TV-lər qadağan olunmuş reklamla məşğuldur - Süni mayalanmanın reklamı nəyə xidmət edir?


21:38     11 Aprel 2017 mayalanma.jpg

Dünyanın ən ciddi problemlərindən birinə çevrilən sonsuzluq Azərbaycanda da var. Son dövrlər təbii yolla valideyn ola bilməyənlərin süni yolla övlad sahibi olması reallaşır. Bu isə tibb sahəsində süni mayalanma adlanır. Azərbaycanda süni mayalanma prosesi qanunla qadağan olunmasa da, süni mayalanmanın kütləvi informasiya vasitələri və digər vasitələrlə reklamı rəsmən qadağandır.



Belə olan hallarda KİV-lər süni mayalanmanı necə reklam edir? Onlar buna görə hansı məsuliyyət daşıyır?

Femida.az –ın suallarını cavablandıran hüquqşünas Ruslan Vəliyev qeyd edir ki, süni mayalanmanın reklamı qadağandır.





“ KİV-lərdə reklam qaydaları Reklam haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin qanunun 29.5 maddəsində göstərilir ki, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır. Azərbaycanda qanunsuz süni mayalanma da qadağan edilir.”

Qanunla qadağan olunan reklam vasitələrini yayımlayan şəxsləri hansı cəza gözləyir?

Hüquqşünas Ruslan Vəliyev qeyd edir ki, qadağan olunan reklamları yayımlayan şəxslərin cəriməsi də müxtəlifdir.

“ İnzibati Xətalar Məcəlləsinin 428 –ci maddəsində reklam haqqında qanunvericiliyin pozulması zamanı yaranan məsuliyyət öz əksini tapıb.
Reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Nəzərdə tutulmuş əməllərin teleradio yayımçısı tərəfindən törədilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.”

Qanundan da göründüyü kimi süni mayalanmanın açıq-aşkar reklam edilməsi qadağan olunur. Bəs, yerli KİV-lər buna niyə əməl etmir. Femida.az qanunun bəndlərinin pozulduğu halları faktlarla təqdim edir:

Xəzər TV hazırladığı xüsusi buraxılışda birbaşa yerli klinikaların birində keçirilən süni mayalanmanı reklam edir.




Xəzər TV-nin hazırladığı digər bir sujet isə başqa bir klinikada aparılan süni mayalanmanı təbliğ edir:



Hətta dövlət televiziyası olan AzTv belə süni mayalanmanı reklam və təbliğ edən proqrama yer ayırıb.




Lider televiziyası da hazırladığı sujetdə süni mayalanma haqqında daha ətraflı məlumat verir və bunun cəmiyyət üçün müsbət nəticə verəcəyini işarə edir.



Süni mayalanma ilə bağlı təbliğatı aparan növbəti televiziya Azad Azərbaycan Televiziyasıdır.



Femida.az məsələ ilə bağlı Səhiyyə nazirliyi ilə də əlaqə saxlayıb. Qurumun Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova qeyd edib ki, süni mayalanma aparmaq üçün klinikalar xüsusi icazə almalıdırlar.




“ Sizin qeyd etdiyiniz məsələyə nəzarəti biz etmirik. Misal üçün reseptlə satılan dərmanların reklamına əvvəllər biz icazə verirdik. Amma bu gün bu bizim səlahiyyətimizdə deyil. Ona görə də süni mayalanma ilə bağlı reklama biz nəzarət edə bilmirik. Burada nəzarət birbaşa KİV rəhbərlərinindir.”

Məsələ ilə bağlı Milli Televiziya və Radio Şurası Aparat rəhbəri Toğrul Məmmədov Femida.az -a açıqlama verib. Onun sözlərinə görə belə bir faktla indiyə kimi rastlaşmayıblar.





“ Süni mayalanmanın reklam çarxı formasında yayımlanması qanunla qadağandır. Biz belə bir halla qarşılaşsaq, dərhal qanuni tədbirlər görəcəyik”



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 5063