• Ana səhifə / Manşet

Xəbər lenti

Ən çox öldürülən türk diplomatlardır ARAŞDIRMA


Tarix 20.12.16, 11:05


Dünyada son əlli il ərzində baş verən terror aktları nəticəsində on minlərlə insan həlak olub. Ən pisi isə budur ki, bu hadisələrin əksəriyyəti xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər önünüdə baş verib.


Apardığımız araşdırmalardan belə nəticəyə gəlmək olur ki, yeni əsrin başlanğıcından bu yana ABŞ, İran, Əfqanıstan, Pakistan, Suriyada fəaliyyət göstərən səfirliklər, yaxud bu ölkələrin digər ölkələrdə fəaliyyət göstərən konsulluqlarına daha çox hücum edilib. Maraqlısı odur ki, Türkiyə bu siyahıda ilk yerdə qərarlaşıb.

Femida.az 2000-ci illdən bugünümüzə qədər səfirliklərə edilən hücumları təqdim edir. Onu da demək lazımdır ki, Türkiyədə Ədalət və İnkişaf Partiyası iqtidara gəldikdən sonra diplomatik nümayəndəliklər önünüdə baş verən terrorların sayı çoxluq təşkil edib.

İngiltərənin İstanbuldakı Konsulluğu - 2003-cü il, 15 noyabr

2003-cü il noyabrın 15-də səhər saatlarında İstanbulda arxa-arxaya iki terror törədilib. Hadisə nəticəsində 27 nəfər ölüb, 669 nəfər isə yaralanıb. Terror aktının törədildiyi məkanlardan biri İngiltərənin İstanbuldakı Konsulluğunda baş vermişdi.

Konsulluğa təşkil olunan terror aktında Böyük Britaniyanın İstanbuldakı Baş konsulu Rocer Şort da həyatını itirmişdi. Bunula yanaşı iki nəfər polislə bərabər 16 nəfər həyatını itirib.



Türkiyənin Parisdəki səfirliyi – 2006-cı il, 17 İyun

17 İyun 2006 Türkiyənin Parisdəki səfirliyinə hücum edilmişdi. Üç nəfər Konsulluğun binasının qarşısına molotov kokteyli ataraq hadisə yerindən uzaqlaşmışdırlar.



ABŞ-ın İstanbuldakı konsulluğu - 2008-ci il, 9 iyul

2008-ci il iyulun 9-da ABŞ-ın İstanbuldakı konsulluğunun önündə baş vermiş hücumda 1 mühafizəçi, 2 yol polisi, 3 hüquq mühafizə işçisi həyatını itirdi, 1 polis isə yaralanamışdı. üç silahlı şəxs isə öldürülmüşdür. Digər bir terrorçu isə yaralı olaraq hadisə yerində yaxalanmışdı



ABŞ-ın Adanada konsulluğu - 2010-cu il, 1 fevral

1 fevral 2010-cu ildə Adanada ABŞ Konsulluğuna keçirilən hücumu "Əl-Qaidə"terror təşkilatı həyata keçirib. Terror aktını "Əl-Qaidə" təşkilatını 6 nəfər həyata keçirib. Əməliyyat nəticəsində 21 nəfər göz altına alınmış, 16 nəfər isə həbs edilmişdi.



Türkiyədəki Ukrayna konsulluğu – 2010-cu il 9 mart

İstanbuldakı Ukrayna konsulluğuna silahlı hücum olunub. Naməlum şəxs konsulluğun binasına zorla girməyə cəhd edib, lakin mühafizəçilərin atəşi nəticəsində zərərsizləşdirilib. Naməlum şəxs açılan atəş nəticəsində yaralanıb və xəstəxanaya çatdırılıb. Axtarış zamanı şəxsin üzərində saatlı bomba mexanizmi aşkarlanıb. ücum edən şəxs saatlı bomba mexanizmi ilə silahlanıb. Ukrayna konsulluğunun yerləşdiyi ərazidə insanların evakuasiyası aparılıb. İstanbul meri Müəmmər Gülər bəyan edib ki, hadisə siyasi xarakter deyil, şəxsi xarakter daşıyır.



Benqazidə Türkiyə konsulluğu – 2011-ci il, 6 aprel

Liviyanın Benqazi şəhərində Türkiyə konsulluğuna bir qrup naməlum şəxs hücum edərək, binanın qapılarını söküb. Onlar Türkiyədən heç bir yardım gözləmədiklərini və dissidentlərin təşkil etdikləri şuranın üzvləri olduqlarını bəyan ediblər. Naməlum silahlı gənclər daha sonra konsulluqdakı Türkiyə bayrağının endirilməsini tələb edib. Tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, bu cür halları mütəmadi olaraq davam etdirəcəkləri ilə hədələyiblər.

Dissident qrup üzvlərinin qəzəblənməsinə əsas səbəb isə Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın onlara dəstək olmaması və onların silahlanmasına qarşı çıxması olub. Qrup üzvlərinin nümayəndəsi Muhamməd Bayku Ərdoğanın bu bəyanatından məyus olduqlarını və Ərdoğana Liviya xalqının yanında yer alması üçün müraciət etmişdi. Baş nazir Liviya müxalifətinin silahlandırılmasının əleyhinə olduğunu bildirib.



Suriyada Türkiyə səfirliyi - 2011-ci il, 13 noyabr

Suriyanın paytaxtı Şamda Türkiyə səfirliyinin binasına hücum edilib. Binanın qarşısında toplanan Bəşər Əsad tərəfdarları Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Polis səfirlik binasına daş atan nümayişçilərə müdaxilə edərək göz yaşardıcı qazlardan istifadə edib.

Səfirlik önündəki nümayişin 2 saata yaxın davam etdiyini deyən səlahiyyətlilər anoloji hadisənin Hələbdəki Türkiyə Baş Konsulluq və Lazkiyədəki Türkiyə Fəxri Konsulluğu qarşısında da baş verdiyini bildiriblər.

Hələb Baş konsulluğu qarşısında toplanan nümayişçilər binanın bağçasına girərək Türkiyə bayrağını endirməyə çalışıblar. Nümayişçilər konsulluq binasının şüşələrini qıraraq Türkiyə bayrağını yandırıblar.



Türkiyədə Suriya səfirliyi - 2012-ci il, 4 fevral

200 suriyalının öldürülməsinə etiraz etmək məqsədi ilə Türkiyədə Suriya səfirliyi önündə etiraz aksiyası keçirilən zaman şəxsiyyətləri məlum olmayan 5 nəfər üzərində molotof kokteyli ələ keçirilib. Hadisə ölüm faktı olmadan başa çatıb.



Benqazidə ABŞ konsulluğu – 2012-ci il, 13 sentyabr

Liviyanın Benqazi şəhərindəki ABŞ konsulluğuna hücum nəticəsində səfir KristoferStivens və daha 3 konsulluq əməkdaşı həyatını itirmişdi.

Hadisə ilə bağlı açıqlamalarda bildirilirdi ki, 50 nəfərlik silahlı qrup Amerikada yayımlanan “Müsəlmanların məsumiyyəti” adlı filmə etiraz əlaməti olaraq aksiyanı keçiriblər. Filmdə Məhəmməd Peyğəmbəri təhqir edən məqamlar var idi. Səfirliyi yandıran etirazçılar bir neçə diplomatı da qətlə yetirmişdilər.



Sudanda Almaniya konsulluğu – 2012-ci il, 14 sentyabr

Məhəmməd Peyğəmbəri təhqir edən kadrların olduğu “Müsəlmanların məsumiyyəti” adlı filmə etiraz məqsəd ilə Almaniyanın Sudandakı konsulluğu önündə də baş vermişdi. Sudanlı etirazçılar Alman bayrağını endirib əvəzində islami qrupların bayrağını asmışdı.



İstanbulda İran konsulluğu - 2012-ci il, 5 oktyabr

Türkiyənin İstanbul şəhərində İran konsulluğuna hücum olub. Konsulluq molotof kokteyli ilə hücuma məruz qalıb. Konsulluq binasına yandırıcı maddə dolu şüşəni atan Cavad Bişetab adlı iranlı İranın xarici siyasətinə etiraz olaraq bu addımı atıb. Hücum nəticəsində konsulluğun viza şöbəsinin giriş qapısını yararsız hala düşüb. Saxlanılan şəxsin mart ayında Ankarada İran səfirliyinə molotof kokteyli ilə hücum edən şəxs olduğu və 10 il əvvəl İrandan sürgün edildiyi məlum olub.



İranın Danimarkadakı səfirliyi – 2012-ci il, 12 sentyabr

50 nəfərdən ibarət olan bir qrup şəxs İranın Danimarkadakı səfirliyinin binasına girərək diplomatik korpusun binasının şüşələrini qırıblar və divarlara Tehran rejimi əleyhinə şüarlar yazıblar. İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əhməd Baxşeyş hadisədən sonra bilidirib ki, İranın Almaniyadakı səfirliyinə təşkil edilən hücumun bir növ davamıdır. Hücum zamanı səfirlik binasında heç bir polis olmayıb. Səfirliyin işçiləri diplomatik korpusa ehtimal olunan hücumla bağlı xəbərdarlıq etmişdilər”.



Tripolidə Rusiya səfirliyi – 2013, 3 oktyabr

Tripolidə Rusiya səfirliyi atəşə məruz qalıb və səfirliyin ərazisinə daxil olma cəhdi edilib. Hadisə zamanı Rusiyalı diplomatların heç biri zərər çəkməyib. Onu da dyək ki, BMT Təhlükəsizlik Şurasında 2012-ci il fevralın 5-də Suriya üzrə keçirilən səsvermədə Moskvanın mövqeyinə etiraz olaraq Tripolidə icazəsiz aksiya keçirilib.



Mosulda Türkiyə konsulluğu – 2014-cü il, 11 iyun

İraqın şimalındakı Mosul şəhərində Suriya mənşəli İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı Türkiyənin baş konsulluğuna hücum edərək konsulluğun binasını ələ keçirib və baş konsul Öztürk Yılmaz da daxil olmaqla 49 nəfəri girov götürüb. Girov götürülənlərin arasında diplomatların ailə üzvləri, o cümlədən 3 uşaq da olub.



Əfqanıstanda Britaniya səfirliyi - 2014-cü il, 27 noyabr

Əfqanıstanın paytaxtı Kabildə terrorçu kamikadzenin özünü Böyük Britaniya səfirliyinin qarşısında partlatması nəticəsində ümumilikdə 5 nəfər həlak olub.
Ölənlərdən biri Britaniya vətəndaşı, digərləri isə yerli sakinlər olub. Terror aktına görə məsuliyyəti Taliban qruplaşması öz üzərinə götürüb.



ABŞ-ın Yəməndəki səfirliyi – 2014-cü il, 28 senyabr

ABŞ-ın Yəməndə yerləşən səfirlik binası 200 metr məsafədən tank əleyhinə istifadə edilən “M72” qumbaraatanlarından atəşə tutulub. Hücum nəticəsində 2 mühafizəçi aldığı qəlpə yaralarından dünyasını dəyişib. Cinayətkarlar isə hadisəni törətdikdən sonra dərhal avtomobillərinə minərək ərazidən uzaqlaşıblar. Əvvəlcə hücumun kim tərəfindən həyata keçirildiyi bilinməsə də, “Əl Qaidə” terror qruplaşmasının qolu olan “Ənsərəş Şəriə” hücuma görə, məsuliyyəti öz üzərinə götürüb. Hadisədən sonra ABŞ isə Yəməndəki vətəndaşlarını dərhal geri çağırıb və ölkədəki diplomatların sayını azaldıb.



Qətərdə ABŞ səfirliyi – 2015-ci il, 10 aprel

Qətərin paytaxtı Dohada ABŞ səfirliyinə hücum edilib. Amerikanın diplomatik nümayəndəliyinə basqın edən şəxsiyyəti məlum olmayan şəxslər səfirliyin mühafizəçisi yaralayıb. Hücum edən şəxs həbs edilib. ABŞ-ın Qətərdəki səfirliyi bu ölkədəki amerikalılara diqqətli olmağı, insanların çox olduğu yerlərdən uzaq durmağı, öz hərəkət marşrutlarını əvvəlcədən və dəqiqliklə planlaşdırmağı və xarici görünüşə görə ətrafdakılardanfərqlənməməyi tövsiyə edib.



Türkiyənin Hollandiyadakı səfirliyi - 2015-ci il, 21 iyul

Türkiyənin Şanlıurfa şəhərində baş verən terrora etiraz etmək istəyən bir qrup şəxs Hollandiyada səfirlik binasına hücum ediblər. Şüarlar səsləndirən etirazçılar səfirlik binasına daxil olmaq istəyiblər. Ancaq polis müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb. Etirazçılar binanın şüşələrini daşlayaraq sındırıblar.



Türkiyədə ABŞ konsulluğu - 2015-ci il, 10 avqust

Türkiyənin Sarıyer şəhərindəki ABŞ konsulluğunun binasına naməlum şəxslər tərəfindən silahlı hücum olub. Hücum edənlər iki qadın olub.Terrorçu Konsulluğun qarşısında növbədə olan polislərə atəş açıb. Polislər qadın terrorçulardan birini yaralayıb. Yaralı terrorçu yaxınlıqdakı evə girib. Keçirilən əməliyyatla terrorçu qısa vaxtda həmin evdə yaxalanaraq, xəstəxanaya çatdırılıb. Hadisədən sonra konsulluğun binasında bomba axtarışı ilə bağlı əməliyyat keçirilib.



Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində silahlı şəxs tərəfindən güllələnib. Xəstəxanaya yerləşdirilən səfir oradaca vəfat edib. Qatil isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib. Rusiya XİN cinayət hadisəsini terror aktı kimi dəyərləndirib. Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi qaldırıb.


Oğuz Altay
Femida.az


Xəbərin oxunma sayı : 8059









Araşdırma
img

Abituriyentlərin öldüyü qəzanın görüntüləri - VİDEO

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img