`Qriqoryan Sarkisyandan təlimat alırdı` - Sumqayıt hadisələrini araşdıran ekspert (MÜSAHİBƏ)


17:44     28 Fevral 2017 eyruz%20m.jpg


Femida.az -ın növbəti müsahibi ömrünün böyük bir hissəsini Sumqayıt hadisələrini araşdırmağa həsr etmiş jurnalist-filoloq Eyruz Məmmədovdur.

Eyruz Məmmədov “Sumqayıtın əks-sədası” tammetrajlı, “Sumqayıtın əks-sədası-2” sənədli filmlərinin, “28-dən 29-na keçən gecə”, “Sumqayıtım mənim” və s. kitablarının müəllifi, bir neçə xarici dilə tərcümə olunmuş “Sumqayıt 1988: Cinayət və cəza” kitabının həmmüəllifidir.

Müsahibəni oxuculara təqdim edirik:

- Eyruz müəllim, 1988-ci ilin əvvəllərində Sumqayıtda belə bir təxribatın baş verəcəyi gözlənilirdimi?

- Bir sumqayıtlı kimi Sumqayıt hadisələri mənim üçün qaranlıq qalmışdı. Çünki biz Sumqayıtda təxribat törədiləcəyini gözləmirdik. Hadisələr başlamazdan 4 gün əvvəl sovet qoşunları Sumqayıtın ayrı-ayrı hissələrinə yerləşdirilmişdi. Nəyinsə baş verəcəyini artıq anlamağa başlamışdıq. Amma belə bir dəhşətli və qanlı faciənin şahidi olacağımızı düşünmürdük. Bir jurnalist kimi 29 ildir Sumqayıt hadisələrinin tədqiqatı ilə məşğulam. 10-a yaxın kitabım çap olunub və 5 dilə tərcümə edilib. 6 sənədli filmim tamaşaçılara təqdim olunub. Hadisələrdən əvvəl, təqribən fevralın ortalarında Sumqayıta SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin başda polkovnik Poponin olmaqla, 30 əməkdaşı gəlmişdi. Sumqayıtın yerli təhlükəsizlik əməkdaşları bildirirdi ki, Sumqayıtda yaxınlarda iğtişaş gözlənilir. Sumqayıta 40-a qədər ekstermist qrup üzvü daxil olmuşdu. Bu məlumatları Moskvadan gələn nümayəndələrə deyəndə onlar Sumqayıt təhlükəsizlik əməkdaşlarına heç bir tədbir görməməyi tapşırdı. Yəni hadisələrə müdaxilə etmək Moskva tərəfindən qəti qadağan edilmişdi. Mən SSRİ-nin o vaxtkı müdafiə naziri Dmitri Yazovdan müsahibə götürərkən ona sual verdim ki, sovet qoşunları hadisələr başlayandan 4 gün əvvəl Sumqayıta yerləşdirilmişdi və niyə müdaxilə edilmədi? O isə belə bir cavab verdi ki, ali baş komandanın icazəsi olmadan (həmin vaxt ali baş komandan Mərkəzi Komitənin baş katibi Mixayil Qorboçov idi – red.) Sumqayıtda komendant saatı elan edilə bilməzdi. Fevralın 27-29-da Sumqayıtda faciəvi hadisələr baş verdi və 32 nəfər qətlə yetirildi. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı idi. Hadisələr baş verəndən sonra, mart ayının birində Sumqayıtda komendant saatı elan olundu və general Krayev Sumqayıtın komendantı təyin edildi. Göründüyü kimi, bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin, Ermənistanın xüsusi xidmət orqanlarının və Daşnaq partiyasının fəal üzvləri tərəfindən həyata keçirildi. Sumqayıta gələn ekstermistlər barədə sonradan ətraflı araşdırma apardıq. Həmin şəxslərin hər biri Sumqayıtda əvvəlcədən müəyyən olunmuş vəzifələri yerinə yetirməli idilər. Məsələn, Albert Qriqoryan gənclərə narkotik paylamaqla məşğul idi. Eduard Mosesov İrəvanda erməni dilində çıxan kommunist qəzetinin müxbiri idi və Sumqayıt hadisələrini videolentə alırdı. Qriqori Aqadlanyan da həmin qəzetin əməkdaşı idi və Sumqayıt hadisələri zamanı fotolar çəkirdi. Bu siyahını uzatmaq da olar.

