanın erməni olduğundan xəbərsiz idilər. Azərbaycan dilini elə gözəl bilirdi ki, adam mat-məəttəl qalırdı. Hətta bir dəfə onunla söhbət edəndə o, “filankəs mısmırığını salladı” şəklində bir cümlə işlətmişdi. Heç azərbaycanlıların bəziləri “mısmırığını salladı” sözünün mənasını bilmirlər. Yəni Azərbaycan dilini bu səviyyədə bilirdi. Ləqəbi də Paşa olduğuna görə heç nə hiss olunmurdu. Onun arxasınca gedən gənclərimiz Sumqayıt zavodlarında fəhlə işləyən və siyasətdən uzaq adamlar idilər. Heç bizim özümüz də ilk əvvəl gedən proseslərdən xəbərsiz idik. Hadisələrin bir ssenari olması ağlımıza da gəlməzdi.

- Sumqayıt hadisələrinə görə istintaqa cəlb edildinizmi?

- Günahı olmayan adamlara Sumqayıt hadisələrinə görə cəza kəsdilər. İstintaq qanuna zidd formada aparıldı. Hadisələrin əsas təşkilatçısı bir tərəfdə qaldı, Moskvada Əhməd Əhmədova edam cəzası kəsildi. Əhmədi yaxşı tanıyırdıq. Onun haqqında məqalə də yazmışam. Sonradan onun ata-anası ilə həmsöhbət olduq. Valideynləri bildirirdi ki, Əhməd müharibədən, dava-dalaşdan uzaq insandır. Afaq Bəşirqızı ilə bağlı əsassız iddialar qaldırılmışdı. Mən özüm 9 dəfə prokurorluğa çağırılmışdım. Mənə əvvəlcədən məlumat vermişdilər ki, nə qədər kitabım varsa, hamısını gizlədim. Çünki adım həmin siyahıya düşmüşdü. Əvvəlcə direktor işlədiyim məktəbə, sonra evimə gəlib yoxlanış apardılar. Təsadüfən evimizdə yun darağı tapmışdılar. Məsələni qəlizləşdirərək həmin darağın silah məqsədilə istifadə oluna biləcəyindən şübhələnməyə başladılar. Yoldaşım dərhal içəri yun gətirərək daramağa başladı ki, həmin əşya başqa məqsədlərlə istifadə olunur. Elə şeirlərim var idi ki, ələ keçsəydi, mənə də millətçi damğası vurula bilərdi.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2808


Oxşar xəbərlər