Aida Eyvazlı:`Şamil Basayevlə müsahibə zamanı bizi oğurlayacaqdılar ` - VİDEO


23:25     15 Mart 2017 aida%20xanim%202.JPG


Femida.az -ın müsahibi tanınmış jurnalist Aida Eyvazlıdır.


Aida Eyvazova müsahibəsində Özbəkistanda keçən tələbəlik illərindən, ailə həyatından, Çeçenistan lideri Şamil Basayevlə görüşü zamanı başına gələn hadisələrdən və digər maraqlı məqamlardan danışıb. Femida.az videomüsahibəni təqdim edir:






- Aida xanım, bildiyimə görə ali təhsilinizi Özbəkistanda almısınız. Niyə məhz Özbəkistanı seçdiniz?

- 1981- ci ildə Sumqayıtdakı 23 saylı orta məktəbi bitirdikdən sonra 3 il Azərbaycan Dövlət Universitetinə imtahan verdim. Məni qəsdən imtahandan kəsirdilər. Həmin vaxt bizimlə vəzifəli şəxsin qızı da imtahan verdi. Deyilənə görə, o, 25 min rus pulu verib qəbul olmuşdu. Mən də adi dərzi qızı idim. Universitetə veriləsi pulumuz da yox idi. Yenidənqurma proseslərində atam işləmək üçün Özbəkistana getdi. Ondan sonra mən də oxumaq üçün Özbəkistanı seçdim. Qırmızı Əmək bayraqlı, Lenin ordenli Daşkənd Dövlət Universitetinə daxil oldum. Bununla da Özbəkistanda tələbəlik illərim başladı. Nə yaxşı ki, o günlərimi yaşadım. Özbəklər adət-ənənələrinə çox bağlı xalqdır. Onların bu xüsusiyyətini çox sevirəm.

“Erməni müəllim məni universitetdən qovdurmaq istəyirdi...”

- Özbəkistanla bağlı hansı xatirənizi bu günə qədər unuda bilmirsiniz?

- Belə xatirələr çoxdur...Biri də Sumqayıt hadisələri baş verən ərəfədə oldu. Dayanacaqda avtobus gözləyirdim. Bizim fakültədə dərs deyən bir erməni müəllimə gəlib məndən nə baş verdiyini soruşdu. Cavab verdim ki, ermənilər Sumqayıtda insanları öldürüblər. Qırğınlar törədilib. Həmin müəllimə gedib məndən raport yazdı ki, guyə mən milli ayrı-seçkilik salmışam. Fakültəmizin dekanı Səid müəllimin böyük əməyindən sonra mən universitetdə qala bildim. Yoxsa, erməni müəllimə məni universitetdən çıxartdırmağa çox çalışırdı. Özbəkistanla bağlı xatirələrim çoxdur . Özbəkistanı unutmaq olar ki? Ora mənə çörək verib. Hər günüm bir xatirədir....







- Özbəklər azərbaycanlıları kimlə yaxud, nə ilə tanıyırlar?

- Musiqimizlə və ədəbiyyatımızla. Onlar özləri deyirlər ki, qazandıqları ədəbi-mədəni əlaqələrə görə azərbaycanlılara minnətdardılar. Molla Nəsrəddin jurnalı zamanında Özbəkistanda böyük oyanış edib. Bütün toylarında Azərbaycan musiqiləri çalınır. Günün bu günündə Zeynəb Xanlarova onların ən sevimli müğənnisidir. Onlar bizim dilimizi də çox sevir.

- Bəs siz özbək dilini bilirsiniz?

- Tələbəlik illərimdə öyrənmişəm. Tərcümələr də edə bilirəm. 2004-cü ildə Lider TV-nin Orta Asiya və Özbəkistan üzrə müxbiri, 2006-cı ilə AzTv-nin Qazaxıstan və Orta Asiya ölkələri üzrə xüsusi müxbiri idim. Bu illərdə özbək dilini daha mükəmməl öyrəndim.

“Oğlan uşağı dünyaya gətirmədiyim üçün həyat yoldaşımla ayrıldıq...”

- Sevginizi harada tapdınız ?

