Sofiyada Novruz bayramı qeyd olunub


00:50     23 Mart 2017 img-0727.jpg

Sofiya şəhərinin nüfuzlu məkanlarından olan Mərkəzi Hərbi Klubda Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.


Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyindən Femida.az-a verilən məlumata görə, tədbirdə, Bolqarıstan prezidentinin, vitse-prezidentinin və baş nazirinin ofislərinin rəhbərləri və əməkdaşları, xarici işlər, iqtisadiyyat və energetika nazirliklərinin yüksək vəzifəli rəsmiləri, Müqəddəs İvan Rilski adına Mədən və Geologiya Universitetinin rektoru L.Totev, Yepiskop Konstantin Preslavski adına Şumen Universitetinin rektoru Q.Kolev, İvan Vazov adına Milli Teatrın direktoru M.Donkin, Müqəddəs Kiril və Metodi adına Milli Kitabxananın direktoru K.Aleksandrova, bir sıra dövlət qurumlarının təmsilçiləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbər və əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, Azərbaycanlı tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Bolqarıstan ictimaiyyətinin nümayəndələri, o cümlədən tanınmış elm, mədəniyyət, incəsənət xadimləri və iş adamları iştirak ediblər.

Tədbirdə fəxri qonaq qismində Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska qonaqları salamlayaraq Novruz bayramının bəşəriyyətin ən qədim şənliklərindən biri olduğunu söyləyib və yeni gün, yeni həyat mənasını daşıyan Novruzda həyatın canlandığını, gecə ilə gündüzün bərabərləşdiyini və yeni həyatın başladığını qeyd edib.

Novruz bayramının zəngin tarixi, əhəmiyyəti və xalqımızın milli - mənəvi həyatında oynadığı rolu vurğulayan S.Şıqayeva-Mitreska bu bayramın təkcə Azərbaycanda deyil, Şərqi Avropadan Çinə qədər böyük bir ərazidə, xüsusilə Qafqaz, Orta Asiya, Yaxın Şərqdə bir çox xalq tərəfindən qeyd olunduğunu iştirakçıların diqqətinə çatdırıb.

Sonra çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Azərbaycan və bolqar xalqlarının sevimli bayramlarının məhz mart ayında keçirildiyini, baharın gəlişinin bolqar xalqı tərəfindən 1 mart tarixində “Baba Mart”a bayramı ilə qeyd edildiyi bir zamanda Azərbaycan xalqının Balkanlar, Qara dəniz hövzəsi, Qafqaz və Mərkəzi Asiya daxil olmaqla, bir çox ölkənin mədəniyyətinə xas ən əhəmiyyətli festivallardan olan Novruz bayramına hazırlıqları davam etdiyini vurğulayıb.

Sevgi, hörmət və ehtiramla bağlı olan Novruzun insanlar arasında əlaqələrin gücləndirilməsi dövrü kimi də xarakterizə edən N.Qurbanova bayram ərzində ailələrin bir-birlərinə baş çəkdiklərini və hədiyyə olaraq şirniyyat təqdim etdiklərini, bayram ərzində Bakı və Azərbaycanın əksər şəhərlərində ənənəvi oyunlar və yarışlar keçirilməklə açıq səma altında festivalların təşkil olunduğunu bildirib.


2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilən Novruz bayramının beynəlxalq əhəmiyyət qazandığını qeyd edən diplomat məhz Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin "Beynəlxalq Novruz günü" kimi elan olunduğunu diqqətə çatdırıb.


Səfirin çıxışından sonra məşhur bolqar bəstəkarı və dirijoru Kirill Lambovun rəhbərlik etdiyi musiqi orkestrinin ifasında Azərbaycan klassiklərinin "Sevgi valsı", “Coş Dənizim”, “Pəncərəmə qondu çiçək”, “Sənə də qalmaz”, “Axşam mahnısı” və “Tez gəl” kimi əsərləri, lirik mahnıları və milli musiqimizin inciləri səsləndirilib.

Tədbirin sonunda səfirlik tərəfindən təşkil olunan ziyafətdə qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

Tədbir çərçivəsində səfir Nərgiz Qurbanova Bolqarıstan Milli Radiosunun türkdilli xidmətinə müsahibə verib.

Tədbir və Novruz bayramının Azərbaycanda böyük təntənə ilə keçirilməsi ənənəsi Bolqarıstanın çoxsaylı KİV-də geniş işıqlandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1065


Oxşar xəbərlər