Od çərşənbəsi necə qeyd olunmalıdır?


13:50     28 Fevral 2017 od.jpg

Qədim zamanlardan günümüzədək Novruz ən gözəl milli bayramımız hesab edilərək, hər il bolluq, ruzi-bərəkət, firavanlıq rəmzi və yeni ilin başlanğıcı kimi təmtəraqla qeyd olunmuşdur. Novruz bayramından əvvəlki dörd çərşənbə (su, od, yel, torpaq) xüsusi mərasimlərlə keçirilir.



Həmin çərşənbələrdən ikincisi Od çərşənbəsidir. Bu çərşənbə xalq arasında “Üsgü çərşənbə”, “Addı çərşənbə” kimi də adlandırılır. İnsanlar qədim zamanlardan bugünə kimi hər zaman oda, istiliyə ehtiyac duyublar. Odun kəşf olunması insanları həm vəhşi heyvanların hücumundan müdafiə etmiş, soyuqdan, donmaqdan xilas etmiş, həm də gündəlik məişətdəki işləri rahatladan ən mühüm vasitələrdən biri olmuşdur. Mifoloji rəvayətlərdən də aydın olur ki, keçmişdə qədim insanlar ən çox nəyə ehtiyac hiss etmişsə, köməklərinə ən çox nə çatmışsa, onu müqəddəs olaraq qəbul etmiş və həmin ünsürə aid inanclar, mərasimlər yaratmışlar.






El arasında yayılan adət-ənənəyə görə Od çərşənbəsində tonqal qalayıb, üç dəfə

“Ağırlığım, azarım-bezarım odda yansın” deyərək, odun üstündən tullanmaqla xəstəliklərdən xilas olunur, azar-bezarları yandırırlar. Digər üç çərşənbədə olduğu kimi, od çərşənbəsində də yeməklər, şirniyyatlar hazırlanır, ocağın üstü boş qalmır. Od çərşənbəsində odun, tonqalın yandırılması gələcək ilin isti, bərəkətli keçməsinə işarə sayılır. Od, tonqal, atəş, günəş istiliyin mənasını daşıyır və yaz fəslinin başlanması da havaların isinməsinin əsas göstəricisidir.

Türk xalqları dağ başında tonqal qalamaqla, oddan həm şad günlərində şənlənməyə, həm də düşmənin hücumu zamanı müdafiə olunmağa toplaşmaq üçün işarə verirmişlər. Dağ başında, hündür yerlərdə qalanan tonqalın sayına görə qədim türklər uzaqdan-uzağa həmin obanın, elin vəziyyətini təyin edərək, köməyə getmişlər. Bunu “Kitabi Dədə Qorqud” dastanında da aydın görmək olar. “Dədə Qorqud” filminin sonunda Dədə Qorqud Bamsı Beyrəyin oğluna deyir ki, “Bir tonqal qalayanda elimiş şənliyə yığışır, iki tonqal qalayanda basqından, yağı hücumundan qorunmağa yığışır. Üç tonqal qalayanda zəhmətə toplaşırıq”. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırılması ilə müəyyən işlərin bəyan edilməsi odun müqəddəsliyini bir daha diqqətə çatdırır.
Od çərşənbəsi ayin və mərasimlərindən biri günəşi çağırmaq, istiliyin olması üçün icra edilən “Qodu-qodu” oyunudur. İnsanlar Günəşi çağırmaq üçün “Qodu-qodu” mahnısı oxuyar, ondan istilik diləyirlər. “Qodu-qodu” mərasimində kənd cavanları üzərini qırmızı bəzədilmiş çömçəni Günəşin rəmzi kimi götürüb qapı-qapı gəzərək nəğmələr oxuyarlar:

Qodu-qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan ötəndə
Qırmızı günü gördünmü?

Qoduya qaymaq gərək,
Qablara yaymaq gərək,
Qodu gün çıxarmasa,
Gözlərin oymaq gərək.

Yağ verin yağlamağa,
Bal verin ballamağa,
Qodu gülmək istəyir.
Qoymayın ağlamağa.
Bu nəğməni oxuyaraq evlərdən pay yığılar.

Odla bağlı atalar sözləri.

Odu su ilə söndürmək olmaz.
Od çərşəbəsində ocağı boş qoymazlar.
Odsuz ocaq olmaz.
Od ilə oynamaq olmaz.
Od yanan yerdən tüstü çıxar.
Od ilə pambığın nə dostluğu?
Od ilə od sönülməz. (çözülməz).
Od düşəndə, yaşda yanar, quruda.
Od söndürər, su yandırar.
Oddan kül törər, küldən nə törər?

Odla bağlı inanclar.

Ocaq yananda səs çıxırsa, deyərlər ki, kimsə sözünü danışır.
Od hisli olarsa, “uzaqdan qonaq gələcək” deyərlər.
Ocaqda kül titrəyəndə “od xeyirə oynayır” deyərlər.
Çərşənbədə ocağı boş qoymazlar.

Odla bağlı alqışlar.

Ocağın odlu, qazanın qaynar olsun.
Ocağınız odlu, eviniz nurlu olsun.
Ağrın, acın odda yansın.
Ocağın sönməsin.

Odla bağlı andlar.

Od haqqı!
Gün haqqı!
Öşığa and olsun!
Çıraq haqqı!
Hər zaman ocağınızın yanar, odunuzun sönməz, eviniz işıqlı olması diləyilə, Od çərşənbəniz mübarək olsun!


AMEA Folklor İnstitutu, “Folklor və yazılı ədəbiyyat şöbəsi”nin
böyük elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev
Femida.az üçün.



Açar sözlər:

Oxunub: 7447