- ... Kitablardan çıxıb getmişdim Özbəkistana. O vaxta qədər həyatımda sevgi olmamışdı. Sevgimi də orada tapdım. Atam məni qızımın atasına vermək istəmirdi. O da əslən azərbaycanlı idi. Çox böyük sevgimiz oldu. Amma sonu ayrılıqla nəticələndi. Səbəb isə oğul övladımızın olmaması oldu. O istəyirdi ki, oğlumuz olsun. Amma o məndən ayrılandan sonra başqa biri ilə ailə həyatı qurdu. Həmin evlilikdən də 3 qız övladı oldu. Görürsünüz qismətdən qaçmaq mümkün deyil. Allaha şükür ki, qızım ali təhsilli hüquqşünasdır. Cəmiyyətimiz üçün gərəkli gəncdir.



- Jurnalistikaya gəlişiniz nə vaxt oldu? İlk qonararınız yadınızdadır?

- Uşaq vaxtlarında “Sosialist Sumqayıtı” qəzetinin redaksiyasına gedirdim. O vaxt insanlar jurnalistikanı həqiqətən sevirdi. İndiki kimi işsiz qalanlar kimi jurnalistikaya qaçmırdılar. Ələsgər, Çingiz müəllim, Sevil Bayramova mənə qələm tutmağı öyrədiblər. İlk yazılarım orada çıxırdı. Yazdığımız məqaləyə görə pulu poçtla göndərirdilər. İlk aldığım məbləğ 3 manat olmuşdu... Həmin gün çox sevincli idim. Pulumu aldım, gətirib atama verdim. Atam pulu aldı, öpüb gözlərinin üstünə qoydu. Çünki bu mənim halal zəhmətimin bəhrəsi idi. Özü də çox kövrəlmişdi...

Peşəkar fəaliyyətimə isə 1991-ci ildə Sumqayıtda çıxan və dövrünün məşhur qəzeti olan “168 saat” da başladım. Müstəqilliyin ilk nümunəsi kimi çıxan qəzetin təsisçisi isə Varis müəllim idi. Ən səs-küylü yazılarım da məhz o vaxtlarda oldu. Ondan sonra “Ponarama” qəzetində çalışdım. Ən səs-küylü yazılarım da həmin illərə təsadüf etdi. Çünki bizə böyük imkanar yaradılırdı.


“Müharibənin ən qızğın vaxtı Şamil Basayevlə müsahibə üçün Çeçenistana getdim...”







- Sizinlə bağlı məlumat toplayan zaman Çeçenistan lideri Şamil Basayevlə şəklinizə rast gəldim. Bu görüşün tarixçəsindən danışaq.

- Köhnə dostlarımdan biri məni Şamil Basayevlə müsahibə üçün şərait yaradacağını dedi . Həmin vaxt Ponarama qəzetində işləyirdim. Həmçinin Space Tv-nin Sumqayıt üzrə xüsusi müxbiri idim. Space TV-nin təsisçisi Eldar Namazov idi. Gəldim onun yanına. Dedim, Çeçenistana gedirəm. Eldar müəllim eşidəndə etiraz etdi. Çünki həmin vaxt Çeçenistanda müharibə gedirdi. Sağ qayıtmaq çətin məsələ idi. Uzun söhbətdən sonra onları razı sala bildim. Bu 1999-cu ilin aprel ayı idi. Dostumun köməyi ilə Çeçenistana getdim. Bizi ora aparan adam bizi qoyub, geri qayıtdı. Şamil Basayevin yaşadığı evə yollandıq. O qədər də hündür olmayan bir hasar var idi. Qapıda da kamera quraşdırılmışdı. Bizim qapıya yaxınlaşdığımızı görən bir oğlan qapıya çıxdı. Bizdən kim olduğumuzu və nə istədiyimizi soruşdu.

- Cavab verdim ki, Azərbaycandan gəlmişik, Şamil Basayevdən müsahibə alacağıq. Mühafizəçi dedi ki, Şamil Basayevin müsahibə verməyə vaxtı yoxdur. Özü də barmağını zədələyib. Ona görə də müsahibəyə gəlməyəcək .Oğlana baxdım və dedim ki, o boyda döyüşkən oğul bir barmağa görə müsahibə verməyəcək?

