Gəmi səyahətlərində elektron biletlərə maraq artır


23:58     30 Mart 2017 gemi_300317_01_14908809444.jpg

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müştərilərə təqdim etdiyi elektron bilet xidmətinə maraq çoxalıb.


QSC-dən Femida.az-a verilən məlumata görə, cari ilin yanvarında 39, fevralında 43 bilet onlayn qaydada alınıb. Martda isə ümumilikdə 45-dən çox bilet onlayn qaydada alınıb ki, onların da 23-ü ikitərəfli olub.

Qeyd edək ki, Gəmiçilikdə onlayn bilet satışı sistemi 2016-cı ilin sentyabrından tətbiq edilir. O vaxtdan ümumilikdə onlayn qaydada 209 bilet sifariş olunub. Bu biletlərin böyük hissəsini (140 ədədini) ikitərəfli sifarişlər təşkil edib.

Onlayn bilet sifarişi edənlərin əksəriyyəti Türkiyə vətəndaşlarıdır. Gediş-gəlişin ən çox müşahidə olunduğu istiqamətlər isə Aktau-Ələt, Ələt-Aktaudur. Satılan biletlərin cəmi 6-sı Bakı-Türkmənbaşı istiqamətində olub.

Elektron bilet xidməti ölkəmizdən keçən beynəlxalq nəqliyyat marşrutlarına cəlbediciliyin yüksəldilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması məqsədi ilə gerçəkləşdirilir. Üstəlik, bu xidmət daha güvənli və sərfəlidir. Müştəri hər hansı vasitəçiyə müraciət edib əlavə pul ödəmək məcburiyyətində deyil.

Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından da çox əlverişlidir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır.

Xatırladaq ki, xidmətdən yararlanmaq üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin internet saytında onlayn ödəniş üçün müvafiq xanalar doldurulmalıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 842