London terroru: 5 ölü, 40 yaralı - YENİLƏNİB


13:22     23 Mart 2017 terrores.jpg

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.


Bu barədə BBC London polisinə istinadən xəbər verib.

Hadisə nəticəsində yaralananların sayı isə 40-a çatıb. “Hazırda yaralıların sayı 40 nəfərdir. Onlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir. Ümumilikdə hadisə nəticəsində 1 polis əməkdaşı daxil olmaqla 5 nəfər həyatını itirib”, deyə Skotland-Yardın terrora qarşı mübarizə bölməsinin rəisi Mark Rouli bildirib.

London polisinin nümayəndəsi həmçinin bildirib ki, terror aktını törədən şəxsin kimliyi hazırkı mərhələdə açıqlanmayacaq.

Bundan əvvəl 4 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilirdi.

***

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Bundan əvvəl 1 qadının öldüyü bildirilirdi.

Bu gün Londonun Vestminster körpüsündə və Böyük Britaniya parlamentinin yaxınlığında iki silahlı insident baş verib.

London polisi baş verən hadisəni terror aktı kimi qiymətləndirib.

***

20:01

London polisi parlament binası yaxınlığında baş verən hadisəni terror olayı kimi qiymətləndirib.

TASS agentliyinin verdiyi məlumata görə, bu, London polisinin “Twitter” sosial şəbəkəsindəki səhifəsində qeyd edilib.

“Sky News” telekanalı isə Vestminster körpüsündə, parlament yaxınlığında baş verən olayların əlaqəli olduğu barədə məlumat yayıb.

Məlumata görə, bir nəfər avtomobili körpü üzərindəki insanların üzərinə sürüb, bir neçə nəfəri vurub və parlamentə yaxınlaşıb. Daha sonra avtomobildən düşən şəxs parlament binası yaxınlığında bir polisi bıçaqlayıb. O, digər polislər tərəfindən güllələnərək zərərsizləşdirilib.

***

19:07

Böyük Britaniyanın Parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verən silahlı insident nəticəsində 12 nəfər yaralanıb.

Femida.az xəbər verir ki, bu barədə məlumatı `Reuters` agentliyi yayıb.

Qeyd olunur ki, Parlament binasına gələn yollar, yaxınlıqdakı metro stansiyası bağlanıb.





Femida.az

Açar sözlər:

Oxunub: 1977