Çox inadkarlıq etdim. Dedim səhərə qədər də olsa, onu gözləyəcəm. Xeyli müddətdən sonra gördük ki, göy rəngdə bahalı bir maşın gəldi. İçərisindən də bir neçə nəfər düşdü. Bir nəfər saqqalı oğlan mənə yaxınlaşdı ki, burada kimi gözləyirik. Haradan gəlmişik?

Dedim ki, jurnalistəm. Azərbaycandan Şamil Basayevlə müsahibə üçün gəlmişik. Həmin adam məndən Şamil Basayevi tanıyıb-tanımadığımı soruşdu.

Ona Şamil Basayevi tanıdığımı və qardaşımın öz oğluna Şamil Basayevin adını qoyduğunu dedim. Aramızda olan kiçik söhbətdən sonra bizi içəri dəvət etdi. Mənə rus dilində dedi ki, müsahibəyə başlaya bilərik. Sən demə, mənim bayaqdan danışdığım adam elə Şamil Basayev özü imiş. Üzünü saqqal tutduğu üçün onu tanıya bilməmişdim.

- Necə insan idi Basayev? Müsahibənizin mövzusu nə oldu?

- Çox yaraşıqlı və mərd biri... Özü də mübarizəsini çox savadlı şəkildə izah edirdi. Dini cəhətdən də çox savadlı idi. Şamil Basayev həqiqətən də çeçen xalqının qəhrəmanıdır. O çeçen xalqının azadlığını istəyirdi. Müsahibəmizin də mövzusu da bunlar idi. Həmin səfər mənim ömürlük xatirəmdə qaldı.



“Səfər zamanı az qala bizi oğurlasınlar...”

- Həyatınıza təhlükə olmadı ki?

- ... Şamil Basayevlə müsahibəni bitirəndən sonra həyətdə dayanmışdıq. Kimsə gəlib, qolumdan tutdu. O dəqiqə ürəyimə gəldi ki, yəqin bizi oğurladılar. Çünki o illərdə adamları oğurlayıb, pul alıb buraxırdılar. Qolumdan tutan oğlan dedi ki, bizi təhlükəsiz yerə aparır. Sonra deməsinlər ki, Şamil Basayevin həyətindən adam oğurlanıb. Həmin səfərdə həqiqətən də bizi oğurlayacaqdılar. Səfər zamanı Cövhər Dudadyevin qardaşı Leçi Dudayev bizim üçün cangüdənlər düzmüşdü. Onlar bizi sona qədər mühafizə etdilər.

- Başqa unudulmaz müsahibləriniz kimlər olub?

- ... Respublika Baş Prokurorluğunun Nəzarət Təşkilat İdarəsinin rəisi İdris Əsgərov unutmadığım insanlardan olub. Bu yaxınlarda o 89 yaşında dünyasını dəyişdi. Həyatımda o insanın rolu çox olub. Allah ona rəhmət etsin. Bir baxışı ilə insana çox şeyi öyrədərdi. Bundan əlavə vəkil Həqiqət Hüseynova mənim idealım olub. Ona Anya xanım deyirdilər. Evinin qapısı hər kəsə açıq idi. Bu gün nə olursa, onunla məsləhətləşirəm...







- Səhv etmirəmsə, keçən il Ali Media mükafatına layiq görüldünüz. Almaq istədiyiniz hansı mükafat var?

- Türk dünyasının ödülünü almaq istəyərəm. Özümü təkcə Azərbaycana məxsus hesab etmirəm. Bütün türk dünyası mənimdir. Atam Atatürkün adını eşidəndə həmişə ağlayırdı. 1982-ci ildə şair Şahmar Əkbər Türkiyədən bir veriliş çəkmişdi. Həmin verilişə baxanda atam hönkürtü ilə ağladı. Çünki o vaxtlar türklərin adının Azərbaycanda çəkilməsi bir qədər qəribə səslənirdi. Məndə türkçülük sevdası məhz atamdan keçib.

- Qadağan olunan yazılarınız olub?

