Şəkiyə 10 min turist gəlib


23:56     22 Mart 2017 14901863371766229234_1000x669.jpg

Hər il olduğu kimi, bu il də Novruz tətili günlərində Şəkiyə gələn turistlərin sayında artım müşahidə olunur. Tətilin ilk günlərində Şəkiyə 10 minə yaxın turist gəlib. Bayram günlərinin hələ davam etdiyini nəzərə alsaq, tətilin sonunadək bu rəqəmin daha da artacağı gözlənilir.


Bu barədə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova məlumat verib.

İdarə rəisinin bildirdiyinə görə, hazırda Şəkidə 15-dən artıq mehmanxana və turizm-istirahət kompleksi fəaliyyət göstərir. Bu turizm obyektlərində yerlərin ümumi sayı 3 minə yaxındır. Bayram günlərində mehmanxanalarda boş yer tapmaq demək olar ki, mümkün deyil. Bundan əlavə, son vaxtlar fərdi evlərdə qalmaq istəyənlərin sayı da xeyli artıb.

Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən muzey və karvansaraylar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayı yerli və xarici turistlərin daha çox marağına səbəb olur. Tətil günlərində şəhərə turist axınını nəzərə alaraq, qoruğun ərazisindəki bütün muzeylərin, o cümlədən Xan sarayının qapıları səhər saatlarından başlayaraq axşam hava qaralanadək qonaqların üzünə açıq olur. Xarici turistlər arasında Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Rusiya və İrandan gələn qonaqlar üstünlük təşkil edir. Turistlər Novruz bayramı münasibətilə qoruğun ərazisində, eləcə də şəhərin ayrı-ayrı məhəllələrində təşkil edilən şənliklərdə iştirak edir, xalqımızın qədim adət-ənənələri ilə yaxından tanış olurlar.

Əbuqasım Bədəl xanımı ilə birlikdə Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən gəlib. Şəkidən əvvəl paytaxt Bakı şəhəri və Qəbələdə olublar. Xarici turistin dediyinə görə, Şəkinin havası, iqlimi, təbiət gözəllikləri, tarixi məkanları onun çox xoşuna gəlib. Xüsusilə Şəki xanlarının sarayı onları valeh edib. O bildirib ki, bu saray Şəkinin necə zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiq edir. (AzərTAC)

Femida.az

Açar sözlər:

Oxunub: 881