- Hadisələrin rəhbərlik səviyyəsində əvvəlcədən planlaşdırıldığını deyə bilərik?

- Həmin dövrdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sabiq əməkdaşı Qriqori Serçen istintaq zamanı öz izahatında qeyd edir ki, Sumqayıt hadisələrindən əvvəl şəhərin 3-cü mikrorayon adlanan hissəsində ermənilər tərəfindən kameralar quraşdırılırmış və o, bu haqda SSRİ DTK-ya müraciət etmiş. Lakin o, mərkəzdən onun bu müraciətinə heç bir cavabın verilmədiyini qeyd edir. Hətta həmin hadisələrdən sonra SSRİ DTK sədrinin birinci müavini Bakıya gəlmişdi və Bakıda DTK əməkdaşları ilə söhbət zamanı Serçenə bu barədə tədqiqat işi aparmağı qadağan etmişdi. Yəni hadisələr əvvəlcədən hazırlanmış bir ssenari idi.

- Sumqayıta göndərilmiş ekstermistlərin sonrakı aqibəti necə oldu? Həbs olunanlar oldumu?

- Arxiv materiallarından bəlli olur ki, Sumqayıt hadisələrində iştirak edən 6 erməni ekstermist həbs olunubmuş. Onlar həbs olunan kimi SSRİ daxili işlər nazirinə şikayət xarakterli teleqram vuruldu ki, həmin ermənilərin istintaqını Azərbaycan müstəntiqləri aparır. Buna görə də Rusiyanın ayrı-ayrı hissələrində çalışan erməni müstəntiqlər Azərbaycana ezam olundu və iş Azərbaycan müstəntiqlərinin əlindən alınıb erməni müstəntiqlərə verildi. Erməni müstəntiqlər də istintaq işini yarımçıq qoydular və bir həftə sonra həmin 6 nəfər həbsdən azad olunub vətənlərinə getdilər.

- Sumqayıt hadisələri ilə bağlı hansı gizli məqamlar var ki, mütləq araşdırılmalıdır?

- Artıq hər kəsə bəllidir ki, Sumqayıt hadisələri SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əli ilə törədilib. Qriqoryan isə icraçı idi. Qriqoryanı yaxşı tanıyırdım. O, tüfeyli həyat sürən bir insan idi. İki dəfə də məhkum olunmuşdu. Yəni belə bir insan Sumqayıt hadisələrini təşkil edə bilməzdi. Moskvadan gələn 30 nəfər DTK əməkdaşı təcili olaraq Sumqayıtı tərk etdilər və onların rütbələri artırıldı, vəzifələri yüksəldi. Hətta onlardan biri Yeltsenin prezidentliyi dövründə daxili işlər naziri vəzifəsinə qədər yüksəldi. Sifarişçilər Kremldə oturmuşdular, icraçılar isə Sumqayıtda. Sumqayıt hadisələrinə görə məhkum olunmuş insanlarla Bayıl həbsxanasında həmsöhbət oldum. Onlarla söhbət zamanı anladım ki, əslində bu insanları narkotiklə, içki ilə ələ alıb qarşıya veriblər.

- Bildiyimiz qədərilə, hadisələrdən sonra Qriqoryanla da həmsöhbət olmusunuz...

- Qriqoryana Azərbaycanda 12 il iş kəsdilər. Ermənipərəst qüvvələr onun burada işgəncəyə məruz qaldığını əsas gətirərək Stavrapol vilayətinə aparılmasına nail oldular. Stavrapolda olanda ona tapşırılmışdı ki, qəti şəkildə heç kəslə ünsiyyətə girməsin. Bununla belə biz Sumqayıt hadisələri ilə bağlı sənədli film çəkəndə Stavrapolda olduq və Qriqoryanla müsahibə götürmək istəyirdik. İşimizin xatirinə yalan danışmalı olduq. Dedik ki, Moskvadan “Ostankino” kanalından gəlmişik və keçmiş SSRİ ərazisində olan qaynar nöqtələrlə bağlı sənədli film hazırlayırıq. Qriqoryana dedik ki, Mərkəzi Asiyada, Moldovada, Dağlıq Qarabağda, Tiflisdə ,Vilnüsdə olmuşuq və Sumqayıtda olarkən onun adını çəkiblər, buna görə də ondan müsahibə almağa gəlmişik. Nəticədə o, Moskvadan gəlməyimizə inandı. Lakin Moskvadan gəldiyimizi deyəndə də bizə müsahibə vermək istəmirdi. Çünki onu çox möhkəm tapşırmışdılar. Ona həbsxanada elə şərait yaradılmışdı ki, hər ay iki dəfə arvadı Rita onunla gecələyirdi. Kolonun rəisinin köməkliyi ilə Qriqoryandan müsahibə götürdük. Lakin Qriqoryan Sumqayıt hadisələrinə görə məsuliyyəti öz boynundan atırdı. Hazırda Qriqoryan Moskva ətrafındakı bir şəhərdə yaşayır. Heç bir yerdə işləmir. Lakin təhlükəsizlik xidmətinin nəzarəti altındadır. Onlar qorxurlar ki, Qriqoryan hər şeyi etiraf edər. Məxfi materiallardan belə bir məlumat əldə etmişəm ki, Qriqoryan 1988-ci ilin fevral ayında iki dəfə Stepanakertdə indiki Ermənistan prezidenti Serj Sarkisyanla görüşmüş və ondan konkret siyahı və bəzi təlimatlar almışdı. Buradan belə bir qənaətə gəlmək olar ki, Sumqayıt hadisələrində Sarkisyanın birbaşa barmağı var. Buna görə də hazırda Qriqoryanı heç kəslə ünsiyyətə girməyə qoymurlar, onun yaşayışı üçün hər bir şərait yaradılıb.

- Əgər Qriqoryanın nəyisə etiraf etməsindən qorxurlarsa, niyə onu aradan götürmürlər?

- Hadisələrdə Qriqoryanın adının hallandırılmasının da bir səbəbi var. Əsas məqsəd Sumqayıt hadisələrini araşdıranları bir növ həmin hadisələrin təşkilatçılarından uzaq düşürməkdir. Yəni iz azdırmaq üçün bu yola əl atmışdılar. İstəyirlər ki, təşkilatçılığı da, icraçılığı Qriqoryanın boynuna qoysunlar. Bir sözlə, Qriqoryanın bu gün qorunub saxlanılmasında məqsəd əsas təşkilatçıları diqqətdən kənar qoymaqdır. Əgər Qriqoryan aradan götürülsəydi, biz öz diqqətimizi yönəldəcəydik o vaxtkı təhlükəsizlik orqanlarının üzərinə.

- Sizcə, Sumqayıt hadisələrinə ədalətli hüquqi qiymət nə vaxt veriləcək?

- Bilindiyi kimi, Sumqayıt hadisələrinin istintaqı SSRİ dövründə Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən birtərəfli qaydada aparılıb. Buna görə də 2008-ci ildə Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə (indiki Dövlət Təhlükəsizliyi Xidməti) tapşırıq verdi ki, Sumqayıt hadisələri yenidən araşdırılsın. Sumqayıt hadisələrini dərindən araşdırdığım üçün mən də istintaq prosesinə dəvət olundum, ekspertlər iştirak etdi, fikir mübadiləsi aparıldı, versiyalar irəli sürüldü. Bizə mühüm məlumatlar verildi və bu məlumatların əsasında “Sumqayıt 1988: Cinayət və cəza” adlı kitab çapdan çıxardıq. Bu kitab müxtəlif dillərə tərcümə olundu və Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə dünyanın bir çox ölkəsinə çıxarıldı. Azərbaycanın hüquq-mühafizə orqanları Sumqayıt hadisələri ilə bağlı istintaqı hələlik davam etdirir. Elə məqamlar var ki, insanlar dindirilməlidir. Məsələn, həmin vaxtlar DTK-nın Sumqayıt şöbəsinin rəisi Vladimir Lebedev idi. O, hazırda Ukraynın bir viləyətində təhlükəsizlik komitəsinin sədridir. Lebedev Sumqayıt hadisələri ilə bağlı müsahibə verməkdən imtina etdi. Digər vəzifəli şəxslər də müsahib verməkdən imtina edir. Buna görə də bəzi məqamlar hələlik qaranlıq qalmaqdadır. Sözsüz ki, Sumqayıt hadisələrinə yaxın vaxtlarda siyasi və hüquqi qiymət veriləcək.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5150


Oxşar xəbərlər