- Yox, heç vaxt olmayıb. Heç təkzib də verməmişəm. Bu gün də mənə qadağa yoxdur...



- Sizi bu gün həm də şəhidlərin həyatını işıqlandıran jurnalist kimi tanıyırıq. Çətin deyil ki, o qədər ağrılı taleləri yazmaq?

- ... Şəhidlərin həyatını yazmağa hələ 90-cı illərdən başlamışdım. Daha sonra aprel müharibəsi zamanı hərbçilərimizin göstərdiyi qəhrəmanlıq yenidən məni yazmağa məcbur etdi. Aprel döyüşlərində iştirak edən hər bir kəs qəhrəmandır. Şəhidi də, yaralananı da, sağ-salamat olanı da. Hətta həmin gecə əsgərlərə yemək bişirən qadınlar da qəhrəmandır. Onların həyatını yazmaq çox çətindir. Hər dəfə o taleləri yazandan sonra özümə gələ bilmirəm. Bəzən bir yazını yazarkən günlərlə ağlayıram. Aprel döyüşləri saçlarımı ağartdı. Bir dənə də olsun qara saçım qalmayıb... Allahdan möhlət istəmişəm ki, o qəhrəmanların həyatını yazmağa mənə ömür versin.

- Raquf Orucov kimdir sizin üçün?

- Raquf Orucov mənim üçün torpaqdır, Vətəndir, Milli Qəhrəmandır. Mən Orucovu indiyə kimi tanımamışdım. Onun nəşi Sumqayıta gətiriləndə mən də evinə getdim. Birinci dəfə idi görürdüm ki, əsgər öz komandirini alqışlarla son mənzilə yola salırdı. Həmin vaxt mən göylərdə idim...

- Sizin həsəd çəkdiyiniz imzalar var?

- ... Aydın Canıyev yazanda qələmi yerə qoymaq istəyirəm. Utanıram onun yanında yazmağa. O gün Azər Rəşidoğlu “Jurnalistikaya rekviyem” adlı yazı yazmışdı. Dedim ki, ay Allah, mən niyə belə yaza bilmirəm?... Mətbuatda yaxşı imzalar çoxdur.

- Sizin Ötükən və Kür Şad dastanınızı oxudum. Necə yarandı bu dastan?

- ...Monqolustanda yerləşən Bayan Aqut kəndində Göytürklərin sarayı haqda eşitmişdim. Ən böyük arzum da həmin məqbərəni görmək, ziyarət etmək idi. Bir gün Beynəlxalq Türk Akademiyasından mənə zəng gəldi ki, oraya ekspedisiya olacaq. Mənim də adım siyahıda var. Xəbəri eşidəndə sevincimdən sanki uçurdum. Nəhayət səfərimiz avqust ayında baş tutdu.






- ... Kutluq Xaqan Ötkən deyilən yaylaqda yerləşir. Mən orada Tonyukük əli ilə yazdığı daş kitabı görüdüm. Başa düşdüm ki, bizim kitabımız hamıdan əvvəl olub. Bu səfərdən sonra siz deyən dastanı yazdım...

- Yazılarınız kimi özünüz də maraqlı insansınız. Eşitdiyimə görə, “oğru” dostlarınız var. Nə dərəcədə doğrudur bu?

- Oğru dostumla münasibətim Sumqayıtda baş verən bir hadisədən sonra yaranmışdı. Bir gün Space tv- də işlədiyim vaxtlar idi. İşə gedirdim. Avtobusdan düşəndə gördüm ki, pul kisəm yoxdur. Ağlıma ilk gələn “oğru” dostuma zəng etmək oldu. Ona telefonda başıma gələnləri dedikdən bir saat sonra pulumu tapıb, mənə qaytardı. Bu hadisədən sonra dostluğumuz daha da dərinləşdi. O mərd adam olduğu üçün onunla dostluq edirəm... Hazırda o xaricə yaşayır. İstəyir ki, onun həyat yolundan kitabı da mən yazım. Hələki fikirləşirəm.


Miri Məcidli
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov
Femida.az

Açar sözlər:

Oxunub: 22870