Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb


00:01     18 Mart 2017 14897580963030144163_1000x669_1489758817.jpg

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ilə görüşüb.



Görüşdən öncə İran islam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrin genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini vurğulayıb. Bildirilib ki, son 3 ildə yüksək səviyyəli 8 görüş keçirilib, 40-dan çox sənəd imzalanıb, 30 işgüzar tədbir keçirilib. Nazir Şahin Mustafayev qeyd edib ki, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin İranın Ərdəbil və Urmiya vilayətlərinə səfəri çərçivəsində İranın regionları ilə əməkdaşlıq geniş müzakirə edilib, bu məqsədlə bir sıra ikitərəfli görüşlər, biznes forumlar keçirilib, 4 anlaşma memorandumu imzalanıb. Səhiyyə, maliyyə, bank, nəqliyyat, ticarət sahələrində mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev qeyd edib ki, 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 70 faizədək artıb. Hazırda Azərbaycanda fəaliyyət göstərən 500-dən çox İran şirkəti ölkəmizdə yaradılmış əlverişli biznes imkanlarından yararlanmaqla uğurla fəaliyyət göstərir.

İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi son zamanlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb, İran nümayəndə heyətinin Azərbaycana növbəti səfəri çərçivəsində keçirilən görüşlərin və aparılan müzakirələrin əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsinə, hazırda ölkələrimiz arasında birgə reallaşdırılan layihələrə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Açar sözlər:

Oxunub: 1016