“Bir var öpüşmək, bir də var...” – Hüquqi ŞƏRH


14:14     30 Mart 2017 kissmetro1.jpg

“Elə öpüşmək növü var ki, cinayət məsuliyyətinə səbəb ola bilər”


Bunu Femida.az-a açıqlamasında hüquqşünas Loğman Abdullayev deyib.

Loğman Abdullayev bildirib ki, öpüşmək hər bir xalqın mental dəyərləri ilə ölçülür. Bunu hansısa administrativ qanunla tənzimləmək mümkünsüzdür:

“Ümumiyyətlə götürsək, metroda, yaxud da digər ictimai yerlərdə bir-birinə sevgilərini ifadə etmək məqsədilə öpüşən iki gəncin hərəkətində heç bir qanun pozuntusu yoxdur. Lakin öpüşmək seksual xarakterli davranışlarla müşayiət olunursa, bədənin digər nahiyələri əzişdirilirsə, bu, artıq qanun pozuntusu hesab edilir. Yəni ya inzibati qaydada cərimə olunurlar, ya da xuluqanlıq elementləri olduqda Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi açıla bilər. Bunu sübut etmək üçün isə araşdırılma aparılmalıdır. Görüntülər lentə alınıbsa, videokadr diqqətlə yoxlanmalıdır. Araşdırılsa ki, bu, sırf sevgililərin öz məhəbbətinin ifadəsidir, heç bir qanun pozuntusu yoxdur. Yox əgər öpüşmə yuxarıda qeyd etdiyim hərəkətlərlə müşayiət olunsa, bu, artıq ictimai yerlərdə olan digər şəxslərə qarşı edilmiş hörmətsizlikdir”.

Qeyd edək ki, Bakıdakı metro stansiyaların birində iki gəncin öpüşməsi və sərnişinlərdən birinin buna görə narazılıq ifadə etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sözügedən sərnişin öpüşən gənclərə iradlarını bildirərək onları qatardan qovmağa cəhd edib.

Ceyhun
Femida.az

Açar sözlər:

Oxunub